NAXÇIVAN :

14 May 2025, Çərşənbə

Bakıda keçirilən “InterFood Azerbaijan” və “Caspian Agro” sərgilərinin ilk günü başa çatıb

...

Bakı Ekspo Mərkəzində XXX Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” və XVIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgiləri öz işinə başlayıb.
“Şərq qapısı” xəbər verir ki, sərginin açılış mərasimində çıxış edən kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov bildirib ki, son illərdə ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində genişmiqyaslı islahatlar həyata keçirilib, dövlət dəstək mexanizmləri gücləndirilib, fermerlərin texnologiya və maliyyə resurslarına çıxışı asanlaşdırılıb. Fermerlərimizin müasir kənd təsərrüfatı texnikası, dəqiq əkinçilik sistemləri, rəqəmsal idarəetmə vasitələri və ekoloji təmiz istehsal texnologiyaları ilə tanış olması üçün imkanlar yaradılıb. Elçin Zeynalov qeyd edib ki, kənd təsərrüfatı və qida sənayesində innovativ həllər və yeni texnologiyaların təqdim edildiyi builki sərgidə süni intellektin tətbiqinə əsaslanan yeni həllər, ağıllı idarəetmə sisteminə əsaslanan avtomatlaşdırılmış texnologiyalar, enerji və resursqoruyucu texnologiyalar, alternativ enerji mənbələrindən istifadəyə imkan verən avadanlıqlar, iqlim dəyişikliyinə davamlı kənd təsərrüfatı məhsulları və dayanıqlı təsərrüfatçılıq həllərinin nümayişinə üstünlük verilib.
Azərbaycanda iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsirlərini azaltmaq, torpaq və su ehtiyatlarından səmərəli istifadəni genişləndirmək, kənd təsərrüfatını daha ekoloji və səmərəli hala gətirmək üçün innovativ yanaşmalar tətbiq edilir. Daha çox rəqəmsal həllərin tətbiqi, elektron kənd təsərrüfatı platformalarının genişləndirilməsi, aqrar sahədə çalışan sahibkarlar üçün maliyyə və sığorta alətlərinin əlçatanlığının artırılması da bu sahədə əsas hədəflərdəndir.
Tədbirdə çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib ki, dünyada baş verən qlobal iqlim dəyişiklikləri və iqtisadi-siyasi sınaqların mövcud olduğu bir dövrdə ölkəmizdə qlobal, inkişafyönümlü tədbirlər həyata keçirilir: “Son illər ölkəmizdə digər sahələrlə birgə qida təhlükəsizliyi sahəsində həyata keçirilən islahatlar, görülən işlər nəticəsində kənd təsərrüfatı və qida sənayesinin yüksəlişi daxili və xarici bazarda yeni imkanların, iqtisadi-ticari əlaqələrin daha da genişlənməsi, ölkəmizdə istehsal olunan bir sıra qida məhsullarının ixrac potensialı üçün münasib şərait yaradır”.
Sərginin açılış mərasimindəki çıxışında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov sərgilərin KOB-ların satış imkanlarının genişləndirilməsi, məhsul və xidmətlərinin tanıdılmasında önəmini qeyd edib. KOBİA sədri bildirib ki, 2018-ci ildən etibarən 1500-dən çox startap, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin müxtəlif ixtisaslaşmış yerli və xarici sərgilərdə və yarmarkalarda iştirakına KOBİA tərəfindən dəstək göstərilib. Agentlik “Caspian Agro” və “İnterFood Azerbaijan” sərgilərinə dəstək göstərən qurumlar sırasındadır. Əvvəlki illərdə olduğu kimi, bu il də KOB-ların bazarlara çıxışının və satış imkanlarının genişləndirilməsinə dəstək məqsədilə KOBİA-nın stendində aqrar və qida sektorlarında fəaliyyət göstərən 10-a yaxın KOB subyektinin məhsul və xidmətləri təqdim edilir.
Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev agentliyin ixracatçılara yerli və beynəlxalq sərgilərdə iştirakına göstərdiyi dəstək haqqında danışıb, ölkəmizin bu il “Made in Azerbaijan” brendi altında bir sıra beynəlxalq sərgilərdə təmsil olunacağını diqqətə çatdırıb.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev deyib ki, Azərbaycanda aqrar sahənin inkişafı həm əhalinin məşğulluğu, həm də ölkəmizin ərzaq təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə yüzlərlə müasir aqroparklar, emal müəssisəsi, yeni istehsal sahələri yaradılıb. Nəticədə daxili tələbatın ödənilməsində yerli məhsulların payı artıb, ixrac olunan məhsulların həcmi genişlənib.
