NAXÇIVAN :

06 Oktyabr 2026, Çərşənbə axşamı

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir

...

Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi və müdrik siyasəti nəticəsində yaranmış yeni reallıq illərlə blokadada qalmış Naxçıvanı artıq nəqliyyat qovşağına çevirir.
“Şərq qapısı” xəbər verir ki, bunu AZƏRTAC-a və AZTV-yə eksklüziv müsahibəsində Naxçıvan Muxtar Respublikasında  Azərbaycan Respublikası Prezidentinin  səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov bildirib.
Artıq Zəngəzur dəhlizinin Naxçıvana aid olan hissəsində tikinti işlərinə başlanıldığını xatırladan C.Cəlilov Ermənistan sərhədindən Ordubad istiqamətində – Zərəni və Salamməlik stansiyaları arasındakı 7 kilometrlik hissədə tikinti işlərinin sürətlə davam etdiyini vurğulayıb.
“Muxtar respublika ərazisində Zəngəzur dəhlizinin ümumi uzunluğu 194,2 kilometrdir. Burada 10 stansiya və 3 sərnişin dayanacaq platforması daxil olmaqla yenidənqurma işləri aparılacaq. Dəmir yolu xəttinin Culfa–İran xətti ilə birləşməsi, eləcə də Şimal-Cənub və Orta Dəhlizlərin kəsişməsi məhz Culfa stansiyasında baş verəcək. Cənab Prezidentin apardığı siyasət nəticəsində bir sıra alternativ layihələr muxtar respublikada kəsişir: bura həm Cəbrayıl qovşağından Naxçıvana, oradan da Qərbə doğru uzanacaq enerji layihələri, həm də Zəngəzur dəhlizi boyunca Naxçıvana və ehtiyac olduqda daha uzaq məsafələrə çəkiləcək fiber-optik xətlər daxildir”, - deyə o əlavə edib.
Səlahiyyətli nümayəndə həmçinin bildirib ki, ən vacib məqamlardan biri də hazırda inşası tamamlanmaq üzrə olan Ağbənd–Kəlalə körpüsü və növbəti mərhələdə Ordubad–Siyahrud körpüsü vasitəsilə Naxçıvana yeni bağlantının yaradılmasıdır. Bu avtomobil yolu Zəngəzur dəhlizinin alternatividir və muxtar respublikanın nəqliyyat infrastrukturunun şaxələndirilməsi deməkdir. Prezidentin 2023-cü il 5 iyun tarixində təsdiq etdiyi muxtar respublikanın sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üzrə Dövlət Proqramının müvafiq bəndində Naxçıvan ilə Türkiyə arasında ikinci körpünün tikintisi də öz əksini tapıb və bu istiqamətdə ilkin hazırlıq, geoloji kəşfiyyat işləri aparılmaqdadır.

Nəşr edilib : 05.10.2026 21:29