Ombudsman: Ermənistanın hərbi təcavüzü beynəlxalq ...
18:00 26.06.2025
0
0
0
NAXÇIVAN :
26 Iyun 2025, Cümə axşamı
General-mayor II Kəlbəli xanın oğlu olan Cəfərqulu xan Naxçıvanski hərbi və siyasi sahələrdə yetkin təhsil və təcrübəyə malik bir hərbçi idi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli dövlətçiliyin qorunması və təşəkkülü uğrunda mübarizə aparan görkəmli şəxslər arasında Cəfərqulu xan Naxçıvanskinin xüsusi yeri vardır. Onun fəaliyyəti təkcə bir bölgənin deyil, bütün ölkənin milli bütövlüyü və təhlükəsizliyi üçün göstərilən fədakarlığın bariz nümunəsidir. Dağılmış imperiyaların ardınca formalaşan yeni siyasi şəraitdə Naxçıvan bölgəsinin taleyi qeyri-müəyyənlik içində idi. Belə bir vəziyyətdə bölgənin və əhalinin qorunmasını öz üzərinə götürən Cəfərqulu xan həm hərbi, həm də siyasi baxımdan mühüm təşəbbüslərlə çıxış etmişdir. O, Sankt-Peterburqda nüfuzlu Paj Korpusunda təhsil almış, Rusiyanın seçkin hərbi qurumlarından sayılan leyb-qvardiyanın Ulan polkunda kornet (kiçik zabit) rütbəsi ilə xidmətə başlamışdır. Daha sonra Tver polkunda poruçik və ştabs-kapitan rütbələrinə yüksəlmiş, 1885-ci ildə isə ona ştabs-rotmistr rütbəsi verilmişdir. Hərbi yürüşlər zamanı aldığı yaralara görə həmin il ordudan tərxis edilmişdir. Lakin hərbi karyerasının sonlanması onun ictimai-siyasi fəaliyyətinə yeni bir mərhələ açmış, xalqına və torpağına xidmət yolunda fədakar mübarizəsinin əsasını təşkil etmişdir.
Cümhuriyyətin ilk çağlarında Naxçıvan bölgəsi ciddi təhlükələrlə üz-üzə idi. Osmanlı qoşunlarının bölgədən çıxmasından sonra yaranmış boşluqdan istifadə edən erməni daşnak qüvvələri türk-müsəlman əhalisinə qarşı amansız qırğınlar törədir, bölgəni ələ keçirmək məqsədilə silahlı basqınlar həyata keçirirdilər. Belə bir vaxtda Cəfərqulu xan Naxçıvan Milli Komitəsinin sədri kimi bu təhlükənin qarşısını almaq üçün bütün imkanlarını səfərbər etmişdir. O, yerli əhali arasında təşkilatlanmanı gücləndirmiş, özünümüdafiə dəstələrinin yaradılmasına rəhbərlik etmiş, yerli liderlərlə əməkdaşlıq quraraq bölgənin təhlükəsizliyini təmin etməyə çalışmışdır.
Onun fəaliyyətində ən önəmli məqamlardan biri Araz-Türk Cümhuriyyətinin süqutundan sonra bölgədə yaranan siyasi boşluğu doldurmaq məqsədilə Kalbalı xan və Kərim xan İrəvanski ilə birgə Müvəqqəti Hökumətin yaradılması olmuşdur. Bu hökumət yalnız bir inzibati qurum kimi deyil, bölgənin təhlükəsizliyini və ərazi bütövlüyünü qorumağa yönəlmiş ciddi siyasi addım idi. Cəfərqulu xan bu qurumun sədri olaraq həm daxili idarəçiliyin təşkilində, həm də xarici qüvvələrlə danışıqlarda əsas sima olmuşdur.
1919-cu ilin fevralında Naxçıvandakı ingilis general-qubernatoruna ünvanladığı məktub onun siyasi uzaqgörənliyini və vətənpərvərliyini bir daha sübut edir. Həmin məktubda Osmanlı qoşunlarının bölgədən getməsindən sonra erməni silahlı dəstələrinin yaratdığı təhlükə haqqında açıq şəkildə narahatlıq bildirilmiş, Naxçıvanın Azərbaycan Xalq Cümhuriyyətindən təcrid edilməsinin qarşısının alınması və bölgənin ana torpaqla birləşməsi üçün şəraitin yaradılması tələb olunmuşdur. Bu müraciət, əslində, Naxçıvanın Azərbaycanın ərazi bütövlüyü içərisində qalması üçün atılmış mühüm diplomatik addım idi.
