Bu gün Kəlbəcər Şəhəri Günüdür
00:06 25.11.2026
0
0
0
NAXÇIVAN :
25 Noyabr 2026, Çərşənbə
Azərbaycan kino tarixində elə sənətkarlar var ki, onların fəaliyyəti yalnız yaratdıqları filmlərlə deyil, həm də bir dövrün mədəni həyatında açdıqları yeni yollarla əhəmiyyət qazanır. Qəmər Salamzadə belə sənətkarlardandır. O, Azərbaycan kinosunda qadın rejissor imzasının formalaşmasında mühüm rol oynamış, kino sənətinin müxtəlif sahələrində çalışmış, rejissor köməkçisi, ikinci rejissor, quruluşçu rejissor, ssenarist və dublyaj sahəsinin əməkdaşı kimi fəaliyyət göstərmişdir. Onun həyat yolu isə XX əsrin əvvəllərində Azərbaycan ziyalı mühitinin mürəkkəb taleyi, şəxsi itkilər, maarifçilik ənənələri və sənətə bağlılıqla sıx şəkildə əlaqəlidir.
Qəmər Əliqulu qızı Salamzadə (Nəcəfova) görkəmli mollanəsrəddinçi şair, publisist və maarifçi Əliqulu Qəmküsarın (Nəcəfovun) ailəsində dünyaya göz açmışdır. Doğum tarixi ilə bağlı mənbələrdə müəyyən fərqlər mövcuddur. Aydın Kazımzadənin “Azərbaycan kinematoqrafçıları” çoxcildliyinin ikinci cildində onun öz xatirələrinə əsaslanan məlumatda 1908-ci il mayın 2-də Culfada anadan olduğu göstərilir.
Uşaqlıq illəri ağır ailə sınaqları ilə yadda qalmışdır. 1912-ci ildə iki bacısının vəfat etməsi, anasının vərəmə tutulması ailənin həyatını kökündən dəyişir. Həmin ilin əvvəlində Əliqulu Qəmküsar ailəsini Culfadan Naxçıvana köçürür. Həyat yoldaşının vəfatından sonra isə o, Naxçıvanda uzun müddət qala bilmir. Yeganə övladı, beş yaşlı Qəməri, yaşlı anasını və qardaşı Rzaqulunu da götürərək Tiflisə gedir. Beləliklə, gələcək kino sənətkarının uşaqlıq illəri Naxçıvan və Tiflis mühitləri arasında keçir.
Tiflis onun dünyagörüşünün formalaşdığı mühüm məkanlardan birinə çevrilir. Atasının ədəbi-mədəni çevrəsi, evdəki kitab və mətbuat mühiti mənəvi inkişafına təsirsiz qalmır. Lakin bu illərin ən böyük faciəsi 1919-cu il martın 16-na keçən gecə baş verir. Əliqulu Qəmküsar evinə qayıdarkən qətlə yetirilir. Atasını itirəndə cəmi on bir yaşı olan Qəmər əmisi Rzaqulu Nəcəfovun himayəsinə keçir. Görkəmli maarifçi və publisist qardaşı qızının təhsil almasına, dünyagörüşünün genişlənməsinə xüsusi diqqət yetirir.
1923-cü ildə Rzaqulu Nəcəfov onu Bakıya gətirir. Gənc Qəmər Ali Pedaqoji İnstitutun qızlar şöbəsinə daxil olur. Tələbəlik illərindən ədəbiyyat və dram dərnəklərində iştirak edir, səhnəyə maraq göstərir, müxtəlif tamaşalarda rollar ifa edir. Bu dövrdə onun teatr və kino sənətinə marağının güclənməsində mühüm rol oynayan hadisələrdən biri Cəfər Cabbarlı ilə tanışlığı olur. Dərnəklərin birində keçirilən tamaşa zamanı tanış olduğu dramaturqla söhbətləri sənət haqqında düşüncələrini dərinləşdirir. Teatrın imkanları, səhnə sənətinin ifadə vasitələri və yeni yaranmaqda olan kino haqqında müzakirələr gələcək peşə seçiminə təsir göstərir.