FAO-nun ölkəmizdəki nümayəndəsi Muhammad Nasar Hayat öz növbəsində ötən ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyasının əhəmiyyətinə toxunub. FAO rəsmisi əlavə edib ki, yüksək səviyyədə təşkil olunan bu mötəbər beynəlxalq tədbir qlobal iqlim dəyişikliyi ilə mübarizədə mühüm platforma rolunu oynayıb. O, Azərbaycan hökumətinin davamlı aqro-ərzaq sistemlərinin təşviqi, iqlim dəyişikliyi ilə mübarizəyə mühüm önəm verdiyini vurğulayıb.
Sərginin əhəmiyyətindən söz açan "Caspian Event Organisers" şirkətinin baş direktoru Fərid Məmmədov qeyd edib ki, “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri bu gün artıq təkcə Azərbaycanın deyil, bütün regionun aparıcı aqrar tədbirləri kimi tanınır. Bu sərgilər öz sahəsində artıq qlobal əməkdaşlıq məkanına çevrilərək, iqtisadi tərəfdaşlıqların qurulmasına və sektorun inkişafına ciddi töhfə verir.
Daha sonra nümayəndə heyəti “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar.
Qeyd edək ki, Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını və açıq sahəsini əhatə edən builki “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində 31 ölkədən 450 şirkət iştirak edir. Sərgilərə Azərbaycanla yanaşı, Almaniya, ABŞ, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Cənubi Koreya, Fələstin, Finlandiya, Gürcüstan, Hindistan, İordaniya, İran, İspaniya, İsrail, İsveç, İtaliya, Kanada, Latviya, Misir, Niderland, Özbəkistan, Qazaxıstan, Rusiya, Serbiya, Şri-Lanka, Türkiyə, Türkmənistan və Yunanıstandan şirkətlər qatılıb. Almaniya, Belarus, Cənubi Koreya, Gürcüstan, İtaliya, Niderland, Şri-Lanka, eləcə də ilk dəfə olaraq Misir Milli Qrupları sərgidə kənd təsərrüfatı və qida sənayesi məhsullarını nümayiş etdirirlər.
Bu il ilk dəfə olaraq dörd gün davam edəcək “Caspian Agro” sərgisində kənd təsərrüfatında tətbiq olunan müasir innovativ texnologiyalar, texnikalar, müasir suvarma sistemləri nümayiş olunur. İştirakçılar Elektron Kənd Təsərrüfatı, robototexnika, pilotsuz uçuş aparatları, IT xidmətləri, süni intellekt, ağıllı kənd, startaplar, alternativ enerji mənbələri, “Green agro” kimi smart bölmələrdə maraqlı məlumatlar əldə edə bilərlər.
Builki sərgidə ilk dəfə olaraq balıqçılıq və akvakultura sahəsi də təmsil olunur. “Caspian Agro” sərgisi balıqçılıq və akvakultura sahəsinin də inkişafına dəstək verəcək innovativ həllərin və qabaqcıl texnologiyaların nümayişi üçün mühüm platformadır.
Sərgi çərçivəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə II Beynəlxalq Aqrar İnnovasiya Forumu keçiriləcək. II Beynəlxalq Aqrar İnnovasiya Forumu çərçivəsində müasir kənd təsərrüfatı yanaşmalarında aqropark modeli, süni intellektin aqrar sahədə tətbiqi, aqrar sığorta sisteminin inkişaf perspektivləri, dayanıqlı qida sistemləri, kənd təsərrüfatı və qida elmləri sahəsində təcrübə mübadiləsi, innovativ kənd təsərrüfatı, aqrar sahədə qadınların rolu və digər vacib mövzular üzrə müzakirələr aparılacaq.
Hər il olduğu kimi, bu il də təşkilatçılar regionlardan gələn fermerlər üçün sərgi üzrə turlar təşkil edəcəklər. Bu il ilk dəfə olaraq azad edilmiş ərazilərdə fəaliyyət göstərən fermerlər də sərgi üzrə keçirilən turlara qatılırlar. Sərgi çərçivəsində Azərbaycanın 57 rayondan fermerlər qabaqcıl texnologiyalar və yeni sənaye təcrübələri ilə tanış olmaq imkanı əldə edəcəklər.

Nəşr edilib : 13.05.2025 20:08