Türkiyədə təyyarədə bomba olması barədə həyəcan si...
23:51 05.10.2026
0
0
0
NAXÇIVAN :
06 Oktyabr 2026, Çərşənbə axşamı
“Əsas vəzifəmiz Prezidentin bütün tapşırıqlarını vaxtında və yüksək keyfiyyətlə icra edərək vətəndaşlarımızın rifahını daha da yüksəltməkdir”
Prezident İlham Əliyevin bu il avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri və ardınca imzaladığı mühüm Sərəncam regionun sosial-iqtisadi həyatında keyfiyyətcə yeni inkişaf mərhələsinin əsasını qoyub. Zəngəzur dəhlizinin reallaşması ilə blokadadan çıxaraq beynəlxalq nəqliyyat-logistika və yaşıl enerji qovşağına çevriləcək Naxçıvanda müasir infrastruktur qurulur, aqrar islahatlar və yeni idarəetmə modeli ardıcıl şəkildə tətbiq olunur. “Şərq qapısı” xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov bölgədə həyata keçirilən strateji layihələr, Naxçıvan şəhərinin Baş planı və qarşıda duran prioritet məsələlərlə bağlı AZƏRTAC-a və AzTV-yə eksklüziv müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
–Ceyhun müəllim, müsahibəyə Prezident İlham Əliyevin Naxçıvana son səfərindən başlayaq. Sizcə, bu səfər muxtar respublikanın sosial-iqtisadi inkişafında hansı yeni mərhələnin əsasını qoydu? Dövlət başçısının Naxçıvanla bağlı verdiyi tapşırıqlar və qarşıya qoyduğu başlıca hədəflər nələrdən ibarətdir?
–Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Naxçıvana səfərinin nəticələrini biz üç əsas istiqamətdə nəzərdən keçirə bilərik. Birincisi, muxtar respublikanın sosial-iqtisadi inkişafı, ictimai-siyasi həyatı, eləcə də təhlükəsizliyi baxımından əhəmiyyətli nəticələrdir. İkincisi, ümumilikdə ölkə səviyyəsində əldə olunan nəticələr, eləcə də enerji və nəqliyyat infrastrukturunun vahid sistemdə birləşdirilməsi perspektividir. Üçüncüsü isə cənab Prezidentin səfəri zamanı dövlət televiziyasına verdiyi müsahibədə də açıq bəyan etdiyi kimi, regional səviyyədəki nəticədir. Təbii ki, Cənubi Qafqazın və yaxın regionun nəqliyyat-logistika, eləcə də enerji infrastrukturuna muxtar respublikanın töhfəsi baxımından bu səfərin olduqca mühüm nəticələri olub.
Cənab Prezidentin muxtar respublikaya 15-ci səfəri 2021-ci il mayın 10-da – Şanlı Zəfərimizdən sonra Ulu Öndərin doğum günündə baş tutmuşdu. Həmin səfər çərçivəsində tarixi Ordubad şəhərinə səfər edildi, Ordubad Dəmir Yolu Stansiyasında əsaslı yenidənqurma işlərinə baxış keçirildi. Həmin gün dövlət televiziyasına müsahibə verən Prezident İlham Əliyev tərəfindən Zəngəzur dəhlizinin açılması ilə bağlı ilkin anonslar və qətiyyətli fikirlər səsləndirildi. On yeddinci səfər isə məhz həmin səfərin məntiqi davamı idi. Bir naxçıvanlı olaraq, biz böyük intizarla növbəti addımları gözləyirdik. Bu, cənab Prezidentin 2025-ci il 8 avqust tarixli Vaşinqton görüşləri nəticəsində əldə edilmiş tarixi nailiyyətdən sonra muxtar respublikaya ilk səfəri oldu. Həmçinin qeyd etdiyim Ordubad bəyanatından sonra həmin fikirlərin artıq icrasının tamamlanması və növbəti mərhələyə keçid xarakteri daşıyan bir səfər idi.
Muxtar respublikanın sosial-iqtisadi inkişafı istiqamətində cənab Prezidentin səfərinin nəticələri barədə danışmaq istəyirəm. Naxçıvan Muxtar Respublikasında bir sıra layihələrin təməlqoyma və açılış mərasimləri keçirildi. İstər yaşıl enerji layihəsi, istər Sənaye Parkının təməlinin qoyulması, eləcə də yeni hotel kompleksinin və sosial evlərin inşası ilə bağlı təməlqoyma tədbirləri – bunların hər biri növbəti dövrdə icrasını tamamlamalı olduğumuz yeni tapşırıqlardır. Əlavə olaraq, Naxçıvan şəhərində DOST Mərkəzinin açılış mərasimi oldu və bu, muxtar respublika üçün yeni bir mərhələdir. Bu addım məşğulluq, sosial müdafiə və sosial təminat istiqamətləri üzrə vətəndaşlara əlçatan xidmətin göstərilməsi baxımından olduqca vacib idi. Bununla yanaşı, Naxçıvan şəhərinin bütün ictimai nəqliyyat sistemində yenilənmə həyata keçirildi və cənab Prezident elektrobusların təqdimatında iştirak etdi, eləcə də dəmir yolu infrastrukturu istiqamətində görülən işlərlə tanış oldu.
