“Yaşıl enerji”nin kölgəsində qalan elektrik doldur...
14:05 02.11.2026
0
0
0
NAXÇIVAN :
02 Noyabr 2026, Bazar ertəsi
Azərbaycan ədəbiyyatına onlarla maraqlı povest və hekayə bəxş edən, romanları və publisistik məqalələri ilə oxucu qəlbinə yol tapan Xalq yazıçısı, akademik Mirzə İbrahimovun həyat və yaradıcılığında Naxçıvan dövrü xüsusi yer tutur. Görkəmli ədibin həyat və fəaliyyətini araşdıran tədqiqatçılar, eləcə də Naxçıvan mətbuatının tarixini öyrənən alimlər öz əsərlərində onun bu bölgədəki fəaliyyətinə müəyyən qədər toxunublar. Mirzə İbrahimovun Naxçıvanda keçirdiyi illər onun yazıçı və ictimai xadim kimi formalaşmasında mühüm mərhələdən biri olmaqla yanaşı, həmin dövrün ədəbi-mədəni və ictimai mühitinin öyrənilməsi baxımından da əhəmiyyətlidir.
1911-ci ildə Cənubi Azərbaycanın Sərab şəhərində dünyaya gələn Mirzə İbrahimovun Naxçıvanla bağlılığı ötən əsrin 30-cu illərinə təsadüf edir. O, qələm dostu, Xalq yazıçısı Əli Vəliyevlə birlikdə Naxçıvana ezam olunaraq burada formalaşmaqda olan ədəbi-mədəni mühitin inkişafına, ədəbiyyatın təşəkkülünə, və mətbuatın tərəqqisinə töhfələr verib.
Əli Vəliyev öz xatirələrində yazır ki, o, Mirzə İbrahimovla birgə yalnız mətbuatın inkişafına deyil, həm də yeni yazıçı və jurnalist nəslinin yetişməsinə böyük əmək sərf ediblər. Onların birgə fəaliyyəti Naxçıvanda ədəbi-mədəni və publisistik mühitin canlanmasına, gənc qələm sahiblərinin üzə çıxmasına və yaradıcılıq imkanlarının genişlənməsinə mühüm təkan verib.
Şair-dramaturq Müzəffər Nəsirli Mirzə İbrahimovun Naxçıvandakı fəaliyyətini xatırlayaraq yazırdı: “1933-34-cü illərdə Naxçıvanda yaşayarkən Mirzə İbrahimov ədəbi gəncliyin rəhbəri idi. Klassik Azərbaycan və rus ədəbiyyatı, müasir sovet ədəbiyyatında baş verən yenilikləri onlara çatdırırdı. Ədəbi gəncliyin qayğısına qalaraq “Şərq qapısı” qəzetinin redaktoru Əli Vəliyevlə Naxçıvanda “Ədəbiyyat” qəzetinin bir neçə nömrəsinin nəşrinə nail olmuşdu. Qəzeti Mirzə İbrahimovun özü redaktə edirdi, ən qüvvətli ədəbiyyat maraqlılarını da ətrafına toplamışdı”.
Görkəmli yazıçının Naxçıvan dövrü haqqında ilkin məlumatlara onun öz xətti ilə yazdığı tərcümeyi-halında rast gəlinir. Mirzə İbrahimov həmin illəri belə xatırlayır: “1929-cu ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun 2 illik hazırlıq şöbəsinə daxil olub 1933-cü ildə hazırlıq şöbəsini bitirdiyim zaman Azərbaycan təşkilatı məni respublikanın zəngin və maraqlı guşələrindən biri olan Naxçıvana, Maşın-Traktor Stansiyası siyasi şöbəsinin “Sürət” adlı qəzetinə redaktor göndərdi. Doğrusu, mən bu işə o qədər də həvəslə getmədim. Çünki hələ təhsilimin kifayət olmadığına qane idim. Sinif yoldaşlarımın çoxu kimi aspiranturada oxumaq istəyirdim. Lakin sonralar mən ora getməklə çox şey qazandığıma inandım”.
Mirzə İbrahimovun Naxçıvanda yaşayıb işlədiyi illər bölgənin ictimai-siyasi və mədəni həyatında mürəkkəb proseslərin getdiyi bir dövrə təsadüf edirdi. Yeni ictimai quruluşun gətirdiyi ab-hava başda ədəbiyyat olmaq üzrə bir çox sahələrə sirayət edir, muxtar respublikada cərəyan edən hadisələr isə mətbuata təsirsiz ötüşmürdü. Belə bir şəraitdə Mirzə İbrahimov və Əli Vəliyev ədəbi mühitin gənc yaradıcı qüvvələrinin üzə çıxarılması və mətbuata yeni nəfəs gətirilməsi istiqamətində fəaliyyətlərini genişləndirirdilər. Həmin dövrün şahidi və iştirakçısı olmuş şair Müzəffər Nəsirli Mirzə İbrahimovun fəallığını belə görürdü: “Mirzə İbrahimov gecə-gündüz kolxozlarda olur, məqalələr yazır, eyni zamanda respublikanın mədəni-siyasi həyatında fəal iştirak edirdi”.
