NAXÇIVAN :

17 Sentyabr 2026, Cümə axşamı

Naxçıvanda peşə təhsilinə maraq yüksəlir: 617 nəfər tələbə adını qazandı

...

2026-2027-ci tədris ili üzrə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzi, Şərur və Ordubad Peşə liseylərinə ölkə üzrə mərkəzləşdirilmiş qaydada keçirilən tələbə qəbulunun nəticələrinə əsasən, 617 nəfər tələbə adını qazanıb. 
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən “Şərq qapısı”na bildirilib ki, bu göstərici 700 yerlik qəbul planının 88 faizini təşkil edir.
Qeyd edək ki, ötən tədris ilində peşə təhsili müəssisələrinə 562 tələbə qəbul olub.Bu da ötən illə müqayisədə 8 faiz artım deməkdir. Hazırda isə nazirliyin tabeliyində fəaliyyət göstərən peşə təhsili müəssisələrində 967 tələbə təhsil alır. Yeni tədris ilində müəssisələrdə əmək bazarına uyğun yeni – alternativ enerji qurğu və avadanlıqlarının istismarı, günəş panelləri quraşdırıcısı və təmirçisi, avtomobil üzrə elektrik, telekommunikasiyada kompüter texnikasının istismarı üzrə operator  və digər ixtisaslar açılaraq tələbə qəbulu aparılıb. 
Peşə təhsilinə marağın artmasında son dövrlərdə müəssisələrdə müasir tədris və istehsalat infrastrukturunun formalaşdırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, əmək bazarının tələblərinə uyğun ixtisasların tədrisi və tələbələrin praktiki bacarıqlarının inkişaf etdirilməsi mühüm rol oynayır.
Bu istiqamətdə həyata keçirilən tədbirlər gənclərin əmək bazarına daha hazırlıqlı daxil olmalarına və əldə etdikləri peşə bacarıqlarını real iş mühitində tətbiq etmələrinə imkan yaradır.

Nəşr edilib : 17.09.2026 12:57