NAXÇIVAN :

08 Mart 2026, Bazar

Cəlil Məmmədquluzadənin ideyalarını yaşadan gənc nəsil qaliblər

...

Müasir təhsil sistemində olimpiadalar şagirdlərin yalnız bilik səviyyəsini ölçən yarışma deyil, eyni zamanda onların analitik düşünmə bacarıqlarını inkişaf etdirən, yaradıcılıq potensialını üzə çıxaran və fənlərə marağı artıran mühüm təhsil platformasıdır. Bu yanaşma Naxçıvanda keçirilən yeni olimpiadaların mahiyyətində də öz əksini tapır.
İlk dəfə 2025-ci il dekabrın 7-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə VIII-IX sinif şagirdləri arasında Azərbaycan yazıçısı, dramaturq, jurnalist və ictimai xadim, “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi Cəlil Məmmədquluzadə adına Azərbaycan dili, ədəbiyyat və tarix olimpiadasının final turu keçirilib. Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbdə təşkil olunan olimpiadada rayon mərhələsinin qalibi olmuş 63 şagird iştirak edib. Olimpiada çərçivəsində şagirdlərə Azərbaycan dili, ədəbiyyat və tarix fənləri üzrə ayrı-ayrılıqda 25 sual təqdim olunub və sualların cavablandırılması üçün 3 saat vaxt ayrılıb. Olimpiadanın keçirilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkara çıxarılması, onların intellektual potensialının inkişaf etdirilməsi, eyni zamanda gələcəkdə respublika və beynəlxalq olimpiadalarda iştirak edəcək perspektivli şagirdlərin müəyyənləşdirilməsidir. Bu cür bilik yarışları şagirdlərin dərs proqramı çərçivəsindən kənara çıxaraq daha geniş düşünmə və analiz bacarıqlarını inkişaf etdirməsinə şərait yaradır. 
Final turunda yüksək nəticə göstərən şagirdlərlə söhbətimiz zamanı bildirdilər ki, olimpiada onlar üçün həm bilik, həm də motivasiya baxımından mühüm təcrübə oldu. 
Tarix fənni üzrə qaliblərdən biri Heydər Əliyev adına tam orta məktəbin VIII sinif şagirdi Cavidan Həsənovdur. Cavidan əldə etdiyi uğuru böyük sevinc və qürur hissi ilə qarşıladığını bildirib. Onun sözlərinə görə, qalib olduğunu öyrəndiyi an yaşadığı hisslər zəhmətinin hədər getmədiyini göstərib. 
Şagird qeyd edir ki, tarix fənninə marağı hələ uşaqlıq illərindən formalaşıb və bu sahədə daim araşdırmalar aparıb. Olimpiadaya hazırlıq mərhələsində valideynləri və müəllimlərinin inamı onun üçün xüsusi motivasiya mənbəyi olub. 
O bildirir ki, müəyyən etdiyi hədəfə çatmaq üçün ardıcıl və səylə çalışıb, hazırlıq prosesi boyunca nəticəyə inanaraq irəliləyib. Bu cür olimpiadaların keçirilməsini yüksək qiymətləndirən Cavidan bildirib ki, belə yarışlar şagirdlərin bilik və bacarıqlarının inkişafında mühüm rol oynayır. 
Olimpiadanın digər iştirakçısı Azərbaycan dili və ədəbiyyat fənni üzrə qalib olan Nəzrin Quliyevadır. O, Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin IX sinfində təhsil alır. Nəzrin Azərbaycan dilinə olan marağının uşaqlıq illərindən formalaşdığını bildirib. Onun sözlərinə görə, uğura aparan yol motivasiya və intizamdan keçir. Olimpiadaya hazırlıq dövründə Nəzrin hər iki fənn üzrə ətraflı proqram hazırlayıb, mövzuların incəliklərini aydınlaşdırıb və hər bir mövzunun konspektini sistemli şəkildə çıxarıb. Bu metodik hazırlıq onun uğurunu təmin edən əsas amillərdən biri olub. Qalib şagird, həmçinin belə olimpiadaların əhəmiyyətinə toxunaraq bildirib: “Bu cür olimpiadaların keçirilməsi çox vacibdir, çünki onlar şagirdin istedadını ortaya çıxarır və özünəinamını artırmağa kömək edir”.
Qaliblərdən biri isə Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin IX sinif şagirdi Murad Məmmədlidir. O bildirir ki, nəticə onun gələcək hədəfləri üçün ciddi stimul olub. Muradın sözlərinə görə, tarix fənninə marağı zamanla formalaşıb və bu maraq onu daha dərindən araşdırmağa sövq edib: "Biliklərimi artırmaq üçün mütəmadi olaraq tarixi filmlər izləyir, kitablar oxuyuram. Bu, təkcə Azərbaycan tarixi ilə məhdudlaşmır, digər ölkələrin tarixi də maraq dairəmə daxildir". 
Murad Məmmədli uğur qazanmasında ailəsi ilə yanaşı, müəllimlərinin də rolunun böyük olduğunu xüsusi qeyd edib: “Müəllimlərim əlavə məlumatların öyrənilməsində mənə çox kömək edirlər, məni daha çox oxumağa və biliklərimi artırmağa ruhlandırırlar. Valideynlərim isə hər zaman yanımdadırlar. Çətinliklə qarşılaşanda ilk olaraq onlara müraciət edirəm. Bu səbəbdən həm valideynlərimə, həm də dəyərli müəllimlərimə dərin minnətdarlığımı bildirirəm”.

Muradın sözlərinə görə o, əvvəlki illərdə keçirilən olimpiadaları maraqla izləyib və qaliblərin uğurları onu da özünü sınamağa həvəsləndirib. Bu məqsədlə daha çox oxuduğunu, biliklərini sistemli şəkildə artırdığını bildirən şagird nəticəyə inanaraq hazırlaşdığını qeyd edib. Olimpiadaya hazırlıq dövründə əlavə mənbələrdən yararlanaraq biliklərini dərinləşdirib. 
Qeyd edək ki, final mərhələsində tarix fənni üzrə qalib olan şagirdlər arasında Cavidan Həsənov I yerə, Murad Məmmədli isə III yerə layiq görülüb. Azərbaycan dili və ədəbiyyat fənni üzrə qalib Nəzrin Quliyeva olub. 
Qaliblərin uğurları göstərir ki, belə müsabiqələr şagirdləri yeni zirvələrə həvəsləndirir və təhsil sistemində davamlı inkişaf üçün vacib platforma rolunu oynayır.

Zəhra VƏLİYEVA

Nəşr edilib : 26.01.2026 14:34