Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Telev...
22:19 11.08.2026
0
0
0
NAXÇIVAN :
11 Avqust 2026, Çərşənbə axşamı
İxtisas seçimi ali təhsil yolunda ən vacib mərhələlərdən biridir. Məhz bu mərhələdə verilən qərar gəncin gələcək peşə fəaliyyətinə, karyera imkanlarına və əmək bazarında tutacağı yerə birbaşa təsir göstərir. Buna baxmayaraq, hər il minlərlə abituriyent seçim zamanı əvvəlki illərin keçid ballarını əsas tutaraq ixtisasların gələcək perspektivini, əmək bazarının tələbatını və qəbul planındakı dəyişiklikləri nəzərə almırlar. Halbuki düzgün ixtisas seçimi təkcə universitetə qəbul olmaq deyil, həm də gələcək peşə həyatının möhkəm təməlini formalaşdırmaq deməkdir.
Bəs abituriyentlər ixtisas seçərkən hansı məqamlara diqqət yetirməlidirlər? Builki qəbul prosesində subbakalavrları hansı yeniliklər gözləyir? Bu suallara aydınlıq gətirmək üçün təhsil ekspertləri Orxan İsayev və Tusi Həsənlinin fikirlərinə müraciət etdik.
Ekspertlərin fikrincə, abituriyentlərin yol verdiyi ən böyük səhvlərdən biri seçim zamanı əvvəlki illərin keçid ballarını əsas meyar kimi qəbul etmələridir. Orxan İsayev bildirir ki, hər il qəbul planı və ixtisaslar üzrə ayrılan yerlərin sayı dəyişdiyi üçün keçid balları da fərqli formalaşır. Bu səbəbdən yalnız ötən ilin nəticələrinə əsaslanmaq düzgün yanaşma deyil. Tusi Həsənli də qeyd edir ki, namizədlər cari ilin qəbul planını, bal intervallarını və statistik göstəriciləri diqqətlə təhlil etməli, seçimlərini real vəziyyətə uyğun qurmalıdırlar.
Ekspertlər vurğulayırlar ki, ixtisas seçimi yalnız yüksək keçid balına əsaslanmamalıdır. Seçim zamanı gələcək perspektivlər, əmək bazarının tələbləri, eləcə də gəncin şəxsi maraq və bacarıqları nəzərə alınmalıdır. Onların fikrincə, dövlət sifarişli ixtisasların mövcudluğu həmin sahələrin ölkənin inkişaf strategiyasında əhəmiyyət daşıdığını göstərir. Bununla yanaşı, hər bir abituriyent seçdiyi ixtisasın öz potensialına uyğun olub-olmadığını düzgün qiymətləndirməlidir. Ekspertlər müasir dövrdə informasiya texnologiyaları, süni intellekt, logistika, tibb və kənd təsərrüfatı kimi sahələrin əmək bazarında daha perspektivli istiqamətlər sırasında olduğunu qeyd edirlər. Onların fikrincə, seçim zamanı əsas sual “Bu ixtisas populyardırmı?” deyil, “Məzun olduqdan sonra bu sahəyə tələbat olacaqmı?” olmalıdır.
Mütəxəssislər yüksək keçid ballı ixtisasların hər zaman uğurlu karyera vəd etmədiyini də diqqətə çatdırır. Orxan İsayev qeyd edir ki, bəzi ixtisaslar illərdir, ənənəvi olaraq yüksək bal toplayan abituriyentlər tərəfindən seçilsə də, onların əmək bazarındakı real vəziyyəti kifayət qədər araşdırılmır. Tusi Həsənli isə abituriyentlərə yalnız yüksək ballı ixtisasları deyil, orta və nisbətən aşağı keçid ballı alternativləri də seçim siyahısına daxil etməyi tövsiyə edir. Bu yanaşma qəbul şansını artırmaqla yanaşı, daha düşünülmüş qərar verməyə imkan yaradır.
Valideynlərin ixtisas seçimində rolu da ekspertlərin toxunduğu mövzulardandır. Onların fikrincə, valideyn övladına istiqamət göstərməli, lakin son qərarı onun əvəzinə verməməlidir. Valideynin müasir təhsil sistemi və əmək bazarı barədə dolğun məlumatı varsa, tövsiyələri faydalı ola bilər. Əks halda, şəxsi istəklər və ya eşitdiyi məlumatlar əsasında övladını müəyyən ixtisasa yönləndirməsi gələcəkdə yanlış seçimə səbəb ola bilər.
Bu il subbakalavrların ali təhsil müəssisələrinə qəbul imkanları da ekspertlərin diqqət çəkdiyi əsas məsələlərdəndir. Orxan İsayevin sözlərinə görə, müsabiqə şərti 150 bal olan ixtisasların sayının artırılması nəticəsində əvvəlki illərdə boş qalan yerlərin əksəriyyəti artıq abituriyentlər tərəfindən tutulacaq. Bu isə subbakalavrlar üçün vakant yerlərin sayını azaldacaq və onların qəbul şansını aşağı salacaq. Tusi Həsənli də bildirir ki, subbakalavrların qəbulu yalnız abituriyentlərin seçimindən sonra boş qalan yerlər üzrə aparıldığı üçün builki dəyişikliklər bu kateqoriyadan olan namizədlər üçün rəqabəti daha da gücləndirəcək. Xüsusilə maliyyə, informasiya texnologiyaları və mühəndislik istiqamətlərində qəbulun əvvəlki illərlə müqayisədə daha çətin olacağı gözlənilir.
Onlar hesab edirlər ki, subbakalavrların öz ixtisasları üzrə ali təhsillərini davam etdirmələri daha məqsədəuyğundur. Çünki kollecdə əldə olunan baza biliklərinin universitetdə inkişaf etdirilməsi tamamilə yeni istiqamətə keçməkdən daha səmərəli nəticə verir.
Müsahibə zamanı Tusi Həsənli peşə təhsilinin inkişaf perspektivləri mövzusuna toxunaraq bildirdi ki, yüksək peşə təhsili səviyyəsini bitirən məzunlar subbakalavr statusu əldə etsələr də, bu, ali təhsil müəssisələrinə qəbul zamanı onlara əlavə hüquqi üstünlük qazandırmır. Universitetlərin nəzdində fəaliyyət göstərən peşə məktəbləri və kolleclər də qəbul prosesində imtiyaz yaratmır. Bununla belə, bu müəssisələr tələbələrin daha güclü akademik mühitdə təhsil almalarına və praktiki bacarıqlarını inkişaf etdirmələrinə şərait yaradır. Ekspertin fikrincə, peşə təhsili əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığında mühüm rol oynayır. Bu sahəyə marağın artırılması üçün gənclər arasında maarifləndirmə gücləndirilməli, əmək bazarının tələblərinə uyğun yeni peşə istiqamətləri yaradılmalıdır. O hesab edir ki, əsas məqsəd yalnız universitet diplomu əldə etmək deyil, rəqabətqabiliyyətli və peşəkar mütəxəssis kimi formalaşmaqdır.
Sonda ekspertlər bildirirlər ki, düzgün ixtisas seçimi gələcək uğurun əsas şərtlərindən biridir. Bu seçim yalnız keçid balına və ya ixtisasın populyarlığına əsaslanmamalı, şəxsi maraq, bacarıq, əmək bazarının tələbləri və gələcək perspektivlər birlikdə qiymətləndirilməlidir.
Zəhra VƏLİYEVA
Digər xəbərlər