Ümumilikdə, cənab Prezidentin səfərinin nəticələri yalnız həmin səfərlə məhdudlaşmır. Səfərin ardınca, avqustun 12-də cənab Prezident “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzaladı. Yeddi istiqamətdə nəzərdə tutulan bu addımlar tamamilə əhaliyönümlüdür və Naxçıvan sakinlərinin həyatına birbaşa təsir edən mühüm məsələləri əhatə edir. Ötən illər ərzində cənab Prezidentin diqqət və qayğısı nəticəsində Naxçıvanda əsas infrastruktur artıq tam formalaşdırılıb. Bildirmək istəyirəm ki, son 10 ildə muxtar respublikaya Azərbaycanın dövlət büdcəsindən dotasiya şəklində 3 milyard manat həcmində maliyyə vəsaiti ayrılıb. Məhz həmin vəsaitlər, eləcə də əvvəlki dövrlərdə ayrılmış maliyyə hesabına və cənab Prezidentin tapşırıqları nəticəsində baza infrastrukturu qurulub.
Cənab Prezidentin səfəri ərəfəsində verilən tapşırıqlar, eləcə də səfərin növbəti günü imzalanmış Sərəncam artıq növbəti mərhələdə daha əhatəli növbəti addımları nəzərdə tutur. İlk növbədə gücü 15,6 MVt olan Tivi Su Elektrik Stansiyasının tikintisi həmin Sərəncamda öz əksini tapıb. 156 min nəfər əhalini və 26 yaşayış məntəqəsini əhatə edən, ümumi uzunluğu 420 kilometr olan 2 kəndlərarası, 5 şəhərdaxili və 10 kənddaxili avtomobil yollarının yenidən qurulması nəzərdə tutulub. Naxçıvan Dövlət Universitetinin tələbələri üçün 1000 yerlik yeni yataqxana kompleksinin tikintisi ilə bağlı tapşırıq verilib. Ümumilikdə, muxtar respublikada 162 çoxmənzilli yaşayış binasının və 122 yaşayış binasını istiliklə təmin edən 45 qazanxana binasının əsaslı təmiri ilə bağlı tapşırıqlar verilib. Eləcə də 640 yerlik 5 yeni məktəbəqədər təhsil müəssisəsinin tikintisi ilə bağlı cənab Prezidentin 12 avqust tarixli Sərəncamında müvafiq tapşırıqlar verilib və həmin tapşırıqlar bizim növbəti dövrdə fəaliyyətimizin prioritet istiqamətlərindəndir.
-Siz cənab Prezidentin 2026-cı il 12 avqust tarixli Sərəncamını qeyd etdiniz. Həmin Sərəncama əsasən, həm də muxtar respublikada avtomobil yollarının əsaslı təmirinə 70 milyon, şəhərlərarası ictimai nəqliyyat parkının yenilənməsinə isə ilkin olaraq 53 milyon manat ayrılıb. Bilmək istərdim, yeni nəqliyyat sistemində xidmət keyfiyyəti, intervallar və elektron ödəniş məsələləri necə tənzimlənəcək?
-Təbii ki, bu prosesin həm kəmiyyət, həm də keyfiyyət meyarları var. Kəmiyyət meyarı infrastrukturun yenidən qurulması və nəzərdə tutulan tədbirlərin vaxtında icrasıdır, keyfiyyət isə onun necə idarə olunmasından asılıdır. Nümunə kimi bildirmək istəyirəm ki, Naxçıvan şəhərində ictimai nəqliyyat artıq tamamilə elektrobuslarla təmin olunub. Bu, təkcə yeni avtobusların gətirilməsi demək deyil. Azərbaycan Respublikasının müvafiq mərkəzi icra hakimiyyəti orqanının ölkənin digər regionlarında qurduğu müasir idarəetmə sistemi muxtar respublikada da tətbiq edilir. Yəni vətəndaş artıq “ağıllı” idarəetmə sisteminə malik nəqliyyat xidmətindən istifadə edir: ödənişlər tam nağdsız həyata keçirilir, avtobusların hərəkət intervalları və sıxlığı “ağıllı” sistemlər vasitəsilə tənzimlənir. Bu da birbaşa vətəndaş məmnunluğuna hesablanmış prosesdir. Növbəti mərhələdə isə cənab Prezidentin Sərəncamına uyğun olaraq, ictimai nəqliyyatın yenilənməsinin muxtar respublikanın bütün yaşayış məntəqələri arasındakı marşrut şəbəkəsini əhatə etməsi nəzərdə tutulub.
-Nəqliyyat infrastrukturu Naxçıvanın gələcək inkişafında əsas məsələlərdən biridir. Bu layihələr Naxçıvanın iqtisadi və logistika imkanlarını necə dəyişə bilər?
-Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi və müdrik siyasəti nəticəsində yaranmış yeni reallıq illərlə blokadada qalmış Naxçıvanı artıq nəqliyyat qovşağına çevirir. Körfəzə dəmir yolu ilə yeganə çıxış hazırda məhz Naxçıvan vasitəsilə mümkündür. Cənab Prezident öz müsahibəsində də vurğuladı ki, Zəngəzur dəhlizinin açılması ilə Naxçıvan Şimal-Cənub və Orta Dəhlizin qovşaq nöqtəsinə çevrilir.
Artıq Zəngəzur dəhlizinin Naxçıvana aid olan hissəsində tikinti işlərinə başlanılıb və cənab Prezident səfəri zamanı həmin layihələrlə tanış olub. Ermənistan sərhədindən Ordubad istiqamətində – Zərəni və Salamməlik stansiyaları arasındakı 7 kilometrlik hissədə tikinti işləri artıq başlayıb və sürətlə davam edir.
Muxtar respublika ərazisində Zəngəzur dəhlizinin ümumi uzunluğu 194,2 kilometrdir. Burada 10 stansiya və 3 sərnişin dayanacaq platforması daxil olmaqla yenidənqurma işləri aparılacaq. Dəmir yolu xəttinin Culfa–İran xətti ilə birləşməsi, eləcə də Şimal-Cənub və Orta Dəhlizlərin kəsişməsi məhz Culfa stansiyasında baş verəcək. Cənab Prezidentin apardığı siyasət nəticəsində bir sıra alternativ layihələr muxtar respublikada kəsişir: bura həm Cəbrayıl qovşağından Naxçıvana, oradan da Qərbə doğru uzanacaq enerji layihələri, həm də Zəngəzur dəhlizi boyunca Naxçıvana və ehtiyac olduqda daha uzaq məsafələrə çəkiləcək fiber-optik xətlər daxildir.
Ən vacib məqamlardan biri isə hazırda inşası tamamlanmaq üzrə olan Ağbənd–Kəlalə körpüsü və növbəti mərhələdə Ordubad–Siyahrud körpüsü vasitəsilə Naxçıvana yeni bağlantının yaradılmasıdır. Bu avtomobil yolu Zəngəzur dəhlizinin alternatividir və muxtar respublikanın nəqliyyat infrastrukturunun şaxələndirilməsi deməkdir. Cənab Prezidentin 2023-cü il 5 iyun tarixində təsdiq etdiyi muxtar respublikanın sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üzrə Dövlət Proqramının müvafiq bəndində Naxçıvan ilə Türkiyə arasında ikinci körpünün tikintisi də öz əksini tapıb və bu istiqamətdə ilkin hazırlıq, geoloji kəşfiyyat işləri aparılmaqdadır.
-Ölkə iqtisadiyyatında aqrar sektorun inkişafı prioritet məsələlərdəndir. Bu baxımdan muxtar respublikada kənd təsərrüfatının inkişafı, suvarma təminatının yaxşılaşdırılması və fermerlərə dövlət dəstəyinin artırılması istiqamətində hansı planlar mövcuddur?
-Bildirmək istəyirəm ki, Naxçıvan Muxtar Respublikası aqrar regiondur. Əhalinin 60 faizdən çoxu kənd yerlərində yaşayır, ona görə də aqrar sektorun inkişafı bir nömrəli məsələlərdəndir. Təbii ki, əsas fəaliyyətimiz cari il mayın 25-də cənab Prezidentin rəhbərliyi ilə keçirilən müşavirədə verilən tapşırıqlar və təsdiq olunmuş Dövlət Proqramında müəyyən edilən hədəflərə nail olmaqdan ibarətdir. Qeyd edilən Dövlət Proqramında və verilmiş tapşırıqlarda müəyyən edilmiş hədəflər muxtar respublikaya da şamil olunur və bu istiqamətdə artıq fəaliyyət planları formalaşdırılıb.
Muxtar respublikanın aqrar sektorunun inkişafına maneçilik törədən başlıca çətinlik su resursları ilə bağlıdır. Bu çətinliyin aradan qaldırılması üçün cari il 21 fevral tarixli Sərəncamla muxtar respublikada su resurslarının səmərəli idarə edilməsinə dair 2026–2030-cu illəri əhatə edən Tədbirlər Planı təsdiq edilib. Bu plan çərçivəsində 42 nasos stansiyası və təzyiqli boru xətti, 22 kanal və 3 özüaxımlı borunun əsaslı təmiri və yenidən qurulması nəzərdə tutulur. Bu tədbirlər 60 min hektar əkinəyararlı torpağın 60 faizini əhatə edir və 40 min hektar sahənin dayanıqlı su ilə təmin edilməsinə nail olunacaq. Artıq bu istiqamətdə işlərə başlanılıb. Cari ildə nəzərdə tutulan layihələrin bir qismi icra olunmaqdadır, müəyyən hissəsinin isə layihələndirmə işləri aparılır. Bu, bizim üçün əsas amildir.
Digər amil isə aqrar sektora dövlət dəstəyinin göstərilməsidir. Bildirmək istəyirəm ki, aqrar sektora dövlət dəstəyi sahəsində Naxçıvana fərqli yanaşma mövcuddur və muxtar respublikada bu sektorun inkişafı məqsədilə işğaldan azad olunmuş bölgələrlə birgə fərqli əmsallarla dövlət dəstəyi təmin olunur. İntensiv meyvə bağları, eləcə də bitkiçilik və heyvandarlıq istiqamətində fərqləndirilmiş əmsallar tətbiq edilir. Misal üçün, intensiv üzüm bağlarının hər hektarına Naxçıvanda 12 min 500 manat subsidiya nəzərdə tutulur, hansı ki, ölkənin digər rayonlarında bu məbləğ 8000 manat həcmindədir. Superintensiv fındıq bağları yalnız Naxçıvanda subsidiyalaşdırılır və dövlət dəstəyi ilə hər hektara 4400 manat, superintensiv armud bağlarına 25 min 200 manat, intensiv alma bağlarına isə 21 min manat subsidiya nəzərdə tutulub.