Səhnə fəaliyyəti də diqqətəlayiqdir. Tələbəlik dövründə tamaşalarda müxtəlif obrazlar yaratması, o cümlədən “Arşın mal alan” əsərinin səhnə təqdimatında Telli rolunu ifa etməsi sənətə ilk addımlarından sayılır. Lakin marağı yalnız aktyorluqla məhdudlaşmırdı. O, teatr hadisəsini bütöv şəkildə anlamağa, səhnə quruluşunun, rejissor düşüncəsinin və dramaturji materialın xüsusiyyətlərini öyrənməyə çalışırdı. Bu maraq kino sənətinə aparan yolda mühüm mərhələyə çevrilir.
1928-ci ildə Azərbaycan Xalq Maarif Komissarlığının göndərişi ilə Qəmər Salamzadə və Səməd Mərdanov Moskvaya təhsil almağa yollanırlar. Onlar Moskva Dövlət Kinematoqrafiya Texnikumunda kino sənətinin nəzəri və praktiki əsaslarını öyrənməli idilər. Onun öz xatirələrində qeyd etdiyi maraqlı məqamlardan biri tələbələrə verilən təqaüdlə bağlıdır: tələbələrin aylıq təqaüdü 35 rubl olduğu halda, ona 70 rubl təyin edilmişdi. Bunun səbəbi Azərbaycan kino tarixində rejissorluq təhsili almaq üçün Moskvaya göndərilən ilk azərbaycanlı qadın olması idi.
Moskva təhsil illəri gənc sənətkarın formalaşmasında xüsusi əhəmiyyət daşıyır. O, Lev Kuleşovun qrupunda təhsil alır, Sergey Eyzenşteynin açıq dərs və mühazirələrində iştirak edir. Bu iki böyük sənətkarın kino dilinə, montaj düşüncəsinə, aktyorla işə və ekranın ifadə vasitələrinə münasibəti azərbaycanlı rejissorun peşəkar dünyagörüşünün zənginləşməsinə imkan yaradır. Onun üçün Moskva yalnız təhsil məkanı deyil, həm də dünya kinosunda gedən axtarışları yaxından izləmək və yeni sənət təcrübəsi qazanmaq imkanı idi.
1930-cu ildə “Azərkino”da istehsalın genişlənməsi ilə əlaqədar texnikumun ikinci kursunu bitirmiş gənc tələbə Bakıya geri çağırılır. Kino istehsalatındakı ilk mühüm işi “Qızıl kol” (“Dağlara hücum”) bədii filmində rejissor köməkçisi kimi fəaliyyəti olur. Ardınca rejissor İqor Savçenkonun “Əlsiz adamlar” filmində assistent vəzifəsində çalışır. Bu təcrübələr ona çəkiliş meydançasının gündəlik işini, rejissorun təşkilatçılıq məsuliyyətini, aktyorlarla və yaradıcı heyətlə işin xüsusiyyətlərini öyrənmək imkanı verir.
1935-ci ildə ukraynalı rejissor A.Popovla birlikdə “Rəqs edən bağalar” uşaq filminin çəkilişində ikinci rejissor kimi iştirak edir. Uşaqlarla işləmək bacarığı və çəkiliş prosesində nümayiş etdirdiyi təşkilatçılıq qabiliyyəti onun növbəti mühüm işə dəvət olunmasına zəmin yaradır. 1937-ci ildə A.Popovla birgə “Dəcəl dəstə” filminə quruluş verir. Bu əməkdaşlıq sənətkarın rejissor kimi formalaşmasının və yaradıcılıq imkanlarının genişlənməsinin göstəricilərindən biridir.
Kino fəaliyyətinin ilk onilliyində müxtəlif janrlı ekran əsərlərində iştirakı diqqət çəkir. 1938-ci ildə “Ordenli Azərbaycan” tammetrajlı sənədli filminin ikinci rejissoru olur. 1940-cı ildə isə Moskvanın Baş Kino İdarəsinin sifarişi ilə “Kənd təsərrüfatı sərgisi” sənədli filmini müstəqil şəkildə çəkir. Bu fakt onun yalnız rejissor assistenti və ya ikinci rejissor kimi deyil, müstəqil quruluşçu rejissor kimi də fəaliyyət göstərdiyini təsdiqləyir.
