NAXÇIVAN :

29 Sentyabr 2026, Çərşənbə axşamı

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

...

Cari ilin ötən dövrü ərzində qeyri-çimərlik ərazilərində Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə qurumları tərəfindən ümumilikdə 64 nəfərin cəsədi suda tapılaraq çıxarılıb.

"Şərq qapısı" xəbər verir ki, bunu FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili çimərlik mövsümünün başa çatması ilə bağlı keçirilən brifinqdə bildirib.

O deyib ki, qeyd edilən rəqəm ötən ilin analoji dövründə 85 olub ki, bu da təxminən 25 faiz azalma deməkdir:“Bu rəqəmləri çimərlik mövsümü üzrə götürsək, cari ilin çimərlik mövsümündə xilasedicilər tərəfindən suda tapılıb çıxarılan cəsədlərin ümumi sayı 59, ötən ilin analoji dövründə 68 olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 13 faiz azalma deməkdir. Burada vacib bir məsələ qeyd edilməlidir ki, göstərilən 59 rəqəmindən yanlız 29-u bilavasitə çimərkən sudaboğulma faktı ilə bağlıdır. Digər halların isə ilkin araşdırmalarla müxtəlif səbəblərdən - ehtiyatsızlıq, balıqçılıq fəaliyyəti və digər səbəblərdən baş verdiyi müəyyən edilib”.

Nəşr edilib : 29.09.2026 12:09