NAXÇIVAN :

30 Oktyabr 2026, Cümə

Cəfər Cəfərov: NASCO29 yeni nəsil tədqiqatçıların yetişməsinə töhfə verəcək

...

Naxçıvanda “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransı (NASCO29) keçirilir. 123 elm və təhsil müəssisəsindən 1627 elmi işin təqdim olunduğu konfrans iştirakçı sayına və əhatə dairəsinə görə NASCO tarixinin ən böyük tədbiridir. Elmi müzakirələrlə yanaşı, gənc tədqiqatçılar üçün akademik əməkdaşlıq və təcrübə mübadiləsi imkanları yaradan konfrans ölkəmizin elmi potensialının inkişafına mühüm töhfə verməyi hədəfləyir. 
Tədbir iştirakçılarından Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov jurnalistlərə müsahibəsində bildirib ki, elə onun özü də təhsilə məhz Naxçıvanda başlayıb, sonradan isə ailəsi ilə birlikdə buradan köçüb: “Yenidən doğma Vətəndə olmaq, hər dəfə bu şəhərin inkişafını görmək çox xoşdur. Bu gün isə doktorantların, dissertantların, gələcəyin tədqiqatçılarının bir araya gəldiyi mühüm elmi toplantıda iştirak edirik. Konfransın açılışı çox yüksək səviyyədə təşkil olunub. Tədbirdə həm ümumi hazırlıq prosesi, həm də səlahiyyətli nümayəndənin mövcud vəziyyət və inkişafla bağlı fikirləri, eləcə də tədqiqatçılar qarşısında duran vəzifələr ətrafında geniş söhbətlər aparıldı. Bundan sonra işlər seksiyalarda və bölmələrdə davam etdiriləcək. İnanıram ki, bu konfrans yeni nəsil tədqiqatçıların yetişməsinə əhəmiyyətli töhfə verəcək. İnkişaf edən Azərbaycanın gələcəyi naminə elm və təhsil müəssisələrində çalışan mütəxəssislərimiz də öz bilikləri, araşdırmaları və yeni ideyaları ilə ölkəmizin tərəqqisinə töhfə verəcəklər”.

Səmayə RƏHİMQIZI

Nəşr edilib : 30.10.2026 16:13