Bəxtiyar Əsgərov Bakı şəhərində Naxçıvan Muxtar Re...
20:18 28.09.2026
0
0
0
NAXÇIVAN :
28 Sentyabr 2026, Bazar ertəsi
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli ölkəmizdə səfərdə olan Çinin Honkonq Kore Akademiyasının prezidenti akademik Di Zhangın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Akademiyadan bildirilib ki, görüşdə akademik İsa Həbibbəyli son illərdə Azərbaycan-Çin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, ölkələrimiz arasında siyasi, iqtisadi, elmi, mədəni əlaqələrin genişləndiyini söyləyib.
Akademik İsa Həbibbəyli son illərdə AMEA-nın Çin Sosial Elmlər Akademiyası, Hebey Sosial Elmlər Akademiyası, Honkonq Kore Akademiyası, Pekin Xarici Dillər Universiteti, Hebey Pedaqoji Universiteti və Hebey Sosial Elmlər Akademiyası ilə sıx əməkdaşlıq etdiyini, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Çin Mədəniyyət Mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
AMEA rəhbəri İsa Həbibbəyli professor Di Zhangı Honkonq Kore Akademiyasının prezidenti seçilməsi münasibətilə təbrik edib, bugünkü görüşün akademiyalar arasında elmi əlaqələrin daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcəyini söyləyib.
Professor Di Zhang Azərbaycan ilə Çin arasında dövlətlərarası münasibətlərin yüksək səviyyədə olmasının birgə elmi əməkdaşlıq üçün geniş imkanlar yaratdığını söyləyib. O, elmi əlaqələrin yeni istiqamətlər üzrə inkişaf etdirilməsinin vacibliyinə toxunub.
Görüşdə, həmçinin Azərbaycan və Çin alimləri arasında əlaqələrin daha da möhkəmləndirilməsi, birgə layihələrin və tədqiqatların həyata keçirilməsi, tədbirlərin təşkili, elmi nəşrlər və digər istiqamətlər üzrə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Daha sonra professor Di Zhang Honkonq Kore Akademiyasının həqiqi üzvü diplomunu və sertifikatını AMEA-nın akademik-katibi akademik Arif Həşimova təqdim edib.
Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Qəbələ rayonuna da səfər ediblər. Qonaqlar Qəbələ Arxeoloji Mərkəzini ziyarət edib, rayon ərazisində aparılan arxeoloji qazıntı işləri ilə yerində tanış olublar. Qəbələ arxeoloji ekspedisiyalarının rəhbərləri - tarix elmləri doktoru, professor Qafar Cəbiyev və tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminli burada aparılan qazıntı işləri və tapılan maddi mədəniyyət nümunələrinin çoxəsrlik tarixi barədə ətraflı məlumat veriblər.
Çin nümayəndə heyəti Qəbələ rayonu ərazisində yerləşən Nic monastrını ziyarət edib.
Tədbirlərdə Honkonq Kore Akademiyasının İcra şurasının üzvü professor Li Lei, Baş katibliyin icraçı müavini professor Raymond J. Vu və akademiyanın əməkdaşı Lyu Mey də iştirak ediblər.
Digər xəbərlər