Ümumilikdə, muxtar respublikada növbəti dövrdə aqrar sektorun inkişafı cənab Prezidentin müəyyən etdiyi tapşırıqlar üzrə aparılacaq. Bura intensiv meyvə bağlarının, intensiv əkinçiliyin, istixanaların sahəsinin, eləcə də heyvandarlıq istiqamətində cins tərkibli heyvanların sayının artırılması, soyuducu anbarların həcminin genişləndirilməsi və bu sahədə dövlət dəstəyinin əhatəsinin artırılması daxildir. Bitkiçilik üzrə isə məhsuldarlığın yüksəldilməsi planlaşdırılır. Əlavə olaraq, arıçılığın subsidiyalaşdırılması ilə bağlı yerlərdə tələblər kifayət qədər idi və Aqrar Subsidiya Şurası bu müraciətləri nəzərə alıb müvafiq qərar verdi. İşğaldan azad olunmuş bölgələrdə və muxtar respublikada arıçılıq istiqamətində arı ailələrinin sayına uyğun subsidiyalaşdırılma həyata keçiriləcək.
Digər istiqamət isə muxtar respublikada heyvan xəstəliklərindən azad zonanın yaradılması ilə bağlıdır və artıq bu istiqamətdə işlərə başlanılıb. Nəzərdə tutulur ki, muxtar respublikanın bütün ərazisinin heyvan xəstəliklərindən azad zonaya çevrilməsi üçün müvafiq prosedurlar keçirilsin - bütün iribuynuzlu və xırdabuynuzlu heyvanların identifikasiyası, vaksinasiyası və müvafiq beynəlxalq təşkilatın rəyləri əsasında bu zona statusu əldə edilsin. Bununla bağlı qarşıya qoyduğumuz hədəf 2028-ci ilə qədər muxtar respublikanın heyvan xəstəliklərindən azad zonaya çevrilməsinə nail olmaqdır. Bu imkan verəcək ki, muxtar respublikanın ət və süd məhsullarını dünya bazarlarına maneəsiz çıxara bilək.
-Ceyhun müəllim, aqrar sahəyə toxundunuz. Naxçıvanın inkişafından danışırıqsa, mütləq onun dağ-mədən və metallurgiya sənaye potensialına da toxunmalıyıq. Hətta bununla bağlı yeni layihələr də icra olunur. Maraqlıdır ki, Naxçıvanın sənaye potensialı ilə bağlı yaxın illərdə hansı sahələrə daha çox diqqət ayrılacaq?
-Muxtar respublikada sənayenin ÜDM-dəki çəkisi 11 faizdir. Cari ilin 8 ayı ərzində 366 milyon manatlıq sənaye məhsulu istehsal olunub ki, bu da ötən ilin müvafiq dövründən təxminən 5 faiz artıqdır. İstehsal olunan sənaye məhsulunun 84 faizi qeyri-dövlət, 83 faizi isə emal sektorunun payına düşür. Sənayeyə cari ildə 66 milyon manat investisiya qoyulub. Bu, ötən ilin müvafiq dövründəkindən 3 dəfə çoxdur. Sənayenin inkişafı istiqamətində əsas prioritet 310 hektar sahəsi olan, ölkədə sahəsinə görə ikinci böyük sənaye parkı sayılan Naxçıvan Sənaye Parkının qısa müddətdə istismara verilməsidir. Təbii ki, muxtar respublikada başlıca istiqamətlər - aqrar və yeyinti sənayesi, dağ-mədən, yüngül sənaye, tikinti materialları, kimya və metallurgiya sahələridir. Məqsəd növbəti mərhələdə bu sahədə müəssisələrin qurulması və investisiyanın yönəldilməsinə nail olmaqdır.
Xüsusilə dağ-mədən sənayesinə toxunmaq istəyirəm. Bununla bağlı cənab Prezidentin rəhbərliyi ilə müşavirə keçirildi və bildirildi ki, Naxçıvanın mineral resurslar potensialı indiyə qədər əhatəli qiymətləndirilməyib. Ehtimal ondan ibarətdir ki, regionda zəngin resurslar var. İlkin olaraq, geoloqlar tərəfindən müvafiq siqnallar da əldə edilib. Xüsusilə qeyd etmək istəyirəm ki, Ortakənd qızıl yatağının ilkin həcmi müəyyənləşdirilib. Göydağ və Başkənd mis yataqları ilə bağlı ilkin məlumatlar əldə olunub. Lakin əhatəli geoloji kəşfiyyat işlərinin aparılmasına zərurət var. Nəsirvaz polimetal təzahür sahəsində də əlavə kəşfiyyat işləri aparılmalıdır. Eləcə də ötən iki il ərzində beynəlxalq qiymətləndiricinin cəlb edilməsi nəticəsində Parağaçay, Qapıcıq və Gümüşlü polimetal yataqlarının ilkin ehtimal olunan ehtiyatları nəzərə alınıb. Bu yataqların əhatəli geoloji kəşfiyyatından sonra zəngin ehtiyatların təsdiqlənəcəyi gözlənilir ki, bu da muxtar respublikada dağ-mədən sənayesinin inkişafına ciddi təkan verəcək. Əlavə olaraq qeyd etmək istəyirəm ki, 2025-ci il yanvarın 27-də Azərbaycan Respublikasının İqtisadi Şurasında müzakirə olunan mövzulardan biri Naxçıvanda Azad İqtisadi Zonanın yaradılması olub. Bu proses Naxçıvanın inkişaf perspektivlərinə yeni imkanlar açır.
