Azərbaycan nefti 96 dollara satılır
09:39 25.11.2026
0
0
0
NAXÇIVAN :
25 Noyabr 2026, Çərşənbə
Kəlbəcərdə dayanmışam. Murovun qarlı zirvəsinə, Ömər aşırımına gedən yola dikilib baxışlarım. Bura həmin şəhərdir – dağlar cənnəti Kəlbəcər. 2020-ci ilin payızının son günlərindən birində – 25 noyabrda qırılan ağacların səsi, tüstülənən evlərin alovunun istisi ilə 28 illik əzab yuxusundan oyanan Kəlbəcər.
Yenə eyni mənzərə var idi – evlər od tutub yanır, meşələr qırılır, insanlar onu tərk edirdi. Yox, burada bir fərq var idi. Bu dəfə gedənlər çağırılmamış qonaqlar idi. Gəldikləri kimi də getdilər, yenə dağıdıb, yandırıb. Qəhrəman Azərbaycan əsgəri 44 gündə elə bir igidlik göstərmişdi ki, Kəlbəcəri bir güllə atmadan azad etmişdi. Müzəffər Sərkərdənin Kəlbəcərin qəlbində zəfər bayrağını göylərə çəkdiyi gün dağların başındakı cənnət öz xoşbəxt gələcəyinə qədəm qoydu. Böyük Qayıdışla bağlı həyata keçirilən bütün işlər birbaşa dövlət başçısı İlham Əliyevin nəzarəti altında həyata keçirilir. Kəlbəcər şəhəri ilə bərabər, rayonun kəndlərinin də inkişafı dövlətimizin xüsusi diqqətində saxlanılır, çətin relyefli olan bu ərazidə infrastruktur layihələri gerçəkləşdirilir, yollar, tunellər çəkilir, su elektrik stansiyaları qurulur, bir sözlə, kompleks işlər görülür.
“Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” təsdiq edilib. Kəlbəcər şəhərinin işğala qədərki son Baş Planında ərazisi 130 hektar, əhalisinin sayı isə 7 min 500 nəfər təşkil etdiyi halda, 2040-cı ilədək inkişaf konsepsiyasına uyğun olaraq bu rəqəmlər iki dəfədən çox artacaq. Şəhərin mərkəzi ortamərtəbəli, çoxmənzilli və inzibati binalardan ibarət olacaq. Ətrafda isə fərdi yaşayış evlərinin tikintisi aparılacaq. Şəhərin ümumi yaşayış fondu 488 min kvadratmetr təşkil edəcək ki, bunun da böyük hissəsi fərdi yaşayış evlərinin, 46 min kvadratmetri isə ortamərtəbəli yaşayış binalarının payına düşəcək. Ümumən, 2040-cı ilədək əhalinin 4 min 250 mənzillə təmin olunması nəzərdə tutulub. Şəhərdə, həmçinin məktəbin, uşaq bağçasının, iki xəstəxananın, reabilitasiya mərkəzinin, İşğal və Zəfər muzeylərinin, mehmanxanaların, müxtəlif ictimai-iaşə obyektlərinin və idman meydançalarının tikintisi planlaşdırılır.
Plana əsasən şəhər ərazisinin 22 faizi yaşıllıqlardan ibarət olacaq. Kəlbəcər şəhərində 524 ailəlik yaşayış məhəlləsi tikiləcək. Yaşayış məhəlləsi 19,5 hektar ərazidə layihələndirilib. Artıq kompleksdə dördmərtəbəli 6 bina, həmçinin “townhouse” tipli ikimərtəbəli 39 ev də inşa olunub. İkinci mərhələdə bu kompleksə 323 ailənin köçürülməsi planlaşdırılır. Bunun üçün isə müxtəliftipli dördmərtəbəli, 16 çoxmənzilli yaşayış binası, “townhouse” tipli ikimərtəbəli 57 ev inşa olunacaq. Kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılır. Ümumilikdə, 15 yaşayış məntəqəsinin bərpası planlaşdırılıb. 2025-ci il avqustun 21-də Prezident İlham Əliyevin iştirakı ilə Kəlbəcər şəhərinə qayıdan ilk 20 ailəyə mənzillərin açarları təqdim olunub. “Böyük Qayıdış” proqramı çərçivəsində indiyədək Kəlbəcər şəhərinə 6 mərhələdə köç reallaşdırılıb. 2 aprel 2026-cı il köç mərhələsindən sonra şəhərin I yaşayış məhəlləsində, ümumilikdə, 162 ailə (680 nəfər) məskunlaşıb.
