NAXÇIVAN :

04 May 2026, Bazar ertəsi

Deputat Rauf Cəfərov: Nyu-Yorkda Azərbaycanın mövqeyi: etimad, əməkdaşlıq və sülhün təntənəsi

...

"Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq münasibətlər sistemində fəal və prinsipial mövqeyi ilə seçilir. Bu mövqeyin ən bariz göstəricilərindən biri ölkəmizin Birləşmiş Millətlər Təşkilatı ilə qurduğu münasibətlərdə əksini tapır. Azərbaycanın bu nüfuzlu təşkilatla əməkdaşlığı illər ərzində ardıcıl olaraq inkişaf edib və dünya dövlətləri tərəfindən etibarlı tərəfdaş kimi qəbul olunmasına səbəb olub".
Bu sözləri “Şərq qapısı”na açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Rauf Cəfərov  bildirib.
Deputat deyib ki, xüsusilə 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi tariximizdə mühüm mərhələ oldu: "155 dövlətin dəstəyini qazanmaq Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun, diplomatik gücünün və multilateralizmə sadiqliyinin parlaq təzahürü idi. 2012-2013-cü illərdə Təhlükəsizlik Şurasında təmsil olunan Azərbaycan münaqişələrin həlli, beynəlxalq sülh və təhlükəsizliyin qorunması, humanitar problemlərin aradan qaldırılması kimi qlobal məsələlərin gündəliyə çıxarılmasına nail oldu. Deputatın sözlərinə görə, bu təkcə ölkəmiz üçün deyil, həm də regionumuz üçün strateji əhəmiyyət kəsb edən hadisə idi".
Rauf Cəfərov qeyd edib ki, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş imicinin möhkəmlənməsində digər bir mühüm addım 2015-ci ildə “2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyinin” qəbul edilməsi və onun icrasına fəal qoşulmasıdır. Azərbaycan bu öhdəlikləri yalnız qəbul etməklə kifayətlənməyib, həm də onların həyata keçirilməsində nümunəvi təcrübə ortaya qoyub. Bu isə ölkəmizin dayanıqlı inkişaf, sosial rifah və iqtisadi sabitlik istiqamətində atdığı addımların beynəlxalq miqyasda yüksək qiymətləndirildiyini göstərir.
Deputat bildirib ki, Azərbaycanın BMT ilə əməkdaşlığı təkcə siyasi müstəvidə deyil, eyni zamanda qlobal təhlükəsizlik, iqlim dəyişikliyi, miqrasiya, qaçqınların müdafiəsi, qida təhlükəsizliyi və digər humanitar sahələrdə də özünü göstərir. Azərbaycanın təşəbbüsləri BMT-nin müxtəlif platformalarında diqqətlə izlənilir və dəstək qazanır.
Onun sözlərinə görə, hazırda dünyada gedən mürəkkəb geosiyasi proseslər, regional münaqişələr, iqtisadi və ekoloji çağırışlar BMT-nin daha çevik, səmərəli və təsirli fəaliyyət göstərməsini tələb edir: “Qlobal təhlükəsizliyi təmin etməli olan qurumun struktur və funksional baxımdan gücləndirilməsi artıq qaçılmaz zərurətə çevrilib. Əgər bu islahatlar həyata keçirilsə, BMT qlobal sabitliyin qorunmasında həlledici rolunu daha səmərəli icra edə biləcək. Bu isə dünya siyasətində sülh amilinin aparıcı faktora çevrilməsinə gətirib çıxaracaq”.
Deputat vurğulayıb ki, Azərbaycanın xarici siyasət kursu daim beynəlxalq əməkdaşlığa, qarşılıqlı hörmətə və etimada əsaslanır. Bu prinsiplər həm BMT ilə münasibətlərdə, həm də digər beynəlxalq təşkilatlarla əməkdaşlıqda aydın şəkildə görünür. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, qlobal çağırışlara yalnız birlikdə, ədalətli yanaşma və qarşılıqlı dəstək əsasında cavab vermək mümkündür.
 "Azərbaycanın BMT-dəki fəallığı, sülh və təhlükəsizlik naminə ortaya qoyduğu təşəbbüslər ölkəmizin beynəlxalq miqyasda mövqeyini daha da möhkəmləndirir. “Nyu-Yorkdan bütün dünyaya yayılan bu səs Azərbaycanın etibarlı tərəfdaş, sülhün və inkişafın tərəfdarı olan dövlət kimi nüfuzunu bir daha təsdiqləyir. Bu mövqeyin əsasında isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən və qətiyyətli siyasət dayanır”, – deyə Rauf Cəfərov əlavə edib.

Nəşr edilib : 24.09.2025 11:58