NAXÇIVAN :

21 Sentyabr 2026, Bazar ertəsi

DİA ilə Özbəkistan Dövlət Siyasəti və İdarəçilik Akademiyası arasında anlaşma memorandumu imzalanıb

...

Xankəndi şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) ilə Özbəkistan Respublikasının Prezidenti yanında Dövlət Siyasəti və İdarəçilik Akademiyası arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

DİA-dan bildirilib ki, memorandum iki ali təhsil müəssisəsi arasında dövlət idarəçiliyi, dövlət siyasəti, insan resurslarının inkişafı, təhsil, elmi-tədqiqat və ekspert fəaliyyəti sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır.

Sənəd çərçivəsində tərəflər arasında professor-müəllim heyətinin və tədqiqatçıların qarşılıqlı səfərlərinin təşkili, dövlət qulluqçuları və magistrantlar üçün təlim və təcrübə proqramlarının həyata keçirilməsi, birgə elmi araşdırmaların aparılması, konfrans, seminar və dəyirmi masaların təşkili, elmi nəşrlərin hazırlanması və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi nəzərdə tutulur.

Memorandumun imzalanması Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlıq münasibətlərinin elm, təhsil və dövlət idarəçiliyi sahəsində daha da inkişaf etdirilməsinə, iki ölkənin dövlət idarəçiliyi akademiyaları arasında institusional əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcək.

İmzalanma mərasimində tərəflər qarşılıqlı əməkdaşlığın praktiki məzmununun genişləndirilməsinin, birgə təlim və elmi layihələrin həyata keçirilməsinin, eləcə də müasir dövlət idarəçiliyi və insan resurslarının inkişafı sahəsində qabaqcıl təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıblar.

Sənədi DİA-nın rektoru akademik Urxan Ələkbərov və Özbəkistan Respublikasının Prezidenti yanında Dövlət Siyasəti və İdarəçilik Akademiyasının rektoru dosent Jasur Salixov imzalayıblar.

Nəşr edilib : 21.09.2026 11:58