NAXÇIVAN :

15 Avqust 2026, Şənbə

Daşlara həkk olunan tarixdən gələcəyə: Əcəmi irsi və Naxçıvan

...

Naxçıvanın daş yaddaşı əsrlərboyu bu qədim diyarın tarixini, sənət duyumunu və zəngin mədəni irsini yaşadıb. Bu ulu torpağın memarlıq salnaməsində Əcəmi Naxçıvaninin yaratdığı möhtəşəm sənət dünyası xüsusi yer tutur. Onun əsrlər öncə daşlara köçürdüyü sənət dili bu gün də Naxçıvanın tarixi simasında yaşayır, keçmişlə bu gün arasında görünməz, lakin möhkəm bir bağ yaradır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 11-də Naxçıvan şəhərindəki “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsinin açılışında iştirakı bu zəngin irsə dövlət səviyyəsində göstərilən diqqətin daha bir ifadəsi oldu. Böyük memarın doğma torpağında abidəsinin ucaldılması Naxçıvanın tarixinin, mədəniyyətinin və memarlıq ənənələrinin qorunmasına verilən yüksək dəyərin göstəricisidir. Bu baxımdan, həmin hadisə yalnız bir abidənin açılışı deyil, əsrlərin yaddaşında yaşayan böyük sənət irsinə ehtiramın ifadəsidir.

Şəhərin mərkəzində ucalan Əcəmi Naxçıvani abidəsi sanki zamanın uzaq qatlarından günümüzə boylanan böyük sənətkarı yenidən doğma şəhərinin qoynuna gətirir. Abidənin müəlliflərindən biri, Xalq rəssamı Salxab Məmmədovun iştirakı ilə keçirilən açılış mərasimi də bu sənət hadisəsinə xüsusi məna qatdı. Əcəminin əsrlər əvvəl daşlara köçürdüyü sənət nəfəsi bu dəfə heykəltaraşlıq dili ilə yenidən canlandı. Sanki zamanın dərinliyindən gələn bir sənət işığı bu günün Naxçıvanına düşdü və böyük memarın xatirəsi ilə doğma şəhərinin yaddaşı arasında mənəvi körpü yaratdı. Abidəyə baxdıqca insan yalnız bir sənətkarın obrazını görmür, əsrlərin süzgəcindən keçərək bu günə gəlib çatan böyük memarlıq ruhunu da hiss edir.

Bu ruhun kökləri Naxçıvanın daha qədim daş yaddaşına gedib çıxır. Gəmiqayanın qayaüstü təsvirlərindən başlayan sənət ənənəsi əsrlərboyu inkişaf edərək orta əsrlərin möhtəşəm memarlıq nümunələrində öz zirvəsinə çatıb. Bu zəngin irsin içərisində Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvaninin adı xüsusi ehtiramla çəkilir. Onun memarlıq dili, həndəsi kompozisiyaları, kufi xəttinin daş üzərində yaratdığı ahəng və incə bədii həlləri əsrlərdir, Naxçıvanın simasına öz möhürünü vurur. Dünya əhəmiyyətli memarlıq abidələri olan Möminə xatun və Yusif Küseyir oğlu türbəsi isə bu böyük sənət məktəbinin zamanın sınağından keçərək günümüzə çatan ən qiymətli yadigarlarındandır.

Naxçıvanın tarixboyu “Nəqşi-cahan” adlandırılması da təsadüfi deyil. Bu ad qədim diyarın təbiətini, şəhər mədəniyyətini, sənətkarlığını və memarlıq zənginliyini özündə birləşdirən dərin yaddaşın ifadəsidir. Əcəmi Naxçıvaninin yaradıcılığı həmin yaddaşın ən parlaq səhifələrindən birini təşkil edir və onun sənət irsi bu gün də Naxçıvanın mədəni kimliyinə xüsusi rəng qatır.

