NAXÇIVAN :

18 Avqust 2026, Çərşənbə axşamı

Azərbaycan jurnalistləri Özbəkistanın Milli Uşaq Tibb Mərkəzinin fəaliyyəti ilə tanış olublar

...

Avqustun 18-də Azərbaycanın media nümayəndələrinin Özbəkistana mediaturu çərçivəsində bu ölkənin Milli Uşaq Tibb Mərkəzinə səfər təşkil olunub.

"Şərq qapısı" xəbər verir ki, Özbəkistanın Milli Uşaq Tibb Mərkəzinin direktoru Baxtiyorjon Umarov Azərbaycan jurnalistlərinə bildirib ki, mərkəz ölkənin aparıcı ixtisaslaşmış tibb müəssisələrindən biridir və burada onkoloji, hematoloji və immunoloji xəstəlikləri olan uşaqlara yüksək tibbi yardım göstərilir.

“Mərkəzdə 280 çarpayı var və 12 stasionar, 10 əlavə xidmət şöbəsi fəaliyyət göstərir. 2024-cü ilin aprelində bu müəssisə Özbəkistanda “Joint Commission International” beynəlxalq sertifikatını alan ilk dövlət tibb təşkilatı olub. Milli Uşaq Tibb Mərkəzi dünyada bu beynəlxalq akkreditasiyadan keçmiş yeganə ixtisaslaşmış uşaq mərkəzidir”, - deyə o əlavə edib.

Baxtiyorjon Umarov deyib ki, müəssisədə həm ambulator, həm də stasionar tibbi yardım göstərilir.

Səfər zamanı Azərbaycan jurnalistləri mərkəzin fəaliyyəti, onun şöbələri, diaqnostika və müalicənin müasir imkanları, eləcə də uşaqlara ixtisaslaşmış tibbi yardımın təşkili ilə tanış olublar. Mediaturun iştirakçıları radiologiya və nüvə təbabəti şöbələrinə, poliklinikaya və onkologiya mərkəzinə baş çəkiblər.

Vurğulanıb ki, müəssisənin mühüm nailiyyətlərindən biri Özbəkistanda ilk sümük iliyinin transplantasiyası əməliyyatının həyata keçirilməsi olub. Mərkəzdə böyrək transplantasiyası və digər yüksək texnologiyalı cərrahi müdaxilələr də həyata keçirilir.

Mərkəzin Radiologiya şöbəsinin müdiri Arzu Əhmədova Özbəkistanda uşaq təbabətinin inkişafının strateji əhəmiyyətini diqqətə çatdırıb:”Hər il ölkəmizdə təxminən 900 min uşaq dünyaya gəlir. Uşaq təbabəti bizim üçün, sadəcə, tibbi sahələrdən biri deyil. Bu, bizim üçün strateji istiqamətdir, çünki söhbət bizim gələcəyimizdən, gənc vətəndaşlarımızdan gedir”.

Onun sözlərinə görə, mərkəz ilk növbədə ən mürəkkəb vəziyyətlərdə tibbi yardım göstərmək, həmçinin diaqnostika və müalicə ilə bağlı məsələləri həll etmək məqsədilə yaradılıb. “Ötən il 6400 əməliyyat həyata keçirilib. Bu, böyük göstəricidir və bu qədər pasiyent axını bizə böyük klinik təcrübə qazandırır. Biz bu təcrübəni digər həkimlərlə və klinikalarla bölüşməyə hazırıq. Biz tərəfdaşlığa yönəlmişik”, – deyə A.Əhmədova qeyd edib.

O, həmçinin uşaq neyrocərrahiyyəsi və ürək cərrahiyyəsinin inkişafından danışaraq, mütəxəssislərin daha az travmatik müalicə üsullarına üstünlük verməyə çalışdıqlarını vurğulayıb.

A.Əhmədovanın sözlərinə görə, mərkəzdə onkoloji xəstəliklərin müasir diaqnostikasına xüsusi diqqət yetirilir:”Diaqnostika texnologiyalarının inkişafı diaqnozu daha dəqiq müəyyənləşdirməyə və xəstəliyin növünü təyin etməyə imkan verir”.

O qeyd edib ki, neyrocərrahiyyədə mütəxəssislər cərrahi müdaxilələri ətraflı şəkildə planlaşdırmağa imkan verən MRT-traktoqrafiya və naviqasiya sistemlərindən istifadə edirlər.

Xeyriyyə təşkilatları ilə əməkdaşlıqdan danışan A.Əhmədova “Zamin” fondunun uşaq onkologiyasının və sümük iliyinin transplantasiyasının inkişafına verdiyi dəstəyi qeyd edib.

Onun sözlərinə görə, mərkəzdə artıq təxminən 50 sümük iliyi transplantasiyası həyata keçirilib.

Görüş zamanı Özbəkistan və Azərbaycan tibb müəssisələri arasında gələcək əməkdaşlığın inkişaf perspektivləri də qeyd olunub.

O vurğulayıb ki, özbəkistanlı mütəxəssislər Azərbaycanla münasibətləri yüksək qiymətləndirirlər.

Mediatur çərçivəsində jurnalistlər, həmçinin azyaşlı pasiyentlər üçün yaradılmış şərait, tibb işçilərinin fəaliyyəti, eləcə də ağır xəstəliklərin diaqnostikası və müalicəsində tətbiq edilən müasir texnologiyalarla tanış olublar.

Nəşr edilib : 18.08.2026 17:48