NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Azərbaycan diplomatiyasının növbəti uğuru: ABŞ ilə strateji tərəfdaşlıq

...

“Azərbaycan–ABŞ münasibətlərində əldə olunan yeni strateji mərhələ təkcə ikitərəfli əlaqələr baxımından deyil, bütövlükdə region üçün mühüm siyasi dönüş nöqtəsi hesab olunmalıdır”.
Bu fikirləri “Şərq qapısı”na açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Rauf Cəfərov bildirib.
Deputat qeyd edib ki, son illərdə Azərbaycan tərəfindən həyata keçirilən ardıcıl, praqmatik və milli maraqlara əsaslanan xarici siyasət xətti ölkəmizin beynəlxalq arenada etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib. Onun sözlərinə görə, Azərbaycanın müxtəlif güc mərkəzləri ilə balanslaşdırılmış siyasət yürütməsi, qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlər qurması ölkəmizin siyasi manevr imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib.
Rauf Cəfərov bildirib ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində öz müstəqil xətti ilə çıxış edərək tərəfdaşlıqları yalnız taktiki deyil, strateji müstəvidə formalaşdırmağa nail olur. Bu yanaşma ölkəmizin uzunmüddətli maraqlarının təmin olunmasına, regional proseslərdə söz sahibi kimi çıxış etməsinə şərait yaradır.
Vurğulanıb ki, Azərbaycan regionda sabitliyin möhkəmləndirilməsi, təhlükəsizlik mühitinin gücləndirilməsi və konstruktiv dialoqun təşviqi istiqamətində fəal mövqe nümayiş etdirir. Enerji təhlükəsizliyi sahəsində irəli sürülən təşəbbüslər, beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizlərinin inkişafı, Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə əməkdaşlığın genişləndirilməsi ölkəmizin strateji əhəmiyyətini daha da artırır.
Deputat qeyd edib ki, Azərbaycanın beynəlxalq enerji və nəqliyyat layihələrində artan rolu ölkəmizi regionun etibarlı tərəfdaşı və mühüm tranzit mərkəzinə çevirir. Bu amillər həm iqtisadi təhlükəsizliyin gücləndirilməsinə, həm də regional əməkdaşlığın dərinləşdirilməsinə mühüm töhfə verir.
Rauf Cəfərovun sözlərinə görə, strateji tərəfdaşlıq çərçivəsində imzalanan sənədlər münasibətləri sadəcə siyasi niyyət və bəyanatlar səviyyəsindən çıxararaq institusional müstəviyə keçirir. Bu isə tərəfdaşlığın şəxsi münasibətlərdən və dövrü siyasi proseslərdən asılı olmadan, hüquqi mexanizmlər üzərindən davamlı şəkildə inkişafına imkan yaradır.
Deputat əlavə edib ki, bu cür institusional əsaslar əlaqələrin sistemli xarakter almasına, konkret layihələrin icrasına və tərəflər arasında əməkdaşlığın daha çevik mexanizmlərlə həyata keçirilməsinə zəmin yaradır.
Sonda vurğulanıb ki, ABŞ ilə münasibətlərin yeni mərhələyə qədəm qoyması regionda sabitliyin möhkəmlənməsinə, iqtisadi fəallığın artmasına və qarşılıqlı investisiya mühitinin formalaşmasına müsbət təsir göstərəcək. Bu proses Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsinə xidmət etməklə yanaşı, regionda uzunmüddətli sülh, əməkdaşlıq və dayanıqlı inkişaf mühitinin formalaşmasına real zəmin yaradacaq.

Nəşr edilib : 13.02.2026 16:23