NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Dünyanın ən böyük azərbaycanlısı

...

Hər bir xalqın milli azadlığa və dövlət müstəqilliyinə qovuşması üçün vacib olan mühüm şərtlərdən biri milli iradəyə və tükənməz Vətən sevgisinə malik siyasi liderin olmasıdır. Milli tariximizə öz adını əbədi həkk etmiş Ümummilli Liderimiz Heydər Əliyev belə şəxsiyyətlərdəndir. Ulu Öndərimiz xalqımızın daim arzusunda olduğu azadlıq, müstəqillik və milli dövlətçilik kimi ali idealların gerçəkləşməsinə nail olmuş, bununla da əbədiyaşarlıq hüququ qazanmışdır.

Qədim Naxçıvanda dünyaya göz açan dahi şəxsiyyətin həyatının mənası Azərbaycan idi. Dünyaşöhrətli siyasi xadim özü bu barədə deyirdi: “Mən balaca bir evdə, zəhmətkeş ailəsində, bir yaz günü dünyaya göz açmışam. Anadan olanda, yəqin ki, beş-on, uzağı otuz-qırx nəfər sevinib. İndi bəlkə də, bir o qədər qeyri-təvözakar səsləndi, amma deməliyəm ki, anam məni, bütövlükdə, Azərbaycanımız üçün dünyaya gətirib. Doğma, canım, varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm”.

Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə xalqın illərlə arzusunda olduğu niyyətlər gerçəyə çevrilmiş, Azərbaycan müstəqilliyə qovuşmuş, Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsasları və müstəqillik konsepsiyası hazırlanmışdır. Ona görə də 1969-cu ilin 14 iyulunda Ulu Öndərin Azərbaycana rəhbər seçilməsi ölkəmizin müstəqillik tarixinin, parlaq və işıqlı yolunun başlanğıcı kimi qiymətləndirilir.

Azərbaycanda 1969-cu ildə əsası qoyulan dirçəliş və inkişaf strategiyası nəticəsində yaranmış iqtisadi potensial XX əsrin 80-ci illərinin sonundan başlayaraq dağıdılıb bərbad hala salınsa da, 1993-cü ildən sonra görkəmli dövlət xadiminin böyük iradəsi və səyləri ilə yenidən bərpa edilmişdir. 1993-cü ilin iyununda əldən getməkdə olan dövlət müstəqilliyini Azərbaycana dahi şəxsiyyət Heydər Əliyev qaytarmışdır.

Ümummilli Lider Heydər Əliyev təkcə qüdrətli Azərbaycan dövləti yaratmayıb, eyni zamanda onun gələcək inkişafının strategiyasını da hazırlamış, Azərbaycana xidmətin ən kamil örnəyini nümayiş etdirmişdir. Böyük öndərimiz deyirdi: “İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyinə, ölkəmizin iqtisadi, siyasi inkişafına xidmət olmuşdur”.

Ulu Öndər Heydər Əliyevin mənalı ömür yolunu göz önünə gətirsək, bu ömrün yalnız bir məqsədə xidmət etdiyinin şahidi olarıq: bu Azərbaycandır! Görkəmli dövlət xadimi Azərbaycanı həyatının mənası hesab edirdi. Bu səbəbdən O, Azərbaycanı müqəddəs yer kimi uca tutur, azərbaycanlı olmağı ilə fəxr edir və deyirdi ki: “Azərbaycan mənim qibləgahımdır”. Sonsuz iftixar və qürur hissi ilə səslənən bu fikir bir dahi ömrünün manifestidir.

Böyük öndərimiz Azərbaycan naminə yaşadığı həyatın, mənalı ömür yolunun siyasi mübarizələrlə dolu olan anlarını göz önünə gətirərək deyirdi: “İndi... bütün həyatımı təhlil edərək görürəm ki, hər halda bir başlıca hadisə də var. O da bundan ibarətdir ki, mən Azərbaycanın müstəqilliyini təmin edə bilmişəm. Onu daxili çəkişmələr alovunda, dağıntılar və qan içində məhv olmağa qoymamışam”.

Rifahı üçün bütün həyatını sərf etdiyi doğma Azərbaycan xalqı ilə vida ərəfəsində insanlar ölkənin gələcək taleyi ilə bağlı həmişə olduğu kimi, yenə də məhz Heydər Əliyev sözünün intizarında idilər. Belə bir məqamda dahi dövlət xadiminin ideyalarını onun cismani yoxluğundan sonra da davam etdirməyə qadir siyasi lideri – cənab İlham Əliyevi böyük əminliklə xalqa təqdim etməsi insanların Azərbaycanın gələcək taleyi ