Ümumi təhsil müəssisələrinin məzunlarına elektron ...
15:31 11.08.2026
0
0
0
NAXÇIVAN :
11 Avqust 2026, Çərşənbə axşamı
Vətən müharibəsində Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlılarının göstərdiyi şücaət və qəhrəmanlıq da diqqətəlayiq olub. 44 günlük Vətən müharibəsində Hərbi Dəniz Qüvvələrinin Sualtı Hücum xüsusi təyinatlıları quruda misilsiz qəhrəmanlıq göstərərək Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarının və Şuşa şəhərinin azad olunmasında fəal iştirak edib, strateji yüksəkliklərin ələ keçirilməsində və düşmən müdafiə xəttlərinin yarılmasında mühüm rol oynayıblar. Vətən müharibəsində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin 9 hərbi qulluqçusu şəhidlik zirvəsinə ucalıb.
Qədim Naxçıvanın igid oğullarından olan baş leytenant Elnur Zeynalov da onlardan biridir.
28 iyul 1994-cü ildə Naxçıvan şəhərində anadan olan Elnur Zeynalov 2008-ci ildə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub. 2011-ci ildə liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və 2015-ci ildə həmin ali məktəbi Xüsusi Təyinatlı ixtisası üzrə uğurla başa vurub. Hərbi xidmətə Ağstafa rayonunda yerləşən N saylı hərbi hissədə kəşfiyyat qrup komandiri kimi başlayan Elnur Zeynalov qısa müddətdə peşəkarlığı və döyüş hazırlığı ilə seçilib. 2018-ci ildə Baş leytenant hərbi rütbəsini alıb. Elə həmin il Xüsusi Təyinatlı kursunu uğurla bitirib. Bununla yanaşı, snayper, Xüsusi Təyinatlı Dalğıc-Kəşfiyyatçı, Antiterror, Paraşütçü kurslarını bitirib və digər xüsusi hazırlıq proqramlarında iştirak edərək yüksək peşəkar zabit kimi formalaşıb.
2020-ci ilin iyun ayından xidmətini Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlı hərbi hissəsində davam etdirən Elnur Zeynalov sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb. Füzuli, Cəbrayıl, Qubadlı və Xocavənd rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə xüsusi şücaət göstərib. 2020-ci il oktyabrın 31-də Xocavənd rayonunun Qızılqaya yüksəkliyi (432.9) uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalıb. Baş leytenant Elnur Zeynalovun keçdiyi şərəfli ömür yolu Vətənə sədaqətin, peşəkarlığın və əsl zabit ləyaqətinin parlaq nümunəsidir. O, ömrünü Azərbaycanın təhlükəsizliyinə həsr etdi, ən uca zirvəyə – şəhidlik zirvəsinə yüksəldi.
Onun Vətən qarşısındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. O, sağlığında “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı və “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub.
Şəhid olduqdan sonra isə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamları ilə “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
5 Avqust – Hərbi Dəniz Qüvvələri Günündə Vətən uğrunda canını fəda edən qəhrəmanlarımızı dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edirik. Onların qəhrəmanlığı xalqımızın yaddaşında və Azərbaycanın şanlı hərb tarixində əbədi yaşayacaq.
Günay HACIYEVA
Digər xəbərlər