Dövlət Xidməti mədəni irs üzrə ən yaxşı data innov...
22:18 20.04.2026
0
0
0
NAXÇIVAN :
21 Aprel 2026, Çərşənbə axşamı
Naxçıvan idmançılarının beynəlxalq arenalarda bir-birindən parlaq uğurlara imza atmaları artıq adət halını alıb. Əldə edilən uğurlu nəticələr yeniyetmə və gənclərin həm də idman sahəsinə axın etməsinə bilavasitə təsir göstərir. Naxçıvanlı yeniyetmə Haqverdi Həsənovun Çində təşkil olunan “Kəmər və yol” beynəlxalq turnirində baş mükafatı qazanması deyilənlərin bariz nümunəsidir.
O, Azərbaycan millisinin heyətində təlim-məşq toplanışında iştirak edib və Sincan-Uyğur Muxtar Rayonunda 19 ölkənin iştirak etdiyi nüfuzlu yarışda yığmamızın heyətində rinqə çıxıb. Naxçıvan boks məktəbinin yetirməsi, 63 kiloqram çəki dərəcəsində çıxış edən Haqverdi Həsənov bu yarışda böyük uğur qazanıb. Finala qədər rəqiblərini üstələyən idmançımız həlledici görüşdə qazaxıstanlı rəqibini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, məşqçi Elnur Kərimlinin yetirməsi olan Haqverdi Həsənov artıq idman ictimaiyyətinə yaxşı tanışdır. O, yeniyetmələr arasında Avropa üçüncüsü və Azərbaycan çempionu olmaqla yanaşı, həm də müxtəlif beynəlxalq turnirlərin qalibi və mükafatçısıdır.
Yeniyetmə dəri əlcək sahibi turnirlə bağlı təəssüratlarını bizimlə bölüşüb: “Bu turnir mənim üçün çox önəmli idi. Çünki həm Naxçıvanı, həm də, ümumilikdə, Azərbaycanı beynəlxalq arenada təmsil edirdim, üzərimdə böyük məsuliyyət hiss edirdim. Rəqiblərim güclü idi, xüsusən də finalda qarşılaşdığım qazaxıstanlı boksçu ilə döyüş çox gərgin və çətin keçdi. Amma hər dəfə rinqə çıxanda mənə olunan dəstəyi hiss etdim və bu mənə əlavə güc verdi”.
Boksçumuz bildirib ki, bu uğuru qazanmaqda əsas dəstəyi ona məşqçisi və ailəsi göstərib: “Öz zəhmətimlə yanaşı, məşqçim Elnur Kərimlinin əməyini xüsusilə qeyd etmək istəyirəm. Onun dəstəyi və inamı olmasaydı, bu nəticəni qazanmaq daha çətin olardı. Hər məşqdə biz texniki hazırlıqla yanaşı, həm də əzmkarlığa, iradəyə önəm verdik. Həmçinin ailəm də mənim üçün böyük dayaq olub, onların mənə inandığını bilirdim. Bu qələbə mənim qədər onların da qələbəsidir”.
Elnurə CƏFƏROVA
Digər xəbərlər