Naxçıvanda peşə təhsilinə maraq yüksəlir: 617 nəfə...
12:57 17.09.2026
0
0
0
NAXÇIVAN :
17 Sentyabr 2026, Cümə axşamı
Ötən günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İslam dini ilə bağlı səsləndirdiyi fikirlər ölkə ictimaiyyətində böyük maraqla qarşılandı. Dövlət başçısının dini-mənəvi dəyərlərimizə həssas münasibəti, xalqımızın əsrlərboyu formalaşmış milli-mənəvi irsində İslam dininin xüsusi yerə malik olduğuna diqqət çəkməsi mühüm mesaj kimi dəyərləndirilə bilər. İslam dini Azərbaycan xalqının yalnız dini dünyagörüşünün deyil, həm də dövlətçilik və milli mədəni ənənələrinin ayrılmaz hissələrindən biridir. Əsrlərboyu bu müqəddəs dinin yaratdığı mənəvi dəyərlər xalqımızın həyat tərzinə, adət-ənənələrinə, əxlaqına və dünyagörüşünə nüfuz edib. Bu baxımdan, İslam irsi milli yaddaşımızın mühüm qatlarından birini təşkil edir.
Bu gün dünyanın müxtəlif yerlərində İslama qarşı formalaşan düşmən münasibət – İslamofobiya təəssüf doğuran reallıq olaraq qalır. Bəzi radikal qrupların İslam dinini yanlış təqdim etmək cəhdləri həm müsəlman cəmiyyətlərinə, həm də tolerantlıq və qarşılıqlı hörmət prinsiplərinə də zərbə vurur. Belə bir şəraitdə İslamın sülh, mərhəmət, ədalət, humanizm və mənəvi saflıq kimi dəyərlərinin düzgün təbliği xüsusi əhəmiyyət daşıyır. Milli-mənəvi dəyərlərimizin, o cümlədən İslam irsimizin qorunması və gələcək nəsillərə düzgün çatdırılması hər birimizin üzərinə mühüm məsuliyyət qoyur.
Azərbaycan xalqının İslama bağlılığının kökləri əsrlərin dərinliklərinə gedib çıxır. Xalqımız müxtəlif tarixi sınaqlardan keçərək dini-mənəvi dəyərlərini qoruyub yaşatmağı bacarıb. Sovet hakimiyyəti dövründə dini etiqad və ibadət üzərində ciddi məhdudiyyətlərin mövcud olduğu bir zamanda belə insanlar müqəddəs bildikləri dəyərləri qəlblərində yaşadıblar. Din yalnız ibadət məkanı ilə məhdudlaşmayıb, insanların mənəviyyatında, ailə tərbiyəsində, mərhəmət və xeyirxahlıq anlayışlarında özünü göstərib.
Azərbaycanın qədim yaşayış məskənlərindən olan Naxçıvanda da İslam dini əsrlərboyu böyük ehtiram və sədaqətlə qorunub, yaşadılıb. Bu torpağın insanları İslamı yalnız etiqad etdikləri bir din kimi deyil, həm də mənəviyyat və kamillik yolu kimi qəbul ediblər. Dini şəxsiyyətlərə olan dərin hörmət isə Naxçıvanın mənəvi dünyasında həmişə xüsusi yer tutub.
Naxçıvanın dini-mənəvi tarixində maarifçi ruhani və alimlərin xüsusi xidmətləri olub. Onlar İslam dininin mahiyyətini xurafatdan və yanlış təsəvvürlərdən qorumaq, xalq arasında dini maarifləndirməni gücləndirmək üçün böyük mübarizə aparıblar. Bu insanların geniş dünyagörüşü, dərin dini bilikləri və elmə bağlılığı yalnız Naxçıvanın deyil, bütövlükdə, müsəlman dünyasının mənəvi həyatına öz təsirini göstərib.
Naxçıvan torpağı əsrlərboyu belə alim və ziyalı ruhanilərin yetişdiyi mühüm mənəvi ocaqlardan biri olub. Burada yaşayıb fəaliyyət göstərən görkəmli din xadimlərindən Şeyx Məhəmməd Rasizadə, Əllamə Şeyx Möhsün, Ayətullah Əli Hüseyn və başqaları öz zəngin dini bilikləri və elmi dünyagörüşləri ilə seçiliblər. Onlar bu qədim torpaqda qazandıqları bilik və irfanı daha geniş coğrafiyalarda təbliğ edərək, İslam elminin inkişafına töhfələr veriblər.
Bu şəxsiyyətlər arasında Ayətullah Məhəmməd Hüseyn Naxçıvaninin xüsusi yeri var. Onun həyat yolu Naxçıvandan başlayaraq Təbriz, İsfahan, Kazimeyn və Nəcəf kimi elm və mədəniyyət mərkəzlərindən keçib. “Kompani” ləqəbi ilə məşhur olan alimin ulu babası Hacı Məhəmməd İsmayıl Türkmənçay müqaviləsindən sonra Naxçıvanı tərk edərək Cənubi Azərbaycana köçüb.
Məhəmməd Hüseyn hələ gənc yaşlarından elmə böyük maraq göstərib. Təqribən, 18 yaşında ikən Nəcəfi-əşrəfə yollanaraq dövrünün tanınmış alimlərindən dərs alıb. Onun elm yolunda formalaşmasında böyük alim Axund Xorasaninin xüsusi rolu olub. Gənc Məhəmməd Hüseyn qısa müddətdə öz dövrünün seçilən alimlərindən birinə çevrilib.