-Muxtar respublikada əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması, xüsusilə şəhid ailələri, qazilər və həssas əhali qruplarının sosial müdafiəsi istiqamətində hansı addımlar atılır?
-Son 7 ildə 4 milyondan artıq vətəndaşı əhatə edən, ümumi maliyyə tutumu 7,6 milyard manat olan 5 sosial islahat zərfi Naxçıvanda da tam tətbiq edilib. Əhalinin məşğulluğunun təmin edilməsi və sosial təminat istiqamətində dövlət xidmətlərinin keyfiyyətli göstərilməsi müvafiq qaydada və elektronlaşmış sistemlər vasitəsilə həyata keçirilir. Qanunvericiliklə müəyyən olunmuş aktiv məşğulluq tədbirlərinin hər biri muxtar respublikada icra edilir. Xüsusilə özünüməşğulluq proqramı çərçivəsində 2017-2026-cı illər üzrə 3362 nəfər aktivlərlə təmin olunub.
Bildirmək istəyirəm ki, aktiv məşğulluq tədbirləri çərçivəsində əməkhaqqının birgə maliyyələşdirilməsi proqramının icrasına muxtar respublikada 2023-cü ildən başlanılıb. Əməkhaqqının birgə maliyyələşdirilməsi həm sahibkarın xərclərinə dövlət dəstəyi göstərir, həm də işsiz şəxslərin göndəriş əsasında məşğulluğunu təmin edir. Məşğulluq istiqamətində əsas prioritet dövlətin qanunvericiliklə müəyyən olunmuş aktiv məşğulluq tədbirlərini təmin etmək, eləcə də sahibkarlığın genişləndirilməsi və yeni iş yerlərinin məhz özəl sektor hesabına açılmasına nail olmaqdır. Təəssüf ki, muxtar respublikanın əmək bazarında və sahibkarlıq mühitində uzun illər blokada nəticəsində özünəməxsus bir ekosistem yaranmışdı - sahibkarlıq mühiti olduqca məhdud formada inkişaf etmişdi. İndiki perspektivlər isə sahibkarlarda böyük inam və ümid yaradır, irimiqyaslı investisiyalar və layihələr gündəlikdədir, onların müzakirəsi aparılır.
Muxtar respublikada bu gün artıq özəl sektorda muzdla çalışanların sayı 3 il əvvəlki 13 min nəfərdən 17 min nəfərə yüksəlib. Lakin hesab edirik ki, biznesin inkişafı nəticəsində bu göstərici dəfələrlə artmalıdır. Çünki muxtar respublikada dövlət sektorunda çalışanlarla özəl sektorda çalışanlar arasında ciddi disbalans mövcuddur. Bunun da əsas səbəbi uzun illər davam edən məhdudiyyətlər nəticəsində sahibkarlığın zəif inkişaf etməsi olub. Məhz buna görə dövlətin əsas prioriteti aqrar sahənin, sahibkarlığın, sənayenin inkişafı və biznes mühitinin cəlbediciliyini artırmaqla yeni iş yerlərinin açılmasına nail olmaqdır.
Həssas əhali qrupundan olan sakinlərə dövlət qayğısı ilə bağlı bildirmək istəyirəm ki, şəhid ailələri, müharibədə sağlamlığını itirən vətəndaşlarımız, onların ailə üzvləri və digər imtiyazlı kateqoriyalardan olan şəxslərin sosial müdafiəsi və təminatı üçün sistemli iş aparılıb. İlk növbədə qeyd edim ki, imtiyazlı şəxslərin mənzil təminatı sahəsində bu günə qədər muxtar respublikada 400-dən artıq vətəndaşa mənzil təqdim edilib. Qanunvericiliklə mənzil təminatı hüququna malik olan imtiyazlı şəxslər arasında, demək olar ki, artıq növbədə qalan yoxdur. Eləcə də avtomobil təminatı ilə bağlı müvafiq kateqoriyadan olan şəxslərə bu günədək 635 avtomobil verilib və qanunvericiliklə bu hüququ müəyyən edilmiş şəxslər üzrə növbədə heç kim yoxdur.
