İspaniya Krallığı Deputatlar Konqresinin sədri Azə...
22:32 22.01.2026
0
0
0
NAXÇIVAN :
23 Yanvar 2026, Cümə
Hər bir uşağın dünyası rəngli, maraqlı və sonsuz xəyal gücü ilə zəngindir. Bu rəngarəng aləmin formalaşmasında isə kitabların rolu əvəzolunmazdır. Məhz buna görə də kitablar balaca oxucular üçün yalnız bir mütaliə vasitəsi deyil, həm də xəyal güclərini qanadlandırdığı qiymətli mənbədir. Ona görə də ölkəmizdə, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda kitabxanaların fəaliyyətinə böyük önəm verilir. Belə mədəniyyət müəssisələrində uşaqlar kitablarla tanış olur, yeni biliklər əldə edir, müxtəlif tədbirlərdə iştirak edərək həm maariflənir, həm də əylənirlər. Kitabxanalar təkcə kitab mütaliəsi üçün məkan deyil, burada uşaqlar üçün nağıl günləri, ədəbi-bədii tədbirlər, təhsil yönümlü viktorinalar, kitab sərgiləri, interaktiv görüşlər və oxu saatları keçirilir.
Naxçıvan şəhərinin mərkəzində qərarlaşmış Adil Babayev adına Uşaq Kitabxanası isə məktəbyaşlı uşaqların daha çox üz tutduqları ünvanlardan biridir. Kitabxananın fəaliyyəti, keçdiyi inkişaf yolu və bugünkü iş prinsipləri barədə məlumat almaq üçün kitabxananın direktor müavini Kəmalə Ağayeva ilə həmsöhbət olduq. Müsahibimiz bildirdi ki, kitabxana 1935-1965-ci illərdə şəhər kitabxanasının uşaq şöbəsi kimi fəaliyyət göstərsə də, 1965-ci ildən etibarən müstəqil Uşaq Kitabxanasına çevrilib: “Əsas məqsəd uşaqlara və yeniyetmələrə kitabxana xidməti göstərmək, eyni zamanda digər uşaq kitabxanalarına metodik yardım etmək idi”.
Kitabxananın bu günə qədər keçdiyi yol isə, həqiqətən də, diqqətəlayiqdir. Əvvəllər Naxçıvan şəhərinin müxtəlif ünvanlarında fəaliyyət göstərən kitabxana 2022-ci ildən Həsən Əliyev küçəsində inşa edilmiş müasir, geniş və işıqlı binaya köçürülüb. Hazırda burada 110 mindən çox çap məhsulu uşaqların istifadəsinə verilib. Kəmalə Ağayevanın sözlərinə görə, kitabxanada 4 şöbə fəaliyyət göstərir və şöbə əməkdaşları üzərlərinə düşən tapşırıqları yüksək səviyyədə yerinə yetirməyə çalışır. Şöbələrdən biri Oxuculara xidmət şöbəsidir. Burada uşaqlarla mütəmadi təmasda olunur, onların maraqları və yaş xüsusiyyətləri nəzərə alınaraq kitablar seçilir.
Qeyd edək ki, bu günlərdə Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasına yeni kitablar təqdim olunub.
Kitablar Bakıda fəaliyyət göstərən uşaq ədəbiyyatına xüsusi marağı olan və maarifləndirici təşəbbüsləri dəstəkləyən bir kitabsevər tərəfindən kitabxanaya hədiyyə edilib. Bu nəcib təşəbbüs uşaqların oxu vərdişlərinin formalaşması, dünyagörüşlərinin genişlənməsi və kitablarla erkən yaşdan dostluq etməsi baxımından yüksək qiymətləndirilir.
Öyrəndik ki, kitabxanada “Nağıl günü”, “Oxucu günü”, “Mütaliə günü”, eləcə də şəhid ailələri və qazilərlə görüşlərin, viktorinaların, təqdimatların və kitab müzakirələrinin keçirilməsi diqqət mərkəzində saxlanılır. Müsahibim uşaqların kitaba sevgisinin yalnız məktəblə məhdudlaşmaması istiqamətində görülən işləri də diqqətimizə çatdırır: “Çalışırıq ki, onlar istirahət zamanı da oxumaq istəyini hiss etsinlər. Yay aylarında park və açıq məkanlarda kitab sərgiləri təşkil edirik. Əlavə olaraq məhdud fiziki imkanlı uşaqlara evlərində xidmət göstəririk. Ən maraqlı layihələrdən biri “Nağıl günləri”dir. Hər həftənin ikinci günü bağçalarda keçirilən bu tədbir uşaqlar üçün seçmə nağılların oxunması, nağıl kitabları sərgilərinin təşkili və cizgi filmlərinin nümayişi ilə yadda qalır. Biz uşaqlara xeyirin hər zaman şər üzərində qalib gəldiyini aşılamaq, onlarda milli və mənəvi dəyərlərə bağlılıq yaratmaq istəyirik. Bu görüşlərdə uşaqlar nağılların sehrli dünyasına səyahət edir, bəzən qəhrəmanlara çevrilərək interaktiv oyunlara qatılır, bəzən isə özləri hekayə qurmağa başlayırlar”.
Kitabxanada gəldiyimiz qənaət belə oldu ki, burada mütaliə vərdişlərinin aşılanması, uşaqlarda təfəkkür və yaradıcılıq bacarıqlarının inkişafı istiqamətində görülən işlər bu gün də uğurla davam etdirilir. Bu kitabxananın qapısından içəri girən hər bir uşaq, əslində, gələcəyinə bir addım atmış olur.
Zəhra VƏLİYEVA
Digər xəbərlər