NAXÇIVAN :

06 Noyabr 2026, Cümə

Çin süni intellekt sahəsində Azərbaycanla əməkdaşlığı gücləndirməyə hazırdır – Bəyanat

...

Çin süni intellekt sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirməyə, bu sahənin inkişafı ilə bağlı təcrübəsini bölüşməyə, həmçinin Azərbaycanın beynəlxalq təşəbbüslərdə və birgə layihələrdə iştirakına dəstək verməyə hazırdır.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Çin tərəfinin süni intellekt sahəsində ikitərəfli əməkdaşlığın perspektivlərinə həsr olunmuş bəyanatında bildirilib.

Qeyd olunur ki, Çin və Azərbaycan Qlobal Cənub ölkələridir və qlobal idarəetmə, o cümlədən süni intellekt sahəsində bir çox məsələlərə dair mövqeləri üst-üstə düşür.

Azərbaycan Çinin bu sahədəki təşəbbüslərini fəal dəstəkləyir və Çin tərəfinin təşəbbüsü ilə yaradılmış Süni İntellekt Sahəsində Potensialın Artırılması üzrə Beynəlxalq Əməkdaşlıq Dostları Qrupunun fəaliyyətində iştirak edir. Bundan əlavə, Azərbaycan nümayəndələri təcrübə və fikir mübadiləsinə yönəlmiş ixtisaslaşmış seminar və tədbirlərdə iştirak etmək üçün dəfələrlə Çinə səfər ediblər.

Çin tərəfi, həmçinin Azərbaycanın 2026-cı il Ümumdünya Süni İntellekt Konfransında təklif olunan müvafiq əməkdaşlıq tədbirlərində iştirakına dəstək verməyə hazır olduğunu bildirib.

Bəyanatda vurğulanır ki, Azərbaycan Hökuməti ölkənin sosial-iqtisadi inkişafının rəqəmsal transformasiyasına böyük əhəmiyyət verir. Ötən il Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nı və “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya”nı təsdiqləyib.

Çin tərəfinin qiymətləndirməsinə görə, iki ölkənin süni intellekt sahəsində əməkdaşlığı qarşılıqlı tamamlayıcı üstünlüklərə və geniş perspektivlərə malikdir.

Bununla bağlı Çin Azərbaycanla birlikdə süni intellekt sahəsində beynəlxalq əməkdaşlığı gücləndirməyə, bu sahənin inkişafı ilə bağlı təcrübə mübadiləsi aparmağa və rəqəmsal, intellektual gələcəyə doğru birgə irəliləməyə hazır olduğunu vurğulayır.

Nəşr edilib : 06.11.2026 13:51