Bu gün muxtar respublikada 3275 aztəminatlı ailəyə aylıq ümumilikdə 1,4 milyon manat ünvanlı sosial yardım ödənilir. Bundan əlavə, məcburi dövlət sosial sığorta vəsaitləri hesabına 46 min pensiyaçıya 26 milyon manat pensiya, 19 min nəfərə isə orta hesabla 7 milyon manatdan artıq müavinət və təqaüd ödənilir. Cari ildə 3 milyondan çox sosial ödəniş həyata keçirilib. Bütün bunları ümumiləşdirəndə muxtar respublikada aylıq sosial ödənişlər təxminən 35 milyon manat təşkil edir.
Əlavə olaraq bizim müvafiq altsistemdə gördüyümüz digər göstərici isə muxtar respublikanın ümumi əməkhaqqı fondunun 37 milyon manat olmasıdır.
Bu fakt göstərir ki, dövlət aylıq əməkhaqqı fondu həcmində sosial ödəniş həyata keçirir. Biz bu məsələnin həssaslığını anlayırıq. Bütün kateqoriyalardan olan sosial ödənişlərin vaxtında, qanunvericiliyə uyğun və operativ qaydada təmin edilməsi gündəliyimizdə duran ən vacib vəzifələrdəndir.
-Naxçıvanın enerji potensialı son illərdə daha çox gündəmdədir. Xüsusilə də yaşıl enerji istiqamətində kifayət qədər imkanlar var. Bu imkanlardan istifadə edərək Naxçıvanı enerji ixrac edən bölgəyə çevirmək olarmı?
-Naxçıvan bu gün özünü elektrik enerjisi ilə təmin edir. Cari ildə muxtar respublikada istehsal və istehlak olunan enerjinin 60 faizi bərpaolunan mənbələr hesabına əldə edilib. Aprelin 24-dən iyulun 10-na qədər muxtar respublikada enerji almaq üçün bir kubmetr də olsun qaz yandırılmayıb, tələbat yalnız bərpaolunan mənbələrdən ödənilib. Bu, Naxçıvanın bərpaolunan enerji gücünü göstərir. İlkin olaraq Naxçıvanın ümumi enerji potensialı 21 min MVt-dan çox qiymətləndirilir. Təbii ki, bu, Naxçıvanda Günəşli günlərin sayı, hidrogücün həcmi, Günəş radiasiyasının göstəricilərindən asılıdır. Qarşıdakı hədəf 1000 MVt-a qədər enerji istehsalına nail olunmasından ibarətdir. Lakin bu enerjinin əldə edilməsi təbii ki, magistral qoşulmalar tələb edir. Hazırkı vəziyyətdə Cəbrayıl enerji qovşağından Naxçıvan Muxtar Respublikasına 330 kV-luq xəttin çəkilməsi və muxtar respublika boyunca Ordubaddan Sədərək rayonuna qədər, oradan da Türkiyə vasitəsilə Qərbə çıxış imkanları dəyərləndirilir. Artıq muxtar respublikada 330 kV-luq ikidövrəli elektrik verilişi xətlərinin çəkilişi ilə bağlı hazırlıqlara başlanılıb. Naxçıvan şəhəri ərazisində Naxçıvan Çevirici Yarımstansiyasının inşası üçün ilkin hazırlıqlara start verilib. Bu, muxtar respublikanın enerji generasiyasının ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulması məqsədini daşıyır.
Hazırda muxtar respublikada cənab Prezidentin səfəri zamanı tanış olduğu, hər birinin gücü 25 meqavat olan “Şəms 1” və “Qərbi Üfüq” Günəş elektrik stansiyalarının inşasına başlanılıb. Ümumi gücü 50 MVt təşkil edən bu stansiyaların tikintisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ilin noyabr ayında imzaladığı müvafiq qərarla ayrılmış 688 hektar ərazidə aparılır. Həmin sahədə ilkin mərhələdə 50 MVt gücündə nəzərdə tutulan Günəş elektrik stansiyalarının gələcəkdə genişləndirilərək 400 MVt-a çatdırılması hədəflənir.
Əlavə olaraq, cənab Prezidentin 12 avqust tarixli Sərəncamında 15,6 MVt gücündə Tivi Su Elektrik Stansiyasının tikintisi də əksini tapıb. Bu stansiya muxtar respublikanın bərpaolunan enerji generasiyasına töhfəsini verəcək. Digər mühüm layihə isə ümumi gücü 36 MVt olan Ordubad Su Elektrik Stansiyasıdır. Hazırda bu layihə üzrə tikinti işləri davam etdirilir. Transsərhəd çayımız olan Araz çayı üzərində yerləşən Ordubad Su Elektrik Stansiyası üzrə müvafiq prosedurlar icra olunur və bu layihə də bərpaolunan mənbələr hesabına əlavə generasiya gücü yaradacaq.
-Naxçıvan zəngin tarixi-mədəni irsə malikdir. Bu irsin, abidələrin bərpası və gələcək nəsillərə çatdırılması üçün nə kimi tədbirlər görülür?
-Cənab Prezidentin Naxçıvana səfərində vacib istiqamətlərdən biri də muxtar respublikanın tarixi-mədəni irsinin qorunması sahəsində görülən işlərlə tanış olmaq və növbəti tapşırıqlarını verməkdən ibarət idi. Bu səfər zamanı Naxçıvan şəhərində XII əsr memarlıq abidəsi olan Möminə xatun türbəsinin bərpa və konservasiya işləri ilə tanışlıq oldu. Bu məqsədlə 2025-ci ildə 1 milyon manat, 2026-cı ildə isə 10 milyon manata yaxın vəsait ayrılıb. Növbəti iki il ərzində də bərpa-konservasiya tədbirləri davam etdiriləcək. Bu, olduqca mühüm irsdir – dahi memar Əcəmi Naxçıvaninin şah əsərlərindən biridir. Qeyd edim ki, cari ildə Əcəmi Naxçıvaninin anadan olmasının 900 illiyi qeyd edilir və cənab Prezident bununla bağlı müvafiq Sərəncam imzalayıb.
Bildirməliyəm ki, Prezident İlham Əliyevin cari ilin əvvəlində verdiyi müvafiq tapşırığa əsasən, Ordubad Dövlət Tarix-Mədəniyyət Qoruğunun mərkəzi hissəsinin bərpası konsepsiyasının hazırlanması və onun əsasında bərpa işlərinin aparılmasına dair tapşırıqlar verilib. Bu məqsədlə tərəfdaş qurumlarla birgə iş aparılır. Həmin konsepsiya çərçivəsində Sərşəhər məhəlləsi və məscidi, Ordubad mədrəsəsi, Ordubad hamamı, Təkeşiyi məscidi, Dilbər, Yuxarı və Aşağı Ambaras məscidləri və digər tarixi abidələrin bərpası nəzərdə tutulur. Bu, muxtar respublikada mədəni irs üzrə qarşımızda duran ən vacib prioritetlərdən biridir. Digər layihə isə Naxçıvan şəhərindəki İsmayıl xan hamamının bərpası və konservasiyasıdır ki, hazırda bu istiqamətdə də işlər görülür.
-Prezident İlham Əliyev muxtar respublikaya son səfəri zamanı Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planı ilə tanış oldu. Bu, kifayət qədər uzunmüddətli və böyük hədəfdir. Bu planın Naxçıvanın simasını dəyişəcək ən mühüm istiqamətləri hansılardır?
-Yeni Baş planda kəmiyyət və keyfiyyət elementləri öz əksini tapıb. Kəmiyyət göstəricilərinə gəldikdə, Naxçıvan şəhərinin məskunlaşma ərazisi 1800 hektardan 2600 hektara qədər genişləndiriləcək. Bu, 44 faiz artım deməkdir. Məskunlaşan əhalinin sayı 97 min nəfərdən 130 min nəfərə çatdırılacaq. Yaşayış fondu isə 3,9 milyon kvadratmetrə yüksələcək ki, bu da adambaşına 30 kvadratmetr yaşayış sahəsi deməkdir.
Keyfiyyət göstəriciləri isə bundan ibarətdir ki, adambaşına düşən yaşıllıq sahəsi 15 kvadratmetrdən 27 kvadratmetrə çatdırılacaq. Şəhər mobilliyinə yanaşma yeni prinsiplər əsasında formalaşdırılıb. Optimallaşdırılmış və əlçatan nəqliyyat infrastrukturunun yaradılması məqsədilə küçələrin ümumi uzunluğunun 188 kilometr, mikromobilliyi təmin etmək üçün velosiped zolaqlarının uzunluğunun isə 122 kilometr olması nəzərdə tutulur.
Həmçinin sosial sahə, səhiyyə, təhsil və digər təyinatlı müəssisələrin əlçatanlığı istiqamətində də Baş planda konkret hədəflər müəyyən edilib. Belə ki, təhsil müəssisələrinin tutumunun 23 min, məktəbəqədər müəssisələrin isə 7 min nəfər olması planlaşdırılır. Şəhərin kəmiyyət göstəricilərinin böyüməsi və müxtəlif istiqamətlərdə inkişafı nəticəsində məşğulluğun 40 faiz artaraq 78 min nəfərə çatacağı gözlənilir.
Ümumilikdə, tarixi abidələr qorunmaqla yanaşı, yaşıllıq zolaqları və ekoloji mühit ən yüksək standartlara uyğunlaşdırılacaq. Müasir şəhərsalma prinsipləri, inklüzivlik və hər kəs üçün əlçatanlıq şəhərin yeni Baş planında əsas amillər kimi nəzərə alınıb.
-Səlahiyyətli nümayəndəlik institutu ilə bağlı sual vermək istərdim. Nümayəndəliyin fəaliyyətə başlaması ilə idarəetmədə operativlik və şəffaflıq nə dərəcədə artıb, yeni idarəetmə modelinin tətbiqi ilə dövlət qurumlarının fəaliyyətində və vətəndaş-məmur münasibətlərində hansı köklü dəyişikliklər baş verib?
-Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi cənab Prezident tərəfindən 2022-ci ildə təsis edilib və bu təcrübə həm işğaldan azad olunmuş ərazilərdə, həm də muxtar respublikada nümayəndəlik institutunun tətbiqi nəticəsində həyata keçirilib. Bildirmək istəyirəm ki, səlahiyyətli nümayəndəlik institutu muxtar respublikada müəyyən təkamül prosesi keçib. İlk növbədə, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında müvafiq dəyişikliklər aparılıb və konstitusion islahatlar cari ilin əvvəlində tamamlanıb. Muxtar respublikanın statusu qorunmaqla, səlahiyyətli nümayəndəliyin Naxçıvanın idarəetməsindəki yeri Konstitusiyada təsbit edilib.
Ardınca cənab Prezidentin cari il 29 iyun tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında” Əsasnaməyə dəyişikliklər edilərək vəzifə və hüquqlar dəqiqləşdirilib. Ümumiyyətlə, muxtar respublikanın idarəetməsində konstitusion islahatlardan sonra səlahiyyət bölgüsünə yenidən baxılıb - həm muxtar respublikanın qanunverici, həm də icra hakimiyyəti orqanları arasında funksiyaların dəqiqləşdirilməsi aparılıb.
Səlahiyyətli nümayəndəlik institutu, ilk növbədə, Azərbaycan Respublikası Prezidentinin fəaliyyətini muxtar respublikada təmin edən dövlət orqanıdır. Nümayəndəlik daha çox cənab Prezidentin səlahiyyətlərini həyata keçirən dövlət qurumları arasında qarşılıqlı əlaqələndirməni təmin edir, dövlət başçısının muxtar respublikaya dair tapşırıq və göstərişlərinin yerlərdə icrasına nəzarəti həyata keçirir. Eyni zamanda, muxtar respublikanın sosial-iqtisadi və ictimai-siyasi vəziyyəti ilə bağlı cənab Prezidentə mütəmadi məlumatlar və hesabatlar təqdim edir, əhalinin vacib problemlərinin həlli istiqamətində təkliflər irəli sürür.
Qarşıda duran bu vəzifələrdən irəli gələrək əsas fəaliyyət dövlət orqanlarının bir-biri ilə sıx və qarşılıqlı əlaqədə işləməsini təmin etməkdən, ən başlıcası isə Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti sisteminə muxtar respublikanın icra orqanlarının inteqrasiyasını həyata keçirməkdən ibarətdir. Şəffaflığın və operativliyin təmin olunmasında isə səlahiyyətli nümayəndəlik daha çox nəzarətedici və əlaqələndirici funksiyanı yerinə yetirir.
-Müsahibəmizdə böyük layihələrdən danışdıq. Bu layihələr sadə insanların həyatına necə təsir edir? Sonuncu sualım ondan ibarətdir ki, Naxçıvan sakini bu inkişafı gündəlik həyatında necə və nə vaxt hiss edəcək?
-Qeyd edim ki, Naxçıvan sakinləri hər zaman dövlət qayğısı ilə əhatə olunub: həm baza infrastrukturun formalaşması, həm də təhsil, səhiyyə və sosial xidmətlərin tam əlçatanlığı təmin edilib. Bu gün muxtar respublikada "ASAN xidmət" və "DOST" mərkəzləri fəaliyyət göstərir, bütün elektron dövlət xidmətləri tam inteqrasiya olunub. Dövlət bu istiqamətdə bütün zəruri tədbirləri görür və görməkdə davam edir.
Təbii ki, hazırkı vəziyyətdə muxtar respublikanın iki əsas istiqamətdə çətinliyi mövcuddur. Bunlardan biri məşğulluqla bağlıdır. Bunun da səbəbləri bəllidir: uzun illər ərzində blokadada qalan muxtar respublikada sahibkarlıq zəif inkişaf edib, ölkənin əsas hissəsi ilə əlaqələrin məhdud olması bir sıra məsələlərdə Naxçıvan sakinlərini müəyyən məhrumiyyətlərlə üz-üzə qoyub. İkinci istiqamət isə muxtar respublikada su təminatının təkmilləşdirilməsi ilə əlaqədardır.
Birinci istiqamət üzrə məşğulluğun artırılması üçün həyata keçirilən tədbirlər, xüsusilə dövlətin sahibkarlığa yaratdığı imtiyaz və güzəştlər yeni iş imkanlarını formalaşdırır və bu gün artıq müsbət dinamika müşahidə edirik. Su təsərrüfatının yenidən qurulması ilə bağlı isə artıq cari ilin əvvəlində cənab Prezident tərəfindən imzalanmış sərəncamlarla mühüm addımlar müəyyənləşib və muxtar respublikanın demək olar ki, bütün rayon və yaşayış məntəqələrini əhatə edən tədbirlər planı təsdiqlənib.
Əgər makrogöstəricilərə nəzər salsaq görərik ki, cari ildə adambaşına düşən ÜDM 2 faiz artıb, iqtisadiyyata yatırılan ümumi investisiyalar 30 faiz, özəl sektorda isə 40 faizə yaxın yüksəlib. Sənaye və kənd təsərrüfatı istehsalında təxminən 5 faiz, pərakəndə ticarət dövriyyəsində isə 1 faiz artım qeydə alınıb. Digər makrogöstəricilər də əhalinin ümumi rifahında müsbət meyillərin getdiyini göstərir. Hazırda əsas vəzifəmiz cənab Prezidentin verdiyi bütün tapşırıqları vaxtında və yüksək keyfiyyətlə icra edərək vətəndaşlarımızın rifahını daha da yüksəltməkdir.
Digər xəbərlər