Dünya çempionatında uğur qazanan veteran güləşçilə...
18:29 26.11.2026
0
0
0
NAXÇIVAN :
26 Noyabr 2026, Cümə axşamı
Hədəf 2027-ci ildə 104 milyon manata, 2030-cu ilədək isə 80 faizə çatmaqdır
Azərbaycanda dövlətin həyata keçirdiyi səhiyyə siyasəti vətəndaşların tibbi xidmətlərə əlçatanlığının artırılmasına, maddi-texniki bazanın müasirləşdirilməsinə və sağlam həyat tərzinin təşviqinə yönəlib.
“Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı”nın və “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarında edilən mühüm dəyişiklik də bu istiqamətdə aparılan işlərin davamıdır. Yeni qərara əsasən şəkərli diabet xəstələrinin dövlət təminatı üçün ayrılan vəsaitin həcmi 2027-ci ildə 104 milyon manata çatdırılacaq. İllik maliyyələşmənin isə 35 milyon manat, yəni, təxminən, 51 faiz artırılması nəzərdə tutulub. İnsulinin gündəlik təminat norması 40 vahiddən 80 vahidədək, pubertat dövründə olan uşaqlar üçün isə 100 vahidədək artırılır. Həmçinin müasir analoq insulinlərin təminatdakı payının 2025-ci ildəki 28 faizdən 2030-cu ilədək 80 faizə çatdırılması hədəflənir. Nazirlər Kabinetinin qərarında qeyd olunan bu və digər mühüm dəyişikliklərlə bağlı həmsöhbətimiz Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim-endokrinoloqu Aysel Dünyamalıyevadır.
Həkim-endokrinoloq bildirir ki, şəkərli diabet bu gün dünyada olduğu kimi, ölkəmizdə də aktual səhiyyə problemlərindən biridir. Bu xəstəlik uzunmüddətli müalicə, davamlı tibbi nəzarət və pasiyentin özünənəzarət bacarıqlarını tələb edir. Nazirlər Kabinetinin yeni qərarı şəkərli diabet xəstələrinin dövlət təminatının genişləndirilməsi baxımından olduqca mühüm addımdır. Qərarın əsas məqsədi yalnız dərman preparatları ilə təminatı artırmaq deyil, həm də xəstələrin müasir müalicə imkanlarına çıxışını genişləndirmək, həyat keyfiyyətini yüksəltmək və ailələrin maddi yükünü azaltmaqdır. Şəkərli diabet xəstələrinin dövlət təminatının genişləndirilməsi həm də mühüm sosial əhəmiyyət kəsb edir. Çünki bu xəstəlik yalnız insanın sağlamlığına deyil, eyni zamanda onun gündəlik həyatına, sosial fəaliyyətinə və ailəsinin maddi vəziyyətinə də təsir göstərir. Məqsəd şəkərli diabet xəstələrinin sağlamlığının qorunması, müasir müalicə imkanlarına çıxışının genişləndirilməsi və həyat keyfiyyətinin yüksəldilməsidir. Dövlət təminatı normalarının genişləndirilməsi şəkərli diabet xəstələrinin və onların ailələrinin maddi yükünün azaldılmasına xidmət edir.
Maliyyə vəsaiti artırılır, insulin təminatı fərdi tibbi ehtiyaclara görə hesablanır
Şəkərli diabet xəstələrinin dövlət təminatı üçün 2026-cı ildə 69 milyon manat ayrılıb, 2027-ci ildə isə bu məbləğin 104 milyon manata çatdırılması nəzərdə tutulur. İllik maliyyələşmə 35 milyon manat, yəni, təxminən, 51 faiz artırılır. Hazırda 270 mindən çox vətəndaş Dövlət Proqramı çərçivəsində dərman preparatları və özünənəzarət vasitələri ilə təmin olunur. Yeni təminat normaları pasiyentlərin fərdi tibbi ehtiyaclarının daha dolğun qarşılanmasına imkan yaradacaq. Bu da şəkərli diabet xəstələrinin maddi cəhətdən də köməyinə çatacaq.
Bu qəbildən olan uşaqlara xüsusi dəstək göstərilir
Aysel Dünyamalıyeva onu da vurğulayır ki, bu xəstəliyin yaşı yoxdur. Təəssüf ki, azyaşlılar və yeniyetmələr də şəkərli diabet xəstəliyinə tutula bilir. Uşaqların bu xəstəliklə mübarizəsi və onunla yaşaması isə daha çətin olur. Dövlət tərəfindən bu qəbildən olan uşaqlara xüsusi qayğı göstərilir. Qərarda, xüsusilə şəkərli diabet xəstəliyi olan uşaqların fərdi tibbi ehtiyaclarının qarşılanmasına xüsusi diqqət yetirilir. Xəstəlikdən əziyyət çəkən, aşağı dozada insulinə ehtiyacı olan 0-7 yaşlı uşaqların həkim təyinatı əsasında insulin pompaları ilə təmin ediləcəyi də qərarda öz əksini tapıb. Ölkəmizdə şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqların sayını və bu pompaların dünya bazarındakı qiymətini və sərfiyyatını nəzərə aldığımızda dövlət qayğısının nə qədər yüksək səviyyədə olduğunu görərik.
Həkim onu da qeyd edir ki, 3-18 yaşlı uşaqlara qlükoza səviyyəsinin davamlı monitorinqi üçün ayda 2 sensor veriləcək. Müasir tibbi texnologiyalar uşaqların gündəlik həyatının asanlaşdırılmasına, valideynlərin xəstəliyə nəzarət imkanlarının genişləndirilməsinə və müalicənin daha effektiv idarə olunmasına xidmət edəcək. Yeni qərarda nəzərdə tutulan müasir insulin texnologiyaları və davamlı qlükoza monitorinq sensorları bu uşaqların həyat keyfiyyətinin yüksəldilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Həkim-endokrinoloq Naxçıvan Muxtar Respublikasında diabetlə bağlı vəziyyət haqqında məlumat verir. Bildirir ki, Naxçıvan Muxtar Respublikasında hazırda, ümumilikdə, 15 942 şəkərli diabet xəstəsi qeydiyyatdadır. Onlardan 149-u uşaqdır. Yeni qərar şəkərli diabetlə mübarizədə mühüm və əhəmiyyətli addımdır. O, bu qərarın, xüsusilə uşaqların müasir texnologiyalarla təmin olunmasına, dərman preparatlarının əlçatanlığının artırılmasına və ağırlaşmaların qarşısının alınmasına mühüm töhfə verəcəyinə əminliyini bildirərək qeyd edir ki, dövlət tərəfindən yaradılan imkanlardan hər bir diabetli pasiyent faydalana bilməlidir. Bunun üçün dövlət qurumlarının, tibb müəssisələrinin, həkimlərin və pasiyentlərin birgə fəaliyyəti vacibdir. Həkim kimi əsas tövsiyəsi odur ki, həkimlər yalnız xəstəliyi müalicə etməklə kifayətlənməməli, onun qarşısının alınmasına, erkən aşkarlanmasına və ağırlaşmaların profilaktikasına da xüsusi diqqət yetirməlidirlər.
Sağlamlıq Tanrının insan övladına bəxş etdiyi əvəzsiz nemət, sahib ola biləcəyi ən böyük sərvətdir və onu qorumaq həyat keyfiyyətimizin əsasını təşkil edir. Unutmayaq ki, şəkərli diabet düzgün müalicə, sağlam həyat tərzi və mütəmadi tibbi nəzarətlə idarə oluna bilən xəstəlikdir.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər