NAXÇIVAN :

26 Avqust 2026, Çərşənbə

Azərbaycandan Özbəkistana: ticarətdən daha geniş iqtisadi əməkdaşlığa

...

Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlığın sürətlə genişlənməsi son illərdə diqqəti cəlb edir. İki ölkənin iqtisadi potensialının bir-birini tamamlaması, qarşılıqlı investisiyaların və nəqliyyat-logistika imkanlarının artması bu münasibətləri yeni mərhələyə çıxarır.

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın UZA agentliyinə müsahibəsində səsləndirdiyi fikirlər də bu prosesin miqyasını aydın göstərir: “İqtisadi-ticari əməkdaşlığımız son illərdə sürətli inkişaf dinamikası nümayiş etdirir. Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artıb və 795 milyon dollar təşkil edib. Bu, əla göstəricidir”.

Ticarət dövriyyəsinin bir il ərzində üç dəfədən çox artması iki ölkə arasında siyasi münasibətlərdə yüksək etimadın iqtisadi qərarlara çevrilməsinin nəticəsidir. İqtisadi əlaqələrin əvvəlki səviyyə ilə müqayisədə intensivləşməsi hökumətlərə uzunmüddətli layihələr üzrə daha cəsarətli qərarlar qəbul etməyə imkan verir. Dövlətlərarası münasibətlərdə sabitlik və qarşılıqlı siyasi dəstək sahibkarlar üçün riskləri də əhəmiyyətli dərəcədə azaldır. Bu dinamikanın artımı həm də ticarət əlaqələrinin institusional bazasının genişlənməsidir.

Özbəkistan Mərkəzi Asiyanın mühüm iqtisadi mərkəzlərindən biridir. Azərbaycan isə Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya ilə Qafqazı, Türkiyəni və Avropa bazarlarını birləşdirən mühüm nəqliyyat qovşağına çevrilir. Orta Dəhliz üzrə yükdaşımaların artması iki ölkə arasında ticarətin coğrafi və iqtisadi əsaslarını gücləndirir. Özbəkistanın sənaye, kənd təsərrüfatı, tekstil və qida məhsullarının Azərbaycan üzərindən daşınması, Azərbaycanın isə Mərkəzi Asiya bazarlarına çıxış imkanlarının genişlənməsi ticarət dövriyyəsinin artmasına birbaşa təsir göstərir.

Müasir iqtisadi münasibətlərdə daha dayanıqlı nəticə investisiya və istehsal əməkdaşlığının genişlənməsi ilə əldə olunur. Bu baxımdan, iki ölkənin birgə investisiya layihələrinə xüsusi əhəmiyyət verməsi təqdirəlayiqdir. Hər iki ölkənin kapital imkanlarını birləşdirilməsi gələcəkdə sahibkarlar üçün yeni layihələrin həyata keçirilməsinə əlavə imkanlar yaradır. Çünki birgə istehsal və investisiya layihələri həm yeni iş yerlərinin yaradılmasına, həm texnologiya və təcrübə mübadiləsinə, həm də əlavə dəyərin formalaşmasına şərait yaradır. Bu istiqamətdə avtomobil sənayesi, kənd təsərrüfatı, tekstil, qida sənayesi, maşınqayırma və digər sahələrdə əməkdaşlıq üçün kifayət qədər potensial mövcuddur.

Xüsusilə kənd təsərrüfatı və emal sənayesində əməkdaşlıq maraqlı nəticələr verə bilər. Çünki hər iki ölkədə kənd təsərrüfatının iqtisadiyyatda mühüm çəkisi var və bu sahədə təcrübə mübadiləsi, texnologiyaların tətbiqi və birgə müəssisələrin yaradılması qarşılıqlı fayda yarada bilər.

Azərbaycan və Özbəkistan əməkdaşlığının perspektiv istiqamətlərindən biri də enerji sektorudur. Azərbaycanın enerji resursları, nəqliyyat infrastrukturu və beynəlxalq enerji bazarlarına çıxış imkanları, Özbəkistanın isə böyük iqtisadi və enerji potensialı qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradır. Xüsusilə bərpa olunan enerji mənbələri, enerji səmərəliliyi və regional enerji layihələri daha böyük əhəmiyyət qazanır. Bu sahədə Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın inkişafı gələcəkdə yeni enerji dəhlizlərinin formalaşmasına imkan verə bilər. Çünki enerji layihələri böyük kapital, uzunmüddətli maliyyələşmə və sabit tənzimləmə mühiti tələb edir. Bununla da hər iki ölkə arasındakı enerji əməkdaşlığının gələcəyi yalnız neft və qazla məhdudlaşmayacaqdır.

Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin 2025-ci ildə 795 milyon dollara çatması böyük iqtisadi dinamikanın göstəricisidir. Lakin əsas məsələ bu dinamikanın ölkənin regionlarına necə transformasiya olunacağıdır.

Gələcəkdə Özbəkistanın investisiya layihələrinin regionlara, o cümlədən Naxçıvana istiqamətləndirilməsi muxtar respublikada yeni istehsal sahələrinin yaradılmasına stimul verə bilər. Burada xüsusilə kənd təsərrüfatı və onun emalı, yüngül sənaye, qida sənayesi, logistika, turizm və bərpa olunan enerji kimi sahələrə diqqət yetirmək olar. Naxçıvanın iqlim və təbii resurs imkanları, kənd təsərrüfatı ənənələri və turizm potensialı Özbəkistan şirkətləri üçün də maraqlı investisiya istiqamətləri formalaşdıra bilər.

Azərbaycan, Özbəkistan və Türkiyənin iqtisadi əlaqələrinin bir-birini tamamlayan hissələri Naxçıvanın iqtisadi inkişafına da əlavə impuls verə bilər.

Özbəkistanın istehsal və ixrac imkanları, Azərbaycanın tranzit və logistika potensialı, Naxçıvanın isə Türkiyə ilə birbaşa bağlantısı müəyyən məhsullar üzrə yeni regional təchizat zəncirinin formalaşmasına şərait yarada bilər.

Naxçıvan sahibkarları Özbəkistanda keçirilən biznes-forumlarda, sərgilərdə və investisiya tədbirlərində daha fəal iştirak etməklə özbək iş adamları və investorları ilə birbaşa biznes əlaqələrinin qurulmasına nail ola bilərlər. Bu baxımdan, Naxçıvanın üç əsas istiqamətdə logistika, istehsal və investisiyalarla regional iqtisadi əlaqələrdə fəal iştirak etməsi uzunmüddətli əməkdaşlıq üçün qarşılıqlı ixrac imkanlarının genişləndirilməsinə və məhsul çeşidinin balanslaşdırılmasına şərait yaradacaqdır.

Azərbaycan və Özbəkistan arasında iqtisadi münasibətlər nəticə kimi yox, gələcək iqtisadi fürsətlərin və imkanların göstəricisi kimi qiymətləndirilməlidir. Naxçıvan isə həmin imkanların reallaşdırılmasında öz coğrafi və iqtisadi üstünlüklərindən daha fəal istifadə edə bilər.

Turqan BABAYEV

Naxçıvan Dövlət Universitetinin dosenti,

                                  iqtisad üzrə fəlsəfə doktoru

Nəşr edilib : 26.08.2026 12:00