Naxçıvan şəhərinin bəzi ərazilərinə elektrik enerj...
20:47 21.05.2026
0
0
0
NAXÇIVAN :
21 May 2026, Cümə axşamı
Mayın 21-də Bakıda Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, iclasa Azərbaycan tərəfdən Baş nazirin müavini Samir Şərifov, Tacikistan tərəfdən isə Baş nazirin müavini Usmonali Usmonzoda rəhbərlik edib.
İclasda Samir Şərifov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə Tacikistan Prezidenti Emoməli Rəhmon arasında yüksəksəviyyəli siyasi dialoq ikitərəfli münasibətlərin inkişafına mühüm təkan verir. Xüsusilə, 2024-cü ildə Tacikistan Prezidentinin Azərbaycana dövlət səfəri çərçivəsində imzalanmış Strateji tərəfdaşlıq haqqında Bəyannamə münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldib. Azərbaycanın Mərkəzi Asiya dövlətləri, o cümlədən Tacikistan ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyi qeyd edilib. Bildirilib ki, Azərbaycanın 2025-ci ilin noyabr ayında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına tamhüquqlu iştirakçı kimi qoşulması regionlararası əlaqələrin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
2025-ci ildə Azərbaycan ilə Tacikistan arasında ticarət dövriyyəsinin 84 faiz, strateji əhəmiyyətli tranzit daşımalarının isə 50 faiz artması ilə müşayiət olunan müsbət dinamika təqdir olunmaqla yanaşı, ölkələrimizin iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensialın mövcudluğu vurğulanıb.
Bu baxımdan Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əlaqələndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinin dövlət başçılarının tapşırıqlarının icrası baxımından mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub.
Bildirilib ki, ötən ilin noyabr ayında Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən Tacikistan üzrə ilk ticarət nümayəndəsinin təyin edilməsi ticarət-iqtisadi əlaqələrin genişlənməsinə əlavə impuls verəcək.
İclasda sənaye, investisiya, kənd təsərrüfatı, energetika, nəqliyyat və logistika, tranzit, turizm, təhsil və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərinə xüsusi diqqət yetirilib.
Tacikistan şirkətləri Azərbaycanda yaradılmış əlverişli biznes mühiti, sənaye parkları, o cümlədən Ələt Azad İqtisadi Zonası və müasir infrastruktur imkanlarından daha fəal istifadə üçün dəvət edilib.
Samir Şərifov qeyd edib ki, Tacikistanın Orta Dəhliz layihələrinə fəal qoşulması regional əməkdaşlığın və tranzit potensialının genişlənməsinə əlavə imkanlar yaradacaq.
Tacikistan Baş nazirinin müavini Usmonali Usmonzoda iki ölkə arasında ticarət əlaqələrinin mövcud potensialdan çox yüksək olduğunu vurğulayıb və bundan istifadə etmək üçün hər iki tərəfdə yüksək səviyyədə siyasi iradəni qeyd edib. U.Usmonzoda azərbaycanlı iş adamlarının Tacikistan iqtisadiyyatına sərmayə yatırması üçün hər cür şəraitin olduğunu diqqətə çatdırıb, Azərbaycanın rəsmi nümayəndələrini əlaqələri daha da möhkəmləndirmək, koordinasiyanın çevikliyini təmin etmək, Birgə Komissiyanın növbəti iclasını keçirmək üçün Düşənbəyə səfərə dəvət edib.
İclasın yekununda Azərbaycan və Tacikistan arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş bir sıra mühüm sənədlər imzalanıb. Bunlara AZPROMO ilə Tacikistanın Ticarət və Sənaye Palatası arasında İşgüzar Şuranın yaradılması haqqında Anlaşma Memorandumu, təhsil sahəsində illik kvotaların qarşılıqlı ayrılmasına dair Saziş və Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasının Protokolu daxildir.
Qeyd olunub ki, bu sənədlər ikitərəfli ticarət-iqtisadi əlaqələrin institusional əsaslarının möhkəmləndirilməsinə və praktiki əməkdaşlığın genişlənməsinə xidmət edəcək.
Mayın 22-də Bakıda Azərbaycan və Tacikistan iş adamlarının iştirakı ilə keçiriləcək biznes-forumun bu mövzuların daha ətraflı müzakirə edilməsi, yeni imkanların aşkarlanması üçün əlverişli fürsət yaradacağına əminlik ifadə olunub.
Digər xəbərlər