1941-ci ildə “Səbuhi”, 1943-cü ildə isə “Bir ailə” bədii filmlərində rejissor assistenti kimi çalışır. 1944-cü ildə öz ssenarisi əsasında “Şəfa nəğməsi” sənədli filmini çəkir. Həkim Hüsniyyə Diyarovanın fəaliyyəti ilə bağlı olan bu ekran əsəri yaradıcılığında xüsusi yer tutur və ən uğurlu işlərindən biri hesab edilir. Filmin həm ssenari müəllifi, həm də rejissoru olması onun sənət düşüncəsini müstəqil şəkildə ifadə etmək imkanlarını nümayiş etdirir.
Yaradıcılıq yolunun mühüm mərhələlərindən biri də Aleksandr Dovjenko ilə bağlıdır. 1946-cı ildə Dovjenko Moskvada, “Mosfilm” kinostudiyasında “Çiçəklər içində həyat” adlı bədii film üzərində işləyirdi. Sonradan film “Miçurin” adı ilə ekranlara çıxdı. Həmin ilin noyabrında bir qrup azərbaycanlı kino işçisi təcrübə keçmək üçün Moskva studiyalarına göndərilərkən o da onların arasında idi. Səfərdən əvvəl Dovjenkonun yaradıcı qrupunda işləmək istədiyini bildirir və istəyinə uyğun olaraq rejissorun kollektivinə təhkim edilir.
Dovjenkonun yaradıcı qrupunda keçirdiyi beş ay onun üçün mühüm təcrübə mərhələsi olur. 1947-ci ilin mayında pavilyon çəkilişləri başa çatır, iyun ayında isə naturada çəkilişlərə başlanması nəzərdə tutulur. Çəkilişlər arasında yaranacaq təxminən, biraylıq fasilədən istifadə etmək üçün Bakıya qayıdır. Lakin Dovjenko ilə bir daha görüşə bilmir.
Bu əməkdaşlığın ən qiymətli yadigarlarından biri Dovjenkonun 1947-ci il martın 25-də Azərbaycanın kinematoqrafiya rəhbərliyinə ünvanladığı məktubdur. Məktubda rejissor onun istehsalat işinə münasibətini, estetik mühakimələrini, gündəlik yaradıcılıq prosesindən doğan kino düşüncələrini və kollektivlə davranış mədəniyyətini yüksək qiymətləndirirdi. Bu sənəd yalnız peşəkar keyfiyyətlərinə verilən müsbət qiymət deyil, həm də onun sovet kinosunun görkəmli sənətkarlarından biri tərəfindən necə dəyərləndirildiyini göstərən mühüm tarixi mənbədir.
Fəaliyyəti yalnız çəkiliş meydançası ilə məhdudlaşmamışdır. O, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun sənətşünaslıq şöbəsində də çalışmışdır. 1931-1932-ci illərdə bu şöbənin əməkdaşı olmuş, 1932-1933-cü illərdə Moskvada elmi-tədqiqat və özfəaliyyət incəsənəti istiqamətində aspirantura təhsili almış, 1934-cü ildə isə institutun teatr bölməsində elmi işçi kimi fəaliyyət göstərmişdir. Bu mərhələ onun kino və teatr sənətinə yalnız praktik yaradıcılıq baxımından deyil, nəzəri və tədqiqatçı yanaşma ilə də bağlı olduğunu göstərir.
Məhz elmi-tədqiqat mühitində gələcək həyat yoldaşı, sonralar Xalq rəssamı adını almış Salam Salamzadə ilə tanış olur. Hər ikisinin sənətə bağlılığı, yaradıcılıq maraqları və mədəniyyət mühitindəki fəaliyyəti onların ailə qurmasına zəmin yaradır. Qəmər və Salam Salamzadələr uzun illər birgə ömür sürərək Azərbaycan mədəniyyətinin inkişafına öz töhfələrini verirlər.
Kino sahəsindəki xidmətlərindən biri də filmlərin Azərbaycan dilinə dublyajı ilə bağlıdır. O, müxtəlif sovet filmlərinin dilimizə uyğunlaşdırılması prosesində iştirak etmiş, onlarla ekran əsərinin dublyajında çalışmışdır. Bu filmlər sırasında Bakı istehsalı olan “Sualtı qayıq T-9” da yer alır. Dublyaj işi onun kino sənətinə çoxşaxəli münasibətini, ekran əsərinin tamaşaçıya çatdırılmasında dilin və səsləndirmənin əhəmiyyətini dərindən dərk etdiyini göstərir.
Azərbaycan kino tarixindəki yerini təsdiqləyən maraqlı sənədlərdən biri də 1930-cu ildə Bakıda nəşr olunan “Raboçiy zritel” jurnalının 35-ci sayıdır. Jurnalın üz qabığında onun fotosu yerləşdirilmiş və şəklin altında belə bir qeyd verilmişdir: “Azərkino”da işləyən ilk qadın kinorejissor köməkçisi – türk qadını Qəmər Nəcəfova”. Bu qeyd dövrün mətbuatında peşəkar fəaliyyətinin necə qarşılandığını göstərən mühüm tarixi sübutdur. Eyni zamanda həmin dövrdə kino istehsalatında çalışan qadın kimi diqqət mərkəzində olduğunu təsdiqləyir.
Yaradıcılıq yolunu yalnız filmlərlə məhdudlaşdırmaq düzgün olmazdı. Sonrakı illərdə publisistika və mədəniyyət yazıları ilə də məşğul olmuş, “Qobustan”, “Ədəbiyyat və incəsənət” kimi nəşrlərlə əməkdaşlıq etmiş, radio və televiziya sahəsində redaktə işi aparmışdır. Bu fəaliyyət kino və teatr haqqında biliklərini, sənətə dair müşahidələrini daha geniş oxucu və tamaşaçı auditoriyasına çatdırmaq istəyindən irəli gəlirdi.
Həyat və sənət təcrübəsinin mühüm mənbələrindən biri 1990-cı ildə nəşr olunmuş “Kiçik pəncərədən görünən dünya” adlı xatirə kitabıdır. Bu kitab yalnız müəllifin şəxsi xatirələrini deyil, həm də XX əsrin ilk yarısında Azərbaycan mədəniyyətinin, teatr və kino mühitinin müəyyən məqamlarını öyrənmək baxımından dəyərli materialları özündə birləşdirir. Müəllifin öz həyatına, sənət yoluna və tanıdığı insanlara münasibəti onun bioqrafiyasının daha dolğun şəkildə dərk olunmasına kömək edir.
Qəmər Salamzadə 1994-cü il aprelin 20-də Bakıda vəfat etmişdir. O, 86 illik ömrünün böyük hissəsini sənətə, yaradıcılığa və Azərbaycan mədəniyyətinə xidmətə həsr etmişdir. Həyat yolu asan olmamış, erkən yaşda valideynlərini itirməsi, dövrün ictimai-siyasi çətinlikləri və kino istehsalatının mürəkkəb şəraiti qarşısında bir çox sınaqlardan keçmişdir. Bununla belə seçdiyi sənət yolundan dönməmiş, Azərbaycan kino tarixində özünəməxsus iz qoymuşdur.
Onun fəaliyyətini qiymətləndirərkən yalnız “İlk qadın kinorejissor” ifadəsi ilə kifayətlənmək olmaz. Əhəmiyyəti qadının kino istehsalatına daxil olması ilə yanaşı, rejissorluq, ssenaristlik, elmi-tədqiqat, dublyaj və publisistika sahələrində göstərdiyi çoxşaxəli fəaliyyətdədir. O, Azərbaycan qadınının kino sənətində peşəkar mövqe qazanmasının önündə gedən sənətkarlardan biri olmuşdur.
Bu gün sənətkarın irsinə yenidən nəzər salmaq yalnız bir insanın xatirəsini yad etmək deyil. Bu, Azərbaycan kinosunun formalaşma tarixində qadınların rolunu, ilk peşəkar kino mühitinin inkişafını və milli mədəniyyətimizin mürəkkəb, eyni zamanda zəngin keçmişini daha dərindən öyrənmək deməkdir. Onun adı kino tariximizdə təkcə bir ilk kimi deyil, əzmkarlığın, peşəkar marağın və sənətə sədaqətin nümunəsi kimi yaşamağa layiqdir.
Mirakif SEYİDOV
Naxçıvan Dövlət Film Fondunun direktoru
Digər xəbərlər