Gənc yazıçı və şairlərlə apardığı görüşlər, yaradıcılıq sahəsində təşəbbüslər, mətbuata göstərilən diqqət Mirzə İbrahimovun qısa müddətdə Naxçıvanda rəğbət qazanmasına səbəb olmuşdu. O, əlindən gəldiyi qədər regionda ədəbi həyatın canlanmasına, gənc qələm sahiblərinin yetişməsinə və sağlam yaradıcılıq mühiti formalaşdırmağa çalışırdı. Bu təşəbbüslər yerli ədəbi günlərə stimul verir, onların yaradıcılıq imkanlarının genişlənməsinə şərait yaradırdı.
Ümumiyyətlə, Mirzə İbrahimovun həyat və yaradıcılığının Naxçıvan dövrü ədibin özü üçün də olduqca uğurlu və yaddaqalan olmuşdu. O, burada yeni dostlar qazanmaqla yanaşı, həm də Naxçıvan mühitini dərindən öyrənmiş, buranın insanlarının həyat və fəaliyyəti ilə yaxından tanış olmuşdu. Əsərləri arasında sevilən “Həyat” pyesinin mövzusunu da Naxçıvan həyatından götürən görkəmli yazıçı bu əsərdə gördüyü, müşahidə etdiyi real hadisələri qələmə almışdı. Bununla yanaşı, Naxçıvanda işlədiyi iki il ərzində Mirzə İbrahimovun daha iki əsəri – “Nəhənglər ölkəsi” və “Həyat naminə” əsərləri çapdan çıxıb.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid “Şərq qapısı” qəzeti və “Naxçıvanda ədəbi mühit” kitabında çox qiymətli bir faktı oxucularla bölüşür. Müəllif həmin əsərdə yazır ki, “Şərq qapısı” qəzetinin 1934-cü il tarixli sayında Mirzə İbrahimovun yeni çapdan çıxmış əsəri barədə məlumat verilir: “Yazıçılarımızdan yoldaş Mirzə İbrahimov “Alagöz” romanının birinci hissəsini yazıb qurtarmışdır”. Təəssüf ki, gənc yazıçının yaradıcılıq axtarışlarının məhsulu olan bu romanı müəyyən səbəblərdən tamamlanmayıb.
Görkəmli ədəbiyyatşünas-alim Lətif Hüseynzadə də Mirzə İbrahimovun Naxçıvandakı fəaliyyətinə, ədəbiyyat və mətbuat sahəsindəki xidmətlərinə xüsusi diqqət yetirib. O yazırdı: “Mirzə İbrahimov Naxçıvanda müxbirlərin, şair, aşıq və nağıl deyənlərin konfranslarını keçirir, ədəbi müsamirələr təşkil edirdi. Texniki səbəblərə görə ədəbi-pedaqoji məcmuə nəşrinə nail ola bilmir. Mirzə İbrahimov bunun əvəzinə Naxçıvanda Azərbaycan sovet mətbuatı tarixində yeni bir səhifə təşkil edən “Ədəbiyyat” qəzetinin nəşrinə nail olur. Onun bu nəcib təşəbbüsü Naxçıvandakı sovet yazıçılarının əsərlərini çap etdirməsi üçün geniş imkan yaratdı. Qəzetin redaktoru da ədibin özü idi. Onun bu qəzetdə bir sıra oçerk və hekayələri dərc edilmişdir. Bu qəzetdə “Dünya qopur” romanı haqqında Mirzənin çox dəyərli bir məqaləsi də dərc edilmişdi. Mirzə İbrahimov Naxçıvanda həm öyrənmiş, həm də yaratmışdı”.
Naxçıvanda mətbuat ənənələrinin formalaşmasında və inkişafında mühüm rol oynayan “Ədəbiyyat” və “Sürət” qəzetlərinin heç bir arxiv nömrələrinin günümüzədək gəlib çatmaması təəssüf doğurur. Bu nəşrlər haqqında məlumatlarımız, əsasən, Lətif Hüseynzadənin, Müzəffər Nəsirlinin və digər ədəbiyyat nümayəndələrinin xatirələrinə, eləcə də dövrün mətbuatında qorunub saxlanılan ayrı-ayrı məlumatlara əsaslanır.
Mirzə İbrahimovun Naxçıvan dövrü onun həyat və yaradıcılığında dərin iz buraxıb. Ədib burada olduğu qısa müddətdə bölgənin ədəbi mühitinin canlanmasına, yerli qələm sahiblərinin yaradıcılıq imkanlarının genişlənməsinə və yeni ədəbi qüvvələrin üzə çıxmasına mühüm töhfələr verib. Onun təşəbbüsləri ilə gənc yazıçı və şairlər üçün yeni imkanlar yaranıb, mətbuat ədəbi fikrin yayılması üçün daha geniş meydan qazanıb.
Uzun və zəngin ömür yolu keçən Mirzə İbrahimov sonrakı illərdə də Naxçıvana səfərlər edib, bir zamanlar birlikdə çalışdığı dostları ilə görüşüb, gənclik xatirələrini yada salıb.
Böyük ədibin Naxçıvanla bağlılığı həm onun yaradıcılıq irsinin, həm də bölgənin ədəbi-mədəni tarixinin öyrənilməsi baxımından bu gün də aktuallığını qoruyub saxlayır.
Məcid RƏŞADƏTOĞLU
Digər xəbərlər