NAXÇIVAN :

13 Fevral 2026, Cümə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

...

“Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 293-VIIQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 293-VIIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3.3-cü, 3.4-cü bəndlərində və 4-cü maddəsində hər iki halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 3-cü maddəsinin 3.3-cü bəndində “orqan (qurum)” dedikdə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

1.3. həmin Qanunun 3-cü maddəsinin 3.4-cü bəndində “orqan (qurum)” dedikdə Dövlət Sosial Müdafiə Fondu qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu qismində Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

1.4. həmin Qanunun 4-cü maddəsində birinci halda “orqan (qurum)” dedikdə Dövlət Sosial Müdafiə Fondu, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu qismində Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

1.5. həmin Qanunun 4-cü maddəsində ikinci halda “orqan (qurum)” dedikdə Dövlət Sosial Müdafiə Fondu qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 293-VIIQ nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

3.1. “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 293-VIIQ nömrəli Qanununun 2-ci maddəsinin 2.1-ci bəndində nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərin yerinə yetirilməsi üçün tədbirlər görsün və bu barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;

3.2. həmin Qanunun 2-ci maddəsinin 2.1-ci bəndində nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərin aylıq və rüblük bölgüsünü 10 (on) gün müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla təsdiq etsin;

3.3. büdcə təşkilatlarının 2026-cı il yanvarın 1-dək yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borclarına dair məlumatları 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin;

3.4. “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 293-VIIQ nömrəli Qanunundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

4.1. dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsinin xərclərinin yerinə yetirilməsi üçün tədbirlər görsün və bu barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;

4.2. “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 293-VIIQ nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

5.1. bu Fərmanın 3.2-ci bəndində qeyd olunan bölgü nəzərə alınmaqla, 2026-cı il üçün dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsi öhdəliklərinin maliyyələşdirilməsi ilə bağlı dövlət büdcəsindən ayrılan vəsaitin (transfertin) aylıq və rüblük bölgüsünü Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla 10 (on) gün müddətində təsdiq etsin;

5.2. büdcədən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlər üzrə əvvəlki illərdə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borclarını 2026-cı il üçün xüsusi vəsaitlərin smetalarında nəzərə alsın;

5.3. “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 293-VIIQ nömrəli Qanunundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

6. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, şəhər və rayon icra hakimiyyətləri dövlət təşkilatlarının, o cümlədən büdcədən maliyyələşən təşkilatların məcburi dövlət sosial sığorta haqlarını vaxtında və tam ödəməsini təmin etmək üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki qurumlarla birlikdə tədbirlər görsünlər.

7. Bu Fərman 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2025-ci il

Nəşr edilib : 29.12.2025 15:10