NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı region üçün keyfiyyətcə yeni siyasi dönəm açır

...

“Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi region üçün yeni siyasi mərhələnin başlanğıcıdır və bu proses həm regional, həm də qlobal miqyasda mühüm siyasi nəticələr vəd edir. Bu addım Azərbaycan diplomatiyasının son illərdə əldə etdiyi mühüm uğurlardan biri kimi dəyərləndirilməlidir”.

Bu sözləri “Şərq qapısı”na açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Xəzəngül Orucova deyib.

Deputat qeyd edib ki, son illər Azərbaycanın həyata keçirdiyi müstəqil, prinsipial və balanslaşdırılmış xarici siyasət ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Bu siyasət Azərbaycanın milli maraqlarına əsaslanmaqla yanaşı, regionda və beynəlxalq müstəvidə sülhün və əməkdaşlığın təşviqinə xidmət edir. Məhz bu yanaşma nəticəsində Azərbaycan etibarlı tərəfdaş kimi qəbul olunur və aparıcı güclərlə bərabərhüquqlu əməkdaşlıq imkanları əldə edir.

Xəzəngül Orucova vurğulayıb ki, Azərbaycan regionda sülhün, təhlükəsizliyin və əməkdaşlıq mühitinin formalaşmasında fəal rol oynayır. Bu gün ölkəmiz həm siyasi dialoqların təşəbbüskarı, həm də regional layihələrin fəal iştirakçısıdır. Enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya xətlərinin genişlənməsi, yeni iqtisadi tərəfdaşlıqların qurulması bu əməkdaşlığın əsas istiqamətlərindəndir. Azərbaycanın beynəlxalq enerji və nəqliyyat layihələrində artan rolu ölkəmizin qlobal əhəmiyyətini daha da gücləndirir və Azərbaycanı etibarlı tranzit və tərəfdaş ölkə kimi tanıdır.

Deputatın sözlərinə görə, strateji tərəfdaşlıq çərçivəsində imzalanan sənədlər münasibətləri siyasi bəyanatlar səviyyəsindən çıxararaq institusional əməkdaşlıq müstəvisinə keçirir. Bu isə əlaqələrin şəxsi münasibətlərdən asılı olmadan, hüquqi və institusional mexanizmlər üzərindən davamlı xarakter almasına imkan yaradır. Belə yanaşma tərəfdaşlığın uzunmüddətli və sistemli şəkildə inkişafına zəmanət verir.

Xəzəngül Orucova əlavə edib ki, ABŞ ilə münasibətlərin yeni mərhələyə keçidi regionda sabitliyin möhkəmlənməsinə, iqtisadi imkanların genişlənməsinə və qarşılıqlı investisiya mühitinin formalaşmasına müsbət təsir göstərəcək. Qarşılıqlı etimad və siyasi iradə bu tərəfdaşlığın uzunmüddətli perspektivlərini təmin edən əsas amillərdir. Bu əməkdaşlıq həm Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, həm də regionda dayanıqlı inkişaf mühitinin formalaşmasına xidmət edəcək.

Nəşr edilib : 11.02.2026 22:34