Mənbələrdə qeyd olunur ki, Naxçıvani dini elmlərin müxtəlif sahələrində dərin biliyə malik idi. O, fiqh və üsuli-fiqhlə yanaşı, fəlsəfə və hikmət sahələrində də dərs deyib, öz biliyini tələbələrinə böyük həvəslə ötürüb. Lakin onun şəxsiyyətini yalnız alimlik məqamı ilə məhdudlaşdırmaq olmazdı. Elm onun həyatında irfanla, ibadətlə və təqva ilə tamamlanırdı.
Ayətullah Naxçıvani 1942-ci ildə vəfat edib. Və İmam Əlinin (ə) hərəminin yaxınlığında dəfn olunub. Beləcə, ömrünü elm və irfan yoluna həsr etmiş böyük Naxçıvaninin son mənzili də İslam elminin və mənəviyyatının böyük simalarından birinin – İmam Əlinin məzarının yanında qərar tutub. Naxçıvanın dini-mənəvi tarixindən söz açarkən Şeyx Məhəmməd Rasizadənin adını xüsusi ehtiramla xatırlamaq yerinə düşər. Böyük Azərbaycan şairi Hüseyn Cavidin qardaşı olan Şeyx Məhəmməd dövrünün dini təhsil almış, İslam elmlərinə dərindən bələd olan ruhani və maarifçi ziyalılarından biri kimi tanınıb.
Şeyx Məhəmmədin dünyagörüşünün formalaşmasında “Qurani-Kərim”, dini elmlər və Şərqin zəngin dini-fəlsəfi irsi mühüm yer tutub. Ərəb və fars dillərinə bələd olması, dini mənbələri və klassik Şərq ədəbiyyatını dərindən mütaliə etməsi onun mənəvi dünyasını daha da zənginləşdirib. Vaiz kimi fəaliyyət göstərən Şeyx Məhəmməd İslamın mənəvi dəyərlərinin xalq arasında təbliğinə, dini maarifçiliyin gücləndirilməsinə xüsusi əhəmiyyət verib.
Ömrünün sonuna qədər doğulduğu torpaqda yaşayan Şeyx Məhəmməd Rasizadənin həyat yolu, əslində, Naxçıvanın əsrlərboyu yaşatdığı zəngin dini-mənəvi ənənələrin bir parçasıdır. O, dini bilikləri yalnız özü üçün qoruyan deyil, onları insanlara çatdıran, elm və maarif mənəvi yüksəlişin mühüm vasitəsi hesab edən ruhani idi. Bu baxımdan, onun adı Naxçıvanın dini-mədəni yaddaşında özünəməxsus yer tutur.
Naxçıvanın yetirdiyi böyük din alimlərindən biri də Molla Məhəmməd Əli Naxçıvanidir. 1852-ci ildə Naxçıvanda dünyaya göz açan Məhəmməd Əli sonralar İslam dünyasının mühüm elm mərkəzlərindən biri olan Nəcəfdə uzun illər fəaliyyət göstərib.
Onun elm yoluna qədəm qoyması hələ uşaqlıq illərindən başlayıb. Gənc yaşlarından Nəcəfin məşhur alimlərinin elm məclislərində iştirak edən Məhəmməd Əli uzun illər davam edən mütaliə, araşdırma və elmi fəaliyyət nəticəsində İslam hüququ və dini elmlər sahəsində yüksək nüfuz qazanıb. 1904-cü ildə isə mərcei-təqlid məqamına yüksəlib. Bir müddət İmam Əlinin müqəddəs hərəminin imamı kimi fəaliyyət göstərib.
Molla Məhəmməd Əli Naxçıvaninin həyat yolu Naxçıvanın dini-elmi ənənələrinin geniş coğrafiyaya yayıldığını göstərən mühüm nümunələrdəndir. O, doğma yurdundan uzaqda yaşasa da, öz adını Naxçıvanla bağlayan böyük alimlər sırasında yer alıb və yetişdiyi torpağın elmi-mənəvi potensialını İslam dünyasının mühüm elm mərkəzlərindən birində təmsil edib. Alim 1916-cı ildə Kərbəla şəhərində vəfat edib.
Ümumiyyətlə, Naxçıvanın çoxəsrlik tarixinə nəzər salanda aydın olur ki, bu məkan görkəmli tarixi şəxsiyyətləri ilə yanaşı, İslam elminə böyük alim və ruhani bəxş edib. Adını çəkdiyimiz şəxsiyyətlərlə yanaşı, Seyyid Mustafa Naxçıvani, Şeyx Əbülqasim Ordubadi, Şeyx Məhəmməd Əli Ordubadi və digər böyük alimlər İslam dininin düzgün şəkildə öyrənilməsinə və təbliğinə çalışıblar.
Onların ömür yoluna nəzər salmaq, hər şeydən əvvəl, dinlə elmi, mənəviyyatla maarifi bir araya gətirməyə çalışan ziyalı nəslini xatırlamaq deməkdir. Onların həyat və fəaliyyəti bir daha göstərir ki, milli-mənəvi dəyərlərin yaşadılması yalnız keçmişə bağlılıq deyil, həm də elm və maarif vasitəsilə gələcəyə yol açmaqdır. Məhz bu şəxsiyyətlərin gördüyü işlər Naxçıvanın dini-mədəni yaddaşında dəyərli və yaddaqalan səhifələrdən birinə çevrilib.
Məcid RƏŞADƏTOĞLU
Digər xəbərlər