NAXÇIVAN :

26 Iyul 2026, Bazar

Bugünkü Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır

...

14 iyul 1969-cu il Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bir gündür. “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır”,deyən Ümummilli Lider Heydər Əliyevin ən böyük xoşbəxtliyi onun adının müstəqil Azərbaycan dövləti ilə birgə çəkilməsi, qüdrətli şəxsiyyət kimi Azərbaycan xalqının taleyinə qurtuluş tarixini yazmasıdır. Ulu Öndərin azərbaycanlı olmağı ilə fəxr edərək sonsuz iftixar və qürur hissi ilə səsləndirdiyi “Azərbaycan mənim qibləgahımdır!” fikrini dahi ömrünün manifesti hesab etmək olar.

Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünyaşöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaratmışdır. Buna görə də Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi haqqında” Sərəncamında da deyildiyi kimi: “Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur... Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soykökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir”.

Ümummilli Lider Heydər Əliyev tərəfindən elan olunmuş siyasi-iqtisadi müstəqillik kursu, inkişafın milli intibaha yönəldilmiş modeli Azərbaycana yeni həyat bəxş etdi. Azərbaycan ittifaq iqtisadiyyatının xammal və aqrar əlavəsindən müxtəlif sahələrdə hərtərəfli inkişafa qovuşan nəhəng infrastruktur ölkəsinə çevrildi. Bu dövrdə Azərbaycanın gələcək müstəqilliyi üçün atılan addımlar, həyata keçirilən məhsuldar fəaliyyət Heydər Əliyev quruculuq xəttinin siyasi əsasını təşkil edirdi. Ümummilli Lider o illəri xatırlayarkən deyirdi: “1970-ci illərdə görülən işlər, yaradılan bu böyük iqtisadiyyat, sənaye potensialı və neft sənayesi sahəsində görülən işlər, yaranmış potensial Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əsasıdır. Bu gün bəyan etmək istəyirəm ki, o illərdə bu işləri görərkən mən məhz Azərbaycanın gələcəyini, bugünkü müstəqilliyini düşünürdüm. O işləri görərkən mən əmin idim ki, onlar Azərbaycanın sərbəst, müstəqil yaşaması üçün əsas yaradır”. 

Buna görə də 1969-cu ilin 14 iyul günü, sadəcə olaraq, respublika rəhbərinin seçim günü yox, həm də milli liderin gəlişi ilə Azərbaycan tarixinin şərəf günüdür. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti ilə qısa vaxt ərzində ölkəmizin ictimai-siyasi və iqtisadi həyatında böyük dönüş baş verdi. SSRİ-də ən geridə qalan respublikalardan biri olan Azərbaycan özünün inkişaf yoluna qədəm qoydu, qısa müddətdə böyük sənaye mərkəzinə çevrildi.

Hazırda Azərbaycanın bütün əhəmiyyətli istehsal sahələri, səhiyyə, elm və mədəniyyət mərkəzləri Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə gördüyü işləri saymaqla qurtaran deyil. Bakıda, Naxçıvanda, Gəncədə, Sumqayıtda, Mingəçevirdə yeni-yeni yaşayış massivlərinin yaranması, neçə-neçə ali təhsil müəssisələrinin, hərbi məktəblərin açılışı, neft sənayesinin dirçəldilməsi, kənd təsərrüfatının inkişafı – bütün bunlar dahi şəxsiyyət Heydər Əliyevin bizlər üçün, millət üçün yaratdığı əsərlərdir. Görkəmli dövlət xadiminin sözləri ilə desǝk: “Fəxr edirəm ki, Azərbaycanın hər yerində mənim əsərlərim var. Mənim əsərlərim şeir deyil, roman deyil, elmi kitab deyil, musiqi əsəri deyildir. Mənim əsərlərim xalqım üçün qurduğum, yaratdığım binalar, saraylar, yaşayış evləri, universitet, məktəb binalarıdır, yollardır, körpülərdir, su hövzələri, su kəmərləridir”.

Hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə həmişə böyük ehtiramla yanaşır. Müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. 

1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrilmişdir. Müstəqilliyə qovuşmaq məqsədilə reallaşdırılan həmin tədbirlər nəticəsində 1969-1985-ci illərdə Azərbaycanda 213 yeni iri sənaye müəssisəsi istismara verilmiş, dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac olunmuşdu. Həmin illər ərzində Azərbaycanın milli gəlirinin ümumi həcmi 2,5 dəfə artmışdır. Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin 170 aparıcı elm və təhsil ocağına 10 mindən çox azərbaycanlı oğlan və qız təhsil almağa göndərilmişdir. Bu, Heydər Əliyev siyasi müdrikliyinin və uzaqgörənliyinin göstəricisi idi. Sonralar həmin dövrdə həyata keçirdiyi tədbirlərdən danışan Ulu Öndər Heydər Əliyev deyirdi: “Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl, iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur”.