Cəfərqulu xan həmin dövrdə Bakıdan Naxçıvana göndərilən Azərbaycan nümayəndəsi Mirabbas Mirbağırov və silahlı dəstələrin komandanı Kalbalı xanla birgə ingilis səlahiyyətliləri ilə danışıqlar apararaq bölgənin erməni-daşnak təhlükəsindən qorunması, yerli əhalinin müdafiəsi və Naxçıvanın tezliklə Azərbaycan Xalq Cümhuriyyətinə birləşdirilməsi üçün konkret tədbirlər planı hazırlamışdır. Bu fəaliyyət nəticəsində bölgədə erməni idarəçiliyinin bərqərar olunmasının qarşısı alınmış, xalqın milli iradəsi qorunmuşdur.
1919-cu ilin may-iyun aylarında bölgədə ingilislərin təşəbbüsü ilə yaradılmaq istənilən “erməni idarəçiliyi” planına qarşı Cəfərqulu xan ciddi mübarizə aparmışdır. Onun bu dövrdəki fəaliyyəti bölgənin taleyini dəyişmiş, erməni silahlı qüvvələrinin Naxçıvanı işğal etməsinin qarşısı alınmışdır. O, bu prosesdə xalqla sıx əlaqə saxlayaraq bir tərəfdən yerli idarəetmənin bərpasına çalışmış, digər tərəfdən isə xarici qüvvələrin regionda möhkəmlənməsinə imkan verməmişdir.
Azərbaycanın sovetləşdirilməsindən sonra siyasi mənzərə köklü şəkildə dəyişmiş, milli fəaliyyətləri ilə seçilən şəxslər üçün çətin günlər başlamışdır. Cəfərqulu xan bu dövrdə də mübarizəsini davam etdirmiş, Naxçıvan Milli Şurasının sədri kimi yenə də bölgənin türk-müsəlman əhalisinin hüquqlarının qorunması işinə rəhbərlik etmişdir. Lakin yeni rejim onu “qardaş qırğınlarının təşkilatçısı” və “antisovet təbliğatçısı” kimi ittiham edərək siyasi repressiyalara məruz qoymuşdur.
1920-ci ilin avqust ayında Naxçıvan İnqilab Komitəsi tərəfindən həbs edilərək Bakıya göndərilən Cəfərqulu xan burada da haqsızlıqla üzləşmişdir. O, 1920-ci il oktyabrın 5-də qardaşı Rəhim xan Naxçıvanski ilə birlikdə Azərbaycan Müvəqqəti İnqilab Komitəsinə müraciət edərək haqsız yerə həbs olunduğunu bildirsə də, bu müraciət nəticəsiz qalmış, o azadlığa buraxılmamışdır. Bir müddət sonra isə Şuşa həbsxanasına göndərilmiş və orada dünyasını dəyişmişdir.
Cəfərqulu xan Naxçıvanski xidməti dövründə 2 və 3-cü dərəcəli “ Müqəddəs Stanislav” (qılıncla və bantla birgə), 3-cü dərəcəli “Müqəddəs Anna” ordeni, 4-cü dərəcəli “Müqəddəs Vladimir” ordeni (bantla və qılıncla birgə), eləcə də bürünc və gümüş medallarla təltif olunmuşdur.
Cəfərqulu xan Naxçıvanskinin həyat yolu Azərbaycan tarixində milli mübarizə və dövlətçilik uğrunda canını fəda edən şəxslərin şərəfli silsiləsində yer alıb. Onun fəaliyyəti yalnız bir bölgənin müdafiəsi ilə məhdudlaşmamış, ümummilli məqsədlərə xidmət etmişdir. O, milli həmrəylik, ərazi bütövlüyü və xalqın təhlükəsizliyi ideallarına sadiq qalan və bu yolda ömrünü qurban verən nadir şəxsiyyətlərdən biri olmuşdur. Sovet rejiminin sərt təqibləri onun mübariz ruhunu əzə bilməmiş, əksinə, onu xalq yaddaşında qəhrəman kimi yaşatmışdır.
Bu gün Cəfərqulu xan Naxçıvanskinin adının unudulmaması, onun keçdiyi mübarizə yolunun gələcək nəsillərə çatdırılması, milli tariximizə və dövlətçilik ənənələrimizə göstərilən ehtiramın təzahürüdür. O, XX əsrin əvvəllərində baş verən mürəkkəb siyasi hadisələrin içində milli iradəni və müstəqil dövlətçilik ideyasını qorumağa çalışan bir lider kimi tarixdə qalacaqdır.
Elnurə CƏFƏROVA
NDU-nun Jurnalistika ixtisası üzrə III kurs tələbəsi
Digər xəbərlər