Azərbaycan Respublikasında kənd təsərrüfatının ink...
16:16 30.10.2026
0
0
0
NAXÇIVAN :
30 Oktyabr 2026, Cümə
Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransının (NASCO29) ilk dəfə paytaxtdan kənarda – Naxçıvanda keçirilməsi ölkənin elmi həyatında əlamətdar hadisədir. Konfransın iştirakçı sayı, əhatə dairəsi və təqdim olunan elmi işlərin çoxluğu tədbirin miqyasını daha da artırır. Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev konfransın əhəmiyyətindən, Naxçıvanın ev sahibi kimi seçilməsindən, gənc alimlərin elmi maraqlarından və tədbirin yaratdığı əməkdaşlıq imkanlarından danışıb.
Rektor bildirib ki, NASCO29-un Naxçıvanda təşkili həm şəhərin elmi potensialının nümayişi, həm də regionların elmi proseslərdə iştirakının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır: “NASCO29 adından da göründüyü kimi, Doktorantların və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransıdır. Bu, ilk dəfədir ki, paytaxtdan kənarda – Naxçıvanda keçirilir və ölkəmizin bütün ali təhsil müəssisələrini, elmi-tədqiqat qurumlarını əhatə edir. Konfransa 1600-dən çox müraciətin daxil olması, iştirakçı sayına görə əvvəlki illərlə müqayisədə daha geniş miqyas qazanması gənclərimizin elmə marağının artdığını göstərir. Bu təşəbbüsün Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Naxçıvanda reallaşmasından məmnunuq. NASCO29-un budəfəki Naxçıvan mərhələsini, həqiqətən də, bir elm zirvəsi hesab etmək olar”.
Elbrus İsayev konfransın “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmasının Naxçıvan üçün xüsusi məna daşıdığını vurğulayıb. Qeyd edib ki, qədim memarlıq abidələri və çoxəsrlik şəhərsalma ənənələri ilə seçilən Naxçıvan bu mövzunun müzakirəsi üçün özünəməxsus məkandır: “Naxçıvan memarlıq abidələri ilə zəngin, çoxəsrlik şəhərsalma mədəniyyətinə malik qədim diyarlarımızdan biridir. Konfransın “Şəhərsalma və Memarlıq İli”nə həsr olunması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bildiyiniz kimi, bu il Azərbaycan memarlıq məktəbinin görkəmli nümayəndəsi, böyük memar Əcəmi Naxçıvaninin 900 illik yubileyinin qeyd olunması ilə bağlı ölkə başçısının müvafiq Sərəncamı var. Biz də NASCO29 vasitəsilə Əcəmi Naxçıvaninin 900 illik yubileyinə həsr olunan tədbirlərə öz töhfəmizi verməkdən məmnunuq”.
Rektorun sözlərinə görə, konfrans iki gün ərzində geniş elmi proqramla davam edəcək: "Tədbir 21 salonda, 104 elmi bölmə üzrə təşkil ediləcək. Proqrama daxil edilən 1028 elmi məruzədən 370-i əyani, 658-i isə onlayn bölmə iclaslarında dinləniləcək. Ümumilikdə, 1382 doktorant, dissertant və gənc tədqiqatçı tərəfindən təqdim olunan elmi işlər konfransın proqramına daxil edilib".
Elbrus İsayev konfransda xarici ölkələrdən olan gənc alimlərin iştirakını da xüsusi vurğulayıb. Qeyd edib ki, bu, respublika səviyyəli elmi tədbirin beynəlxalq əhatəsini genişləndirir və müxtəlif elmi məktəblərin nümayəndələri arasında əlaqələrin qurulmasına imkan yaradır.
Elmi işlərin mövzu müxtəlifliyinə toxunan rektor bildirib ki, təqdim olunan tədqiqatlar, təxminən, altı elmi istiqaməti əhatə edir. Onların arasında sosial-humanitar elmlər üstünlük təşkil edir: “Təşkilat Komitəsi beş aydan artıqdır ki, bu konfransın hazırlıq işlərini həyata keçirir. Təqdim olunan elmi işlərin təhlili göstərir ki, gənclərimizin sosial-humanitar elmlərə marağı xüsusilə yüksəkdir. Bu sahədə uzun illər ərzində, o cümlədən sovet dövrünün ideoloji təsirləri səbəbindən kifayət qədər araşdırılmamış və ya yenidən tədqiqinə ehtiyac duyulan mövzulara gənc tədqiqatçıların müraciət etməsi sevindirici haldır. Eyni zamanda dövrümüzün çağırışlarına uyğun məruzələrin hazırlanması, Dövlət proqramlarının icrasına yönələn tədqiqatların diqqət mərkəzində olması elmi fəaliyyətin cəmiyyətin və ölkənin inkişafı ilə əlaqələndirilməsi baxımından əhəmiyyətlidir”.
Elbrus İsayev konfransın yalnız elmi məruzələrin dinlənilməsi ilə məhdudlaşmadığını, həm də müxtəlif universitetlərin nümayəndələri arasında yeni əməkdaşlıq əlaqələrinin qurulmasına şərait yaratdığını diqqətə çatdırıb: “Bu gün Naxçıvan Dövlət Universiteti konfrans iştirakçılarını universitet kampusunun müxtəlif binalarında keçirilən elmi bölmə iclaslarında bir araya gətirir. İnanıram ki, konfrans öz işini uğurla başa vuracaq. Onun hazırlanmasında və təşkilində əməyi olan hər kəsə, universitetlərin rektorlarına, həmkarlarıma, elmi qurumların nümayəndələrinə, xüsusilə də uzaq məsafələr qət edərək Naxçıvana gələn doktorant və gənc tədqiqatçılara təşəkkürümü bildirirəm”.
Rektor qeyd edib ki, iştirakçılar elmi müzakirələrlə yanaşı, Naxçıvanın tarixi-mədəni irsi və turizm imkanları ilə də tanış olacaqlar. Konfrans çərçivəsində ekskursiyaların təşkili, eləcə də mədəni-bədii proqramlar nəzərdə tutulub. Bununla yanaşı, Qala gecəsi təşkil ediləcək.
Elbrus İsayevin fikrincə, NASCO29-un ən mühüm nəticələrindən biri də müxtəlif elm sahələrini təmsil edən gənclərin bir-biri ilə tanış olması və gələcək tədqiqatlar üçün əlaqələr qurmasıdır: “Bu konfrans, eyni zamanda gənc tədqiqatçıların tanışlığı və elmi ünsiyyəti üçün geniş platformadır. Müasir dövrdə fənlərarası və multidissiplinar tədqiqatlar getdikcə daha çox əhəmiyyət qazanır. Müxtəlif elm sahələrinin nümayəndələrinin bir konfrans ətrafında bir araya gəlməsi, bir-birinin tədqiqat istiqamətləri ilə tanış olması gələcəkdə daha böyük elmi nailiyyətlərin əldə edilməsinə imkan yaradacaq. Əminəm ki, burada qurulan əlaqələr və aparılan müzakirələr sonrakı elmi əməkdaşlıqların əsasını təşkil edəcək”.
Elnurə CƏFƏROVA
Digər xəbərlər