Naxçıvanlı güləşçilər Artvindən böyük zəfərlə qayı...
14:26 18.09.2026
0
0
0
NAXÇIVAN :
18 Sentyabr 2026, Cümə
18 sentyabr Azərbaycan musiqi tarixində xüsusi yeri olan təqvimdir. Bu tarixdə dünyaya gələn sənətkarlardan biri də bəstəkar, dirijor, pedaqoq və musiqi xadimi Müslüm Maqomayevdir. Maraqlıdır ki, həmin gün onun Qori Müəllimlər Seminariyasında tanış olduğu, sonralar yaxın dostu və məsləkdaşı olan Üzeyir Hacıbəylinin də doğum günüdür. 18 sentyabrın ölkəmizdə, “Milli Musiqi Günü” kimi qeyd olunması isə bu tarixi Azərbaycan musiqisi üçün daha da əlamətdar edir.
Müslüm Maqomayev 1885-ci il sentyabrın 18-də dünyaya gəlib. Sonralar Azərbaycan professional musiqisinin formalaşmasında mühüm rol oynayacaq bəstəkar, dirijor və pedaqoqun sənətə münasibəti hələ uşaqlıq illərindən özünü göstərib. Ailəsində musiqiyə olan maraq Maqomayevin bir bəstəkar kimi formalaşmasında mühüm rol oynayıb. Qori Müəllimlər Seminariyasında təhsil aldığı illərdə isə o təkcə dərsləri ilə seçilən tələbə deyildi. Musiqiyə xüsusi maraq göstərir, seminariyanın orkestrində, hətta bəzi hallarda dirijoru əvəz edirdi. Məhz burada Üzeyir Hacıbəyli ilə tələbə yoldaşlığı dostluğa, qardaşlığa, daha sonra isə qohumluğa çevrilir.
Müslümün xarakterini və musiqiyə bağlılığını göstərən ən maraqlı xatirələrdən biri onun seminariyanı bitirdikdən sonrakı illərinə aiddir. Gənc müəllim Bekoviçdə işləyərkən kənd həyatının yeknəsəkliyini Qoridəki ilk musiqi müəlliminə yazdığı məktubda bölüşür. Məktubdakı bir cümlə, xüsusilə yadda qalır: “Tale məni uzaq bir kəndə salmışdır. Burada yeganə sevincim sizin mənə verdiyiniz taxta parçasıdır…”
O “taxta parçası”, əslində, adi bir əşya olmur. Seminariyanı əla qiymətlərlə başa vurması münasibətilə müəlliminin sevimli şagirdinə bağışladığı skripka idi. Gənc Müslüm üçün bu skripka uzaq kənddə onu musiqidən ayırmayan, seminariya illərini və müəllimini xatırladan ən qiymətli əşyalardan birinə çevrilmişdi. Bəlkə də həmin məktubun ən maraqlı tərəfi elə budur: illər sonra böyük bəstəkar kimi tanınacaq bir insanın həyatında musiqinin necə sadə, amma güclü bir bağla yer aldığını görürük.
Müslümün sonrakı fəaliyyəti də onun musiqiyə yalnız bəstəkar kimi deyil, həm də maarifçi kimi yanaşdığını göstərir. Müəllimlik etdiyi illərdə Lənkəranda nəfəs alətləri orkestri, xor, eləcə də balalayka çalanlar ansamblı təşkil edir. Yəni onun üçün musiqi yalnız səhnədə səslənən əsər deyil, insanları bir araya gətirən, zövq formalaşdıran və cəmiyyətin mədəni həyatına təsir göstərən bir vasitə idi.
Sonralar Bakıya gələn Müslüm Maqomayevin qarşısında daha geniş bir yaradıcılıq meydanı açılır. O, opera tamaşalarının dirijoru kimi fəaliyyət göstərir, Azərbaycan səhnəsində professional dirijorluq ənənəsinin formalaşmasına töhfə verir. Azərbaycan xalq musiqisinin toplanması və nota alınması, “Azərbaycan türk el nəğmələri” məcmuəsinin hazırlanması, “Şah İsmayıl” operasının yaradılması onun musiqi tariximizdəki xidmətləri sırasında xüsusi yer tutur.
Maraqlıdır ki, Müslüm Maqomayev haqqında xatirələrdə onun yalnız bəstəkar və dirijor kimi fəaliyyətindən deyil, həm də çox çalışqan və zəhmətkeş olmasından, gözəl şəkil çəkməsindən, müxtəlif musiqi alətlərində də ifa etməyi bacarmasından bəhs olunur. Bu xatirələr onun şəxsiyyətinin yalnız səhnədə görünən tərəfini deyil, gündəlik həyatda maraqlarını, zəhmətini və sənətə münasibətini də tamamlayır.
Böyük sənətkarların həyatına bəzən onların yaratdığı əsərlərdən deyil, ən adi görünən bir detalın izindən baxmaq mümkün olur. Müslüm Maqomayevin uzaq bir kənddə “yeganə sevincim” adlandırdığı həmin skripka da belə detallardandır. O skripkanın səsi zamanla böyük səhnələrə, orkestrə, operaya və Azərbaycan musiqisinin inkişafına gedən uzun bir yolun başlanğıcında dayandı. Bu gün Müslüm Maqomayevin adı çəkiləndə həmin yolun arxasında yalnız böyük əsərlər deyil, musiqini həyatının ayrılmaz hissəsinə çevirən bir insanın zəhməti, sevgisi və sənətə sədaqəti görünür.
Səmayə RƏSULOVA
Digər xəbərlər