NAXÇIVAN :

13 Avqust 2026, Cümə axşamı

Dörd il əvvəl xəyal kimi görünən yolun sonu

...

Həyatda bəzi mərhələlər var ki, insanın xarakterinin formalaşmasında, düşüncə tərzinin dəyişməsində və gələcək yolunun müəyyənləşməsində xüsusi rol oynayır. Universitet həyatı da məhz belə mərhələlərdən biridir. Bu gün məzun kimi geriyə baxanda anlayıram ki, universitet mənə, sadəcə, diplom deyil, həyat dərsi qazandırıb.

Mən əslən Tərtər rayonundanam. Təhsil almaq məqsədilə ailəmdən, doğma mühitimdən ayrılıb başqa şəhərə gəlmişdim. İlk günlər hər şey mənə yad görünürdü. Yeni insanlar, yeni mühit, yeni qaydalar. Təbii ki, bu proses müəyyən çətinliklərlə müşayiət olunurdu. Amma zaman keçdikcə universitet mənim üçün, sadəcə, təhsil aldığım məkan deyil, özümü tapdığım, inkişaf etdirdiyim və həyatımın ən gözəl xatirələrini topladığım bir ünvana çevrildi. Jurnalistika ixtisasını seçərkən bu sahəyə olan marağımın məni hara aparacağını tam təsəvvür edə bilmirdim. Lakin universitetdə keçdiyim dərslər, müəllimlərdən aldığım biliklər və qazandığım təcrübələr bu peşəyə olan sevgimi daha da artırdı. Jurnalistika mənə hadisələrə fərqli prizmadan baxmağı, araşdırma aparmağı, insanlarla ünsiyyət qurmağı və ən əsası, məsuliyyət hissini öyrətdi.

 Universitet həyatının mənə qazandırdığı ən böyük imkanlardan biri də fəaliyyət göstərmək və özümü sınamaq şansı oldu. Hələ birinci kursdan universitet mediasında könüllü fəaliyyətə başladım. Müxtəlif tədbirlərin işıqlandırılması, reportajların hazırlanması və media işinin müxtəlif tərəflərində iştirak etmək mənim üçün əvəzsiz təcrübə idi. Bu fəaliyyətlər sayəsində həm peşəkar bacarıqlar qazandım, həm də yeni dostlar və dəyərli tanışlıqlar əldə etdim. Tələbəlik illərimin ən önəmli dönəmlərindən biri isə ikinci kursdan etibarən Naxçıvan televiziyasında çalışmağa başlamağım oldu. Burada redaktor və aparıcı kimi fəaliyyət göstərmək mənə nəzəri biliklərimi praktikada tətbiq etmək imkanı yaratdı. Bəzən universitet dərsləri ilə iş həyatını paralel şəkildə davam etdirmək çətin olurdu. Gecə yarılarına qədər davam edən hazırlıqlar, imtahan stressi və iş məsuliyyəti yorucu görünə bilərdi. Amma bütün bu çətinliklər mənə vaxtı düzgün idarə etməyi, məsuliyyətli olmağı və qarşıma qoyduğum məqsədlərə doğru inamla addımlamağı öyrətdi.

Universitet həyatı təkcə auditoriyalarda keçən dərslərdən ibarət deyil. Bu illər insanın özünü tanıdığı, dostluqlar qurduğu, uğursuzluqlardan dərs çıxardığı və uğurlarını qeyd etdiyi xüsusi bir dövrdür. Burada qazandığım dostlar, iştirak etdiyim tədbirlər, hazırladığım layihələr və yaşadığım bütün xatirələr mənimlə bir ömür qalacaq.

Bu il məzun oldum. Bu cümləni yazmaq belə qəribə hissdir. Sanki dünən ilk dəfə universitetin qapısından içəri daxil olmuşdum. Universitet mənə, sadəcə, peşə qazandırmadı. Mənə öz gücümə inanmağı, qarşıma çıxan çətinliklərlə mübarizə aparmağı və xəyallarıma doğru addımlamağı öyrətdi. Bu gün geriyə baxanda anlayıram ki, bütün çətinliklərə baxmayaraq, universitet həyatı həyatımın ən dəyərli və unudulmaz mərhələlərindən biri olub. Məzuniyyət bir son deyil. Əksinə, yeni başlanğıcların ilk addımıdır. Universitetdə qazandığım biliklər, təcrübələr və xatirələr gələcək həyat yolumda mənə ən böyük yol yoldaşı olacaq.

Səbinə ELXANQIZI 

Naxçıvan televiziyasının əməkdaşı

Nəşr edilib : 02.07.2026 17:11