NAXÇIVAN :

12 Noyabr 2026, Cümə axşamı

Azərbaycan və Cənubi Koreya arasında turizm əlaqələri genişləndirilir

...

Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı ilə Cənubi Koreyanın Seul şəhərində işgüzar tədbir keçirilib.

Dövlət Turizm Agentliyindən bildirilib ki, tədbirdə Cənubi Koreyanın turizm sənayesinin 39 nümayəndəsi və Azərbaycanın 4 turizm şirkəti iştirak edib.

Görüşün məqsədi Azərbaycanın turizm imkanlarının Cənubi Koreya bazarında tanıdılması, iki ölkənin turizm sənayesi nümayəndələri arasında işgüzar əlaqələrin qurulması və əməkdaşlıq imkanlarının müzakirəsi olub.

Tədbirdə Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid, Azərbaycanın Koreya Respublikasındakı səfiri Ramin Həsənov və Asiya-Sakit Okean Turizm Assosiasiyasının (PATA) sədri Henri Oh iştirak ediblər.

Tədbir çərçivəsində Azərbaycanın müxtəlif turizm istiqamətləri və ilboyu səyahət imkanları barədə təqdimat keçirilib. Bakı şəhərinin tarixi və müasir turizm məkanları, Qusar və Qəbələnin dağ turizmi imkanları, Şəki və Şuşanın mədəni irsi, Naftalanın sağlamlıq turizmi potensialı haqqında məlumat verilib. Bununla yanaşı, qış turizmi, qastronomiya və şərab turizmi, eləcə də işgüzar turizm (MICE) imkanları diqqətə çatdırılıb.

Seulda keçirilən tədbir ATB-nin Asiya-Sakit Okean regionunun turizm bazarları ilə əlaqələrin genişləndirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətlərin davamı olub. Bu çərçivədə ATB-nin Asiya-Sakit Okean Səyahət Assosiasiyası (PATA) ilə əməkdaşlığı da diqqət çəkir.

Belə ki, oktyabrın 29-da Bakıda təşkil olunan “PATA Hosted Buyers Summit Baku 2026” tədbirində Cənubi Koreya da daxil olmaqla, altı Asiya bazarından 50 turizm sənayesi nümayəndəsi iştirak edib. Tədbir çərçivəsində xarici nümayəndələrlə yerli turizm şirkətləri arasında B2B görüşlər keçirilib, yeni turizm məhsullarının hazırlanması və əməkdaşlıq imkanları müzakirə olunub.

Nəşr edilib : 12.11.2026 17:44