NAXÇIVAN :

23 May 2025, Cümə

“Biz gedirik, ancaq qalır ruzigar Biz ölürük, əsər qalır yadigar”

...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Möminə xatun

türbəsinin bərpası ilə bağlı Sərəncam imzalayıb

İnsanların ən qədim zamanlardan məskunlaşdığı Azərbaycan ərazisində, o cümlədən onun ayrılmaz tərkib hissəsi və mühüm mədəniyyət mərkəzlərindən olan Naxçıvan bölgəsində tarixin müxtəlif dövrlərində zəngin mədəni irs yaradılmışdır. Bu irsin tərkibində orta əsrlər zamanı Naxçıvan şəhərində və digər yerlərdə ucaldılmış tarix-memarlıq abidələri xüsusi yer tutur. Bu abidələrin bir hissəsi zaman keçdikcə təbii və sair qüvvələrin təsirindən məhv olsa da, müəyyən bir hissəsi zəmanəmizə qədər nisbətən salamat və ya yarım dağılmış vəziyyətdə gəlib çıxmışdır. Ona görə də xalqımızın yetişdirdiyi sənətkarların əməyinin məhsulu olan bu abidələrin qorunub saxlanması, tədqiqi, təbliği, bərpası və gələcək nəsillərə çatdırılması çox vacibdir.

Çox yaxşı haldır ki, ölkə ərazisində indiyədək qalan tarix və mədəniyyət abidələri yüksək səviyyədə dövlət qayğısı ilə əhatə olunmuşdur. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin genişmiqyaslı fəaliyyətində xalqımızın minilliklər boyu yaratdığı mədəni irsimizə, milli-mənəvi dəyərlərimizə diqqət və qayğı əsas yerlərdən birini tutur. Biz dövlət başçısının bu diqqət və qayğısını onun Azərbaycan Respublikasının Prezidenti kimi bütün fəaliyyəti ərzində həm bütün Azərbaycan miqyasında, həm də konkret olaraq Naxçıvan bölgəsindəki tarix və mədəniyyət abidələrimizə münasibətində görürük. Cənab Prezidentin 2024-cü il 21 fevral tarixdə imzaladığı Sərəncamla orta əsr şəhərsalma mədəniyyətini özündə qoruyub saxlayan və Naxçıvan Muxtar Respublikasının ən böyük şəhərlərindən olan Ordubad şəhərinə Dövlət Tarix-Mədəniyyət Qoruğu statusu verilməsi bunun bariz ifadəsidir.

22 may 2025-ci ildə tarix-memarlıq abidələrinə yüksək dövlət qayğısının yeni bir parlaq nümunəsinin şahidi olduq. Həmin gün cənab Prezident “Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında” Sərəncam imzaladı. Bu Sərəncam Möminə xatun türbəsinin özünəməxsus tarixi görkəminin və dəyərinin qorunub saxlanması və gələcək nəsillərə çatdırılması məqsədilə imzalanıb. Bərpası və qorunub saxlanmasına, gələcək nəsillərə çatdırılmasına çox böyük əhəmiyyət verdiyinə görə dövlət başçısı bu işlərin aparılması üçün müvafiq Sərəncamla Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1 (bir) milyon manat vəsait ayırmışdır. Çünki Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin 1175-1186-cı illərdə ucaltdığı Möminə xatun türbəsi Azərbaycan memarlığının nadir nümunələrindən biridir. Bu möhtəşəm memarlıq abidəsi 1136-cı ildə tarix səhnəsinə çıxan Azərbaycan Atabəyləri dövlətinin banisi Şəmsəddin Eldənizin əmri ilə 1175-ci ildə vəfat edən xanımı Möminə xatunun xatirəsinə ucaldılmışdır.

