Naxçıvanlı şagirdlərin beynəlxalq uğurları davam e...
15:00 21.04.2026
0
0
1
NAXÇIVAN :
21 Aprel 2026, Çərşənbə axşamı
Azərbaycan dövlətinin çoxvektorlu xarici siyasəti onun eyni anda həm regional, həm də qlobal miqyasda böyük dəstək və etimad görməsini şərtləndirir. Təsadüfi deyildir ki, respublikamız bu gün dünyanın həm siyasi, həm də iqtisadi cəhətdən böyük nüfuza malik ölkələri ilə enerji, ticarət, nəqliyyat daşımaları, müdafiə, humanitar sahələrdə güclü əməkdaşlıqlar edir. Bu bir tərəfdən Cənubi Qafqaz lider dövlətinin yerləşdiyi əlverişli coğrafi mövqe ilə əlaqəlidirsə, digər tərəfdən də bu üstün cəhətləri praktik nəticələrə çevirməyi bacaran strateji diplomatiyanın nailiyyətidir. Məhz bu baxımdan dünyanın “Super gücü” sayılan ABŞ-ni də Azərbaycanla yaxınlaşdıran amil ölkəmizin qlobal çağırışlara xidmət edən mühüm təşəbbüslər irəli sürüb, coğrafiyaları birləşdirən layihələrin fəal iştirakçısı kimi çıxış etməsidir. Ötən il avqustun 8-də Vaşinqtonda əldə olunan tarixi razılaşmalar və xüsusən də Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə işçi qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunun imzalanması olduqca mühüm faktordur. Respublikamızın böyük diplomatik uğuru kimi dəyərləndirilən bu siyasi hadisədən cəmi altı ay sonra – 2026-cı il fevralın 10-da Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vensin ölkəmizə səfəri çərçivəsində iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalandı. Prezident İlham Əliyev Vitse-prezident Cey. Di. Venslə görüşlərin ardından mətbuata bəyanatında da ABŞ ilə strateji tərəfdaşlığı son altı ay ərzində tərəflərin həyata keçirdiyi çox gərgin işin təzahürü kimi dəyərləndirdi: “Biz Azərbaycana çox müsbət münasibətə görə Tramp-Vens administrasiyasına olduqca minnətdarıq. Strateji Tərəfdaşlıq haqqında Xartiyanın bu gün imzalanması mərasimi heyətlərimizin altı ay ərzində gördüyü çox gərgin işin təzahürüdür. Altı ay əvvəl Prezident Trampla Vaşinqtonda tarixi görüş və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın tərtib edilməsi üçün işçi qrupunun yaradılması haqqında sənədin imzalanması ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır. Bizim üçün dünyanın ən qüdrətli ölkəsi – Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir”.
Azərbaycanla ABŞ arasında imzalanan bu mühüm sənəd həm ikitərəfli, həm də çoxtərəfli əlaqələrin inkişafı üçün yeni mərhələnin əsasını qoydu. Tərəflər diplomatik, iqtisadi, enerji, texnoloji və təhlükəsizlik sahələri də daxil olmaqla qarşılıqlı maraqdoğuran məsələlərdə münasibətləri gücləndirmək üçün birgə niyyətlərini vurğuladılar. Bu Xartiya strateji tərəfdaşlığın və genişləndirilmiş əməkdaşlığın planlaşdırılması və həyata keçirilməsinə yalnız dövlət qurumlarının deyil, həm də hər iki ölkənin özəl sektorlarının cəlb edilməsini nəzərdə tutur. Təbii ki, bu amil regiondakı mühüm layihələrin maliyyələşdirilməsi, yeni investisiya axının təşviqi üçün vacib nüansdır.
Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyası özündə 4 bölmə, 5 məqsəd və bu məqsədlərin reallaşması üçün işçi qrupunun yaradılması, qlobal əhəmiyyətli layihələrin inkişafı üçün birgə fəaliyyəti özündə ehtiva edir. Qarşılıqlı əməkdaşlığa dair diqqətçəkən sahələrə enerji, nəqliyyat, ticarət, süni intellekt və digərlərini aid etmək olar. Bu xüsusda Azərbaycanın bilavasitə fəal iştirakı ilə rentabelliyini son illərdə daha da artıran Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) rolu böyükdür. Bu gün Çindən Londona qədər uzanan bu marşrutun əsas mərkəzi kimi ölkəmiz Asiya ilə Avropa arasında ticarət körpüsü yaradıb. Orta Dəhlizlə yükdaşımaların həcmi son 5 ildə 7 dəfə artıb. 2027-ci ilə qədər isə bu marşrutun ötürücülük qabiliyyətinin illik 10 milyon tona çatacağı ehtimal olunur. Bu isə Azərbaycanın tranzit potensialının daha da gücləndirilməsi və infrastruktura yeni investisiyaların cəlb edilməsi deməkdir. Bakı-Tbilisi-Qars dəmir yolu üzrə buraxılış qabiliyyətinin genişlənməsi, vaqon və konteyner parkının artırılması, Xəzər dənizi üçün yeni konteyner gəmilərinin inşasına başlanması, eləcə də liman və infrastrukturun davamlı şəkildə təkmilləşdirilməsi respublikamızın bu meqa layihəyə verdiyi önəmin təzahürüdür. Məhz bu baxımdan Azərbaycan-ABŞ strateji tərəfdaşlığının bu istiqamətdəki rolu olduqca mühümdür və dəhlizin rəqabətqabiliyyətliliyinin artırılmasına xidmət edəcək. Təbii ki, Orta Dəhlizin gələcək perspektivlərini analiz edən zaman onun mühüm seqmenti olacaq Zəngəzur dəhlizinin rolunu da qiymətləndirməmək mümkün deyil. Vaşinqton razılaşmasına əsasən reallaşmaq mərhələsində olan TRIPP layihəsi həm regional əməkdaşlığın dərinləşməsi, həm də qlobal ticarətin inkişafına geniş imkanlar açacaq. Bu dəhlizin işə düşməsi ilə respublikamız Naxçıvan Muxtar Respublikası ilə ölkəmizin digər ərazisi arasında quru bağlantısının təmin olunması hədəfinə çatacaq. Digər tərəfdən, bu nəhəng layihə ölkəmizin tranzit ərazi kimi rolunu gücləndirməklə bölgəyə yeni sərmayələrin axınına təkan verəcək. Bu nöqteyi-nəzərdən də Azərbaycan-ABŞ əməkdaşlığının əhəmiyyəti diqqətəlayiqdir. Nəzərə alsaq ki, Zəngəzur dəhlizinin reallaşdırılması ilə bölgəyə böyük maraqlar hakim kəsiləcək, o zaman davamlı təhlükəsizlik və faydalı əməkdaşlıq üçün də sözügedən strateji tərəfdaşlıq mühüm amildir.
Azərbaycan-ABŞ strateji tərəfdaşlığının gücləndirilməsinə xidmət edəcək növbəti istiqamət isə, heç şübhəsiz, enerjidir. Bu sayədə yeni dönəmdə respublikamızın müəllifi olduğu Cənub Qaz Dəhlizinin daha da genişləndirilməsi, layihəyə yeni investisiyaların cəlbi diqqət mərkəzində olacaq. Nəzərə alsaq ki, Azərbaycanın bu gün qaz ixrac etdiyi 16 ölkədən 11-i NATO-nun üzvü, ABŞ-nin müttəfiqidir, o zaman bu sahədə birgə fəaliyyətin müsbət nəticələr verəcəyini indidən əminliklə söyləmək olar. Strateji tərəfdaşlığa dair Xartiyaya əsasən hər iki ölkə müdafiə sənayesi məhsullarının satışı da daxil olmaqla müdafiə və təhlükəsizlik əməkdaşlığının əhatə dairəsini genişləndirəcəklər. Terrorizm təhdidinə qarşı birgə mübarizə aparmaq öhdəliklərini nəzərə alaraq mövcud antiterror əməkdaşlığını da genişləndirmək gələcək əsas məqsədlərdəndir. Bu xüsusda onu diqqətə çəkmək olar ki, Əfqanıstan əməliyyatlarında hər iki ölkənin birgə fəaliyyətə, tərəfdaşlığa dair təcrübələri artıq vardır. Təsadüfi deyildir ki, fevralın 10-da Bakıda səfərdə olan Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vens də Prezident İlham Əliyevlə görüşün ardından mətbuata bəyanatında da Azərbaycan sülhməramlı qüvvələrini nəzərdə tutaraq “Onlar dünya səviyyəsində terrorçuluğa qarşı aparılan mübarizəyə çox böyük dəstək verdilər” deməklə ölkəmizin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirdi.
Xartiyanın bütün müddəalarına nəzər yetirdikdə aydın olur ki, Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlığının xarakteri enerji, ticarət, müasir texnologiyalar, nəqliyyat, müdafiə və digərləri olmaqla bütün sahələri əhatə edəcək. Əminliklə deyə bilərik ki, bu tərəfdaşlıq regionda davamlı sülhün və faydalı əməkdaşlığın mühüm faktoru kimi daim öz çəkisini, rolunu qoruyub saxlayacaq. Bunun üçün tərəflərdə kifayət qədər siyasi iradə, zəngin təcrübə və strateji maraqlar vardır.
Bəhruz Məmmədov
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər