NAXÇIVAN :

14 Avqust 2026, Cümə

Culfada ictimai-iaşə obyektinin fəaliyyəti dayandırılıb

...

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Culfa şəhərinin Heydər Əliyev prospektində fəaliyyət göstərən Nağıyev Kənan Akif oğluna məxsus çayxanada aparılan planlı yoxlama zamanı bir sıra nöqsanlar aşkar edilib.
Agentlikdən "Şərq qapısı"na bildirilib ki, müəssisədə havalandırma sisteminin quraşdırılmadığı, dezinfeksiya işlərinin aparılmadığı, sanitar-gigiyenik qaydalara əməl olunmadığı, qida ilə təmasda olan alət və avadanlıqların təmiz saxlanılmadığı, temperatur rejiminə əməl olunmadığı, yuyucu maddələr və dezinfeksiyaedici vasitələrin saxlanması üçün xüsusi yerlər və ya dolablar təşkil edilmədiyi, işçilərin xüsusi geyim formasının olmadığı müəyyən edilib.
Sahibkar barəsində inzibati protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib, obyektdə işlərin görülməsi və xidmətlərin göstərilməsi dayandırılıb. Bu kimi halların baş verməməsi məqsədilə agentlik tərəfindən mütəmadi olaraq bütün qida obyektlərində dəfələrlə maarifləndirilmə aparılıb və müvafiq göstərişlər verilib.

Nəşr edilib : 10.06.2026 18:38