Azərbaycan memarlığının görkəmli nümayəndəsi Əcəmi Naxçıvaninin 900 illik yubileyinin qeyd olunması və doğma şəhərində abidəsinin ucaldılması mühüm tarixi-mədəni hadisə olmaqla yanaşı, qədim irsimizə göstərilən dövlət qayğısının bariz nümunəsidir. Əcəmi irsinin beynəlxalq səviyyədə tanıdılması isə Naxçıvanın zəngin memarlıq ənənələrinin dünya mədəniyyət məkanında daha geniş təqdim olunmasına imkan yaradır.

Əcəmi Naxçıvaninin irsini yalnız tarix kitablarının səhifələrində axtarmaq olmaz. Onun sənət dili abidələrdə, daş naxışlarında, memarlıq detallarında və şəhərin tarixi simasında bu gün də nəfəs alır. Əsrlərin sınağından keçərək günümüzə çatan hər bir memarlıq elementi böyük ustadın düşüncə dünyasından xəbər verir. Daşa işlənən naxışlar sanki zamanın sükutunu yararaq öz dövrünün sənət duyumunu bu günə çatdırır. Buna görə də Əcəminin əsərlərinə baxarkən yalnız keçmişin izlərini deyil, gələcək nəsillərə ötürülən bir sənət dilini də görmək mümkündür.

Bu zəngin irsin qorunması və yaşadılması istiqamətində Ulu Öndər Heydər Əliyevin də xüsusi xidmətləri olmuşdur. Onun təşəbbüsü ilə Əcəmi Naxçıvaninin 850 illik yubileyinin 1976-cı ildə, sovet hakimiyyəti dövründə Azərbaycanda geniş qeyd olunması milli-mədəni irsimizə göstərilən diqqətin mühüm nümunələrindən biri idi. Həmin təşəbbüs böyük memarın yaradıcılığının daha geniş tanıdılmasına və Əcəmi irsinin gələcək nəsillərə çatdırılmasına mühüm töhfə verdi.

Onun yaratdığı irs yalnız Naxçıvanın deyil, Azərbaycanın və bütövlükdə, türk-İslam mədəniyyətinin qiymətli xəzinəsidir. Bu xəzinəni qorumaq, yaşatmaq və gələcək nəsillərə çatdırmaq tarixə, sənətə və milli yaddaşa olan ehtiramımızın mühüm təzahürüdür.

Naxçıvan bu gün də öz qədim yaddaşını qoruyaraq gələcəyə doğru inamla addımlayır. Tarixi abidələrin bərpası, şəhər mühitinin yenilənməsi və mədəni irsin yaşadılması qədim diyarın keçmişi ilə bu günü arasında canlı bağ yaradır. Əcəmi Naxçıvaninin xatirəsinin əbədiləşdirilməsi də bu bağın mühüm ifadəsidir. Bürüncdən hazırlanmış heykəl qranit postament üzərində ucalaraq böyük sənətkarın xatirəsini yaşadır, onun adını və sənət irsini doğma Naxçıvanın yaddaşında əbədiləşdirir.

Əsrlər əvvəl Naxçıvanın daşlarına həkk olunan Əcəmi naxışları bu gün də öz sənət gücünü qoruyur. Zaman keçir, nəsillər dəyişir, şəhərlər yenilənir, lakin böyük sənətin izi tarixi-memarlıq abidələrində yaşamaqda davam edir. Keçmişdən gələn bu irs Naxçıvanın bu gününü zənginləşdirir, gələcəyinə isə işıq tutur. Daşlara həkk olunan sənət zamanla köhnəlmir, əksinə, hər yeni nəsildə yenidən oxunur, duyulur və yaşanır.

Əcəmi irsi də məhz belə bir sənət yaddaşıdır. Əsrlərin dərinliyindən süzülüb gələn, Naxçıvanın daşlarında yaşayan və gələcəyə doğru uzanan işıqlı bir yol. Bu yolun hər daşında tarix, hər naxışında sənət, hər abidəsində isə orta əsrlərin dərinliyindən günümüzə qədər gəlib çatan qədim diyarın əbədi yaddaşı yaşayır.

Aidə İBRAHİMOVA

             NDU Beynəlxalq Kembric Məktəbinin

İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi

Nəşr edilib : 15.08.2026 14:00