1990-1993-cü illərdə Azərbaycanla yanaşı, Naxçıvanın da başı üzərini qara buludların aldığı bir vaxtda Ulu Öndər Heydər Əliyev doğma Naxçıvana qayıtmışdır. 1990-cı il iyulun 22-də şəhərin mərkəzi meydanına toplaşan minlərlə insan məhz belə bir taleyük­­lü məqamda Vətəninə qayıdan xi­laskarını böyük coşqu ilə qarşıladı. Ağır müharibə, iqtisadi böhran şəraitində yaşayan naxçıvanlılar bu böyük şəxsiyyətə özlərinin nicatı və son ümidi kimi baxırdılar. Ulu Öndər Heydər Əliyev Naxçıvana gəldikdən sonra qədim diyarın xilası üçün lazım olan bütün addımları atmağa başladı. Eyni zamanda yalnız muxtar respublika üçün deyil, bütün Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən, dövlət quruculuğu prosesində mühüm rol oynayan qərarların qəbul edilməsinə nail oldu.

1993-cü ilin yayında ölkədə qardaş qanı tökülmüş, milli dövlətçiliyimiz ikinci dəfə məhvolma təhlükəsi ilə üzləşmişdi. Belə bir ağır zamanda xalq milli dövlətçiliyi qorumaq və vətəndaş müharibəsinin ağır fəsadlarından qurtulmaq üçün Ulu Öndər Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Vətəninin və xalqının taleyinə biganə qala bilməyən dahi rəhbər 1993-cü ilin iyun ayında Naxçıvandan Bakıya getdi. Ulu Öndərin bu qayıdışı Vətənin xilası, xalqın qurtuluşu idi. 1969-cu ildən başlanan quruculuq xəttinin 1993-cü ildən sonra davam etdirilməsi hərtərəfli inkişaf edən, dünyada söz sahibinə çevrilən müstəqil Azərbaycanın daha da güclənməsinə səbəb olmuşdur.Ulu Öndər Heydər Əliyevin dediyi kimi:“Bizim borcumuz bütün Azərbaycanın simasını dəyişdirməkdir. Azərbaycanı inkişaf etmiş, sivilizasiyalı, demokratik prinsiplərlə yaşayan bir dövlətə, cəmiyyətə çevirməkdir. Azərbaycan vətəndaşlarının gələcək həyatını azadlıq, demokratiya yolu ilə təmin etməkdir. Biz bu yolun yolçusuyuq. Bu yol xalq yoludur”.

Ulu Öndər Heydər Əliyev hakimiyyətinin hər iki dövründə bütün ömrünü dövlətinin, xalqının rifahına həsr edərək ölkəmizi böyük bəlalardan, faciələrdən hifz edib, iqtisadi inkişaf və tərəqqi yoluna çıxardı. Dahi şəxsiyyətin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Onun rəhbərliyi altında dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bildi. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Ulu Öndər xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və ölkəmizin inkişafı ilə bağlı ən düzgün qərarları verəcəkdir.

Bu gün Azərbaycan dövlətinin elə bir sahəsi, cəmiyyət həyatının elə bir istiqaməti yoxdur ki, orada Ümummilli Liderimizin izi olmasın. Hər bir sahədə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolunu, onun ideyalarının uğurla davam etməsini aydın müşahidə edirik. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, bütün məcburi köçkünlərin doğma yurdlarına qayıtması idi. Azərbaycanı daha güclü etmək, xalqımızın daha gözəl günlərini görmək istəyən Ulu Öndərin ruhu bu gün şaddır, çünki Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə öz tarixinin ən güclü dövrünü yaşayır. Prezident İlham Əliyev Azərbaycanı gücləndirərək elə bir səviyyəyə çatdırdı ki, ordumuz Ermənistanın işğal siyasətinə son qoydu, torpaqlarımızı azad etdi. Bununla həm də Ulu Öndərin arzuları çin oldu, vəsiyyəti yerinə yetirildi.

Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. Bugünkü Azərbaycan, məhz Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Bu gün hər bir azərbaycanlı Ümummilli Liderin əziz xatirəsini ehtiram və minnətdarlıqla yad edir. Millətin məhəbbətini qazanmış dahi lider Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi:“Heydər Əliyevin siyasəti Azərbaycana böyük uğurlar gətiribdir. Bütün sahələrdə Azərbaycan inkişaf edir, uğurlar qazanır. Azərbaycan beynəlxalq aləmdə özünə layiq yerini tuta bilibdir, Azərbaycanın nüfuzu artıbdır. İndi Azərbaycanla hesablaşırlar, Azərbaycana hörmət edirlər. Regionda bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir”.

Aysel DÜNYAMALIYEVA

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 13.07.2026 16:00