Eldənizlər dövlətinin birinci xanımı kimi Möminə xatun ağlı, qabiliyyəti, bacarığı ilə sarayda və xalq arasında böyük hörmət qazanmışdı. O, sarayda mühüm söz sahibinə,  əri Şəmsəddin Eldənizin yaxın məsləhətçisinə çevrilmiş, Azərbaycan Atabəyləri dövləti kimi nəhəng bir dövlətin siyasi həyatında fəal rol oynamış, özünün ağıllı məsləhətləri və tövsiyələri ilə dövlətin idarə olunmasında iştirak etmişdir. Şəmsəddin Eldəniz ən yaxın silahdaşı kimi ölkəyə səyahətləri zamanı Möminə xatunu özü ilə aparmış, dövlət əhəmiyyətli məsələlərin həllində həmişə onun tövsiyə və məsləhətlərini nəzərə almışdır. Nəticədə, Şəmsəddin Eldəniz heç vaxt saraydaxili çəkişmələrə, intriqalara, fitnə-fəsadlara uymamış, obyektiv mövqe nümayiş etdirmişdir. 

Möminə xatun diplomatik manevrləri sayəsində sarayda yaranan ziddiyyətləri, hətta 1161-ci ildə İraq sultanlığında hakimiyyətə keçmiş oğlu Arslan şahla əri Şəmsəddin Eldəniz arasındakı narazılığı aradan qaldıra bilmiş və onlar arasında normal münasibətlərin yaranmasına nail olmuşdu. Mənbələrin Möminə xatunun oğlu Arslan şaha verdiyi öyüd-nəsihətlə bağlı bizə çatdırdığı fikirlər onun nə qədər böyük diplomat, siyasətçi bir qadın olduğunu açıq-aydın göstərir. Belə uzaqgörən və ağıllı fəaliyyəti nəticəsində Möminə xatun əri Şəmsəddin Eldənizin hakimiyyətinin möhkəmlənməsinə və onun bütün sultanlığın gerçək sahibinə çevrilməsinə nail olmuşdu.

Müsbət və nadir keyfiyyətlərinə görə Naxçıvan şəhərindəki qəbri üzərində  əri Şəmsəddin Eldənizin əmri ilə ucaldılan türbənin kitabəsində Möminə xatunun adı “Dünyanın və dinin şöhrəti, islamın və müsəlmanların sərəfi” kimi qeyd edilib.

Bu türbə Hindistanda Böyük Moğollar imperiyasının qüdrətli hökmdarlarından olan Cahan şahın əmri ilə arvadı Mümtaz Mahalın xatirəsinə 1632-1653-cü illərdə ucaldılməş abidə ilə birlikdə qadının, ananın xatirəsinə inşa edilmiş çox möhtəşəm bir nümunədir. Ancaq qeyd etmək yerinə düşər ki, Möminə xatun türbəsi dünyanın yeni yeddi möcüzəsindən biri sayılan Tac Mahal abidəsindən, təxminən,  beş əsr (468 il) əvvəl inşa edilmişdir. Akademik M.V.Alpatov türbə haqqında yazır: “XII əsr Azərbaycan ustalarının Naxçıvanda yaratdığı Möminə xatun türbəsi nadir gözəllik və zəriflik abidəsidir. Möminə xatun türbəsi Şərqin ən gözəl klassik əsərləri – Firdovsinin “Şahnamə”si və Nizaminin “Leyli və Məcnun”u kimi əbədidir”. Abidənin memarı Əcəmi Naxçıvani türbənin üzərində belə bir beyt yazmışdır:

                 “Biz gedirik, ancaq qalır ruzigar,

                  Biz ölürük, əsər qalır yadigar”.

Möminə xatun türbəsi 1186-cı ildən bəri, 839 ildir ki, təbii qüvvələrin təsirinə mətanətlə sinə gərərək Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucalır, seyr edənləri öz gözəlliyi ilə heyran edir. Ona görə də bu əvəzolunmaz tarixi abidənin ömrünü daha da uzatmaq, gələcək nəsillərə ərməğan etmək üçün əsaslı tədbirlərin həyata keçirilməsinə böyük ehtiyac var idi. Bu baxımdan türbə haqqında imzalanan adıçəkilən sərəncam vaxtında imzalanmış mühüm dövlət sənədi kimi böyük əhəmiyyətə malikdir.

Hacıfəxrəddin SƏFƏRLİ

AMEA-nın müxbir üzvü, professor

Nəşr edilib : 23.05.2025 11:28