Birinci mərhələdə Zar, Zallar və Yanşaq kəndlərində fərdi evlərin və infrastrukturun tikintisi icra olunub. Növbəti mərhələdə İstisu qəsəbəsi, Qamışlı, Çaykənd, Nadirxanlı, Qılınclı, Otaqlı və Çıraq kəndlərinin layihələndirilməsi və tikinti işləri aparılır. Hazırda Kəlbəcər rayonunun Zar kəndinə növbəti köçün həyata keçirilməsi planlaşdırılır və orada 547 fərdi yaşayış evinin tikinti-bərpa işləri tamamlanmaq üzrədir. Murovdağ silsiləsindən keçən və çətin relyefdə inşa olunan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun böyük hissəsi tamamlanıb. Layihə çərçivəsində ümumi uzunluğu 25,9 kilometr olan 5 tunel, o cümlədən Murovdağ tuneli tikilib. Şərqi Zəngəzur iqtisadi rayonunun daxili nəqliyyat əlaqələrini təmin edən Kəlbəcər-Laçın avtomobil yolu salınıb. “AzərEnerji” ASC tərəfindən Tərtər çayı üzərində 8,33 MVt gücündə “Çıraq-1” və 5,3 MVt gücündə “Soyuqbulaq”, Qaraarxac çayı üzərində isə 3,6 MVt gücündə “Çıraq-2” stansiyaları tamamilə yenidən qurulub. Rayonun dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi üçün “Kəlbəcər” yarımstansiyası tikilib və 110 kilovoltluq elektrik verilişi xətləri çəkilib. Məşhur İstisu mineral suyunun bazasında müasir sanatoriya-kurort kompleksinin və “İstisu” mineral su zavodunun tikintisi reallaşdırılıb. Artıq Kəlbəcərdə yeni həyat qaynayır, heyvandarlıqla, arıçılıqla məşğul olan təsərrüfatçılarımızın Kəlbəcər yaylaqlarına köç etməsi isə buna ən parlaq nümunələrdəndir.
Kəlbəcər həm də Azərbaycanın qərb qapısıdır. 1993-cü ildə bu rayonun işğal altına düşməsi digər rayonlarımızın da asanlıqla düşmən əlinə keçməsi ilə nəticələnmişdi. Buna görə də strateji mövqeyə malik Kəlbəcərdə dövlət sərhədlərimizin toxunulmazlığı, əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində hərtərəfli işlər həyata keçirilir. Kəlbəcərin diplomatik masada qazanılan zəfər sayəsində geri qaytarılması dövlət başçısının düşünülmüş və uzaqgörən siyasətinin nəticəsi idi. 26 iyun 2022-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyev Kəlbəcərdə yeni yaradılmış komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş mərasimdə, 2023-cü il mayın 27-də isə hərbi hospitalın açılışında iştirak edib.
Dağların qoynundan boylanan cənnət Kəlbəcər bu xalq üçün təkcə bir ərazi vahidi deyil, o həm də diplomatik zəkanın, qüdrətli ordunun və bu xalqın birliyinin nümunəsidir. Bu gün Murovun buz tutmuş zirvəsinə baxanda biz təkcə böyüklük görmürük. Ucalıq, əlçatmazlıq, müqəddəslik görürük. Qarlı aşırımlarda körpəsi qucağında, ayaqyalın yol alan azərbaycanlı qadının yurd həsrəti ilə yanan gözlərini görür, şaxtalı gecələrdə ümidini itirməyən anaların səssiz fəryadını eşidir, sarsılmaz iradənin, Vətən sevgisinin və yenilməz ruhun qələbə çaldığına şahid oluruq. Artıq Murovun zirvəsində dalğalanan üçrəngli bayrağımız qürurun, zəfərin və əbədi azadlığın şahidinə çevrilib.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər