Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti...
11:55 28.06.2026
0
0
0
NAXÇIVAN :
28 Iyun 2026, Bazar
Tarixən memarlıq, sadəcə, sığınacaq qurmaq, binalar ucaltmaq və ya hər hansı abidəni inşa etmək sənəti olmayıb. O həm də cəmiyyət inancını, fikrini, dünyagörüşünü daşlara naxışlarla həkk etmə üsuludur. Elə bu mənada, Naxçıvanda İslam mədəniyyətinin, Şərq memarlığının incə, eyni zamanda əzəmətli nümunələri olan tarixi məscidlərimiz, sadəcə, bizlər üçün ibadətgah deyil, həm də zamanın donmuş, daşlaşmış yaddaşıdır. Əsrlərin sınağından keçmiş, üzərində tarixin izlərini daşıyan bu müqəddəs məkanlar həm də şəhərimizin ruhudur.
İdeoloji çevrilişlərə sinə gərərək günümüzə qədər gəlib çatan mənəviyyat qalalarından birindəyik – Naxçıvan şəhərindəki Came məscidində. Bu məscid, sadəcə, daşdan, kərpicdən ibarət deyil. O həm də Naxçıvanın mədəniyyət pasportudur. Bəzən şəhərin qəlbini bürüyən o xəfif dumanın içindən süzülüb gələn azan səsi yalnız bir ibadət çağırışı olmur, həm də daşların, tarixin sükutdan yenidən canlanmasına səbəb olur.
Tarixi bir məscidin qapısından içəri addım atarkən insanı, ilk növbədə, qəribə bir sükut, dinclik qarşılayır. Çöldəki müasir həyatın səs-küyü, təlaşı bu qədim daş divarların arxasında sanki yox olub gedir. Naxışlı pəncərələrinə baxdıqda yuxarıdan süzülən Günəş şüaları daxildəki toz zərrəcikləri ilə birləşərək məkana mistik bir hava qatır. Başını yuxarı qaldırıb günbəzə baxırsan. İçəridə pıçıltı ilə danışarkən səsin divarlara dəyərək əks-səda verməsi qədim memarların mühəndislik zəkası sayəsində məscidin daxilində mükəmməl bir iqlim yaradır. Bu zaman insanın daxilində eyni bir ruhun fərqli təzahürləri döyünür: Allaha olan sevgi və sənətə olan bu qədər bağlılıq.
Ayaqqabılarımızı çıxarıb qalın, naxışlı xalçaların üzərinə addım atdıqca içərinin sərinliyi insanı valeh edir. Məscidin axundu Nəbi Salahovla söhbətləşirik. Deyir ki, Came məscidi zaman-zaman dağıntılara məruz qalsa da, aparılan restavrasiya işləri onun ilkin əzəmətini qoruyub saxlayıb: “1918-ci ildə ermənilərin Naxçıvana hücumu zamanı məscidin minarəsi zədələnib. Məhz minarənin dağıdılmasına görə bəzən bura “Şəhid” məscidi də deyirlər. Bu məsciddə, eyni zamanda 300-ə yaxın insan ibadət edə bilər. Ən əsası, bu tarixi abidəmizin ibadət məkanının bir də fərqi ondadır ki, sovet höküməti dövründə bütün məscidlər bağlansa da, Came məscidi öz fəaliyyətini davam etdirib”.
Məscidin axundunun dediyi kimi, bu məscidlər, abidələr həm də bir millətin tarixinin simvoludur. Onların da taleyi aid olduqları xalqın taleyi ilə birgə yoğrulur: xalq sevinəndə bu məscidlərin minarələrindən zəfər azanları ucalır, xalq kədərlə üzləşəndə isə bu müqəddəs məkanlar yaralanır, lakin heç vaxt mənəvi əzəmətini itirmir. Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın sədri Əli Orucov qeyd edir: “El arasında bu məscidə həm də Şəhər məscidi deyirlər. Came məscidi sosial, iqtisadi və ideoloji baxımdan hər zaman ön planda olub. Ümumiyyətlə, tarixi məscidlərimiz keçmişlə gələcək arasında qurulmuş möhkəm mənəvi körpülərdir. Onların minarələrindən yüksələn səs təkcə ibadətə çağırış deyil, həm də tarixin dərinliklərindən gələn, bizi birliyə, sülhə, gözəlliyə və mənəvi saflığa səsləyən əbədi bir pıçıltıdır. Düşünürəm ki, nə qədər ki bu məscidlərimiz qorunub saxlanılır, belə tarixi abidələr ucalır, xalqın yaddaşı və ruhu da eləcə uca və sarsılmaz qalacaqdır”.
“Daşlar bəzən insanlardan daha sadiq şahid olurlar”, – deyirlər. Onlar üzərlərindəki hər bir zərbənin və hər bir sevgi toxunuşunun yaddaşını əsrlərlə qoruyub saxlamağı bacarırlar. Tarixi Came məscidinin memarlıq fəlsəfəsində diqqətçəkən məqam isə keçiciliklə əbədiliyin vəhdətidir. Şərq memarlığında tətbiq olunan o mürəkkəb həndəsi naxışlar, sonsuzluğa doğru uzanan motivlər və göy üzünü simvolizə edən günbəzi, minarəsi insana bu dünyanın müvəqqəti, Tanrının və mənəvi dəyərlərin isə sonsuz olduğunu xatırladır.
Pəncərələrdən daxil olan Günəş şüaları günün fərqli saatlarında məscidin daxilini bir rəssam fırçası kimi boyayır. Bu sonsuz gözəlliklərin hər gün şahidi olan Nəbi Salahov deyir ki, sanki öncədən hesablanan işıq və kölgə oyunları elə onu bənzərsiz bir xəyallara aparır. Xatirələrini bölüşür bizimlə, uzun illərdir, Came məscidinin sakinidir, “Evimdir bura”, – deyir, silinməz xatirələri var burada: “Bura bəndənin və ruhunun Allahla mənəvi dialoq qurduğu məkandır. İslam mədəniyyətində, mənəviyyatında məscidlər insanın öz yaradanı ilə baş-başa qaldığı, ruhunun dinclik tapdığı ən saf yerdir. Saysız-hesabsız xatirələrimdən biri də mənim gənc yaşlarımda – Ulu Öndər Heydər Əliyevin Naxçıvanda çalışarkən buraya tez-tez gəlməsi idi. Hər zaman müqəddəs günlərdə sakit və tək gələr, burada əyləşər, moizələrə qulaq asar, insanlarla söhbət edərdi. Deyirdi ki, “Mən bura uşaqlıqdan gəlirəm, hər zaman atamla gələrdim. Kənarda əyləşib sakitcə minarədən oxunan azanı, moizəni dinləyərdim”. Ümumiyyətlə, Ümummilli Lider burada çalışarkən nəinki Came məscidini, hətta Naxçıvanda olan digər tarixi, dini yerləri tez-tez ziyarət edərdi, onların bərpası üçün mühüm qərarlar verərdi”.
Tarix üzrə fəlsəfə doktoru Asəf Orucov isə deyir ki, Came məscidi XVIII əsrə aid ölkə əhəmiyyətli dini memarlıq abidələrindən biridir: “Məscidin üzərindəki kitabədə yazılır ki, bura XIX əsrdə Məhəmməd Cəfər ağanın dəstəyi ilə bərpa olunub. Xalq arasında yayılan rəvayətlərə və bəzi tədqiqatçıların da fikirlərinə görə, bu məscid XII əsrdə Atabəylər dövrünə aid Cümə məscidinin, xarabalıqları üzərində inşa olunub. Məscidin memarı isə Məhəmməd Təqi olub. Kitabədə qeyd edilir ki, məscidin memarının kim olduğunu bilmək üçün, 8-ci imamdan sonra gələn imamın adaşıyam. 8-ci imam Rza olur və 9-cu imam isə Məhəmməd Təqidir. Deməli, buranın memarı Məhəmməd Təqi olub. Məscid XVIII əsrdən bu günə qədər, sovet hakimiyyəti dövründə belə qorunub saxlanılıb. Ümumiyyətlə, məscidin bir günbəzi, bir minarəsi olub”.
Asəf Orucov onu da vurğulayır ki, Məhəmməd Cəfər tərəfindən yenidən bərpa olunan məscidin məsrəflərini ödəməkdən və mücavirlərdən ötrü çay yuxarısında 2 dükan ayrıldığı da qeyd olunub. Bir də burada, yəni şəhərin bu hissəsində Yuxarı çay vardı, hansı ki, “Bazar çayı” da adlanırdı. Bazar çayı vaxtilə şəhərin ortasından, elə bu məscidin yaxınlığından keçirdi və üstü açıq idi. Ümumi olaraq götürsək, bu məsciddə bəzi elementlər var ki, digər memarlıq məktəbləri ilə eynilik təşkil edir, ancaq bura, əsasən, Naxçıvan memarlıq məktəbinə xas olan abidədir.
Came məscidindən ayrılarkən minarəsindən ucalan azan səsi şəhərə yayılır, ayaq saxlayırıq. Bu səs, sadəcə, ənənənin xatirəsi deyil, bəzən öz köklərindən qopan müasir dünya insanı üçün qədim abidəmizin, məscidimizin həm də bir lövbər rolu oynadığını göstərir, insana aşılayır. Bizə kim olduğumuzu, haradan gəldiyimizi, hansı böyük bir mədəniyyətin varisləri olduğumuzu xatırladır. Bu abidəni qorumaq, sadəcə, onun yağış suyunun yuduğu qədim daşlarını, kərpiclərini qorumaq deyil, öz ruhumuzu, kimliyimizi, gələcəyimizi qorumaq deməkdir. Anlayırıq ki, təqvimlər dəyişsə də, Came məscidinin bu ruhu heç vaxt dəyişməyəcək.
Ceyhun MƏMMƏDOV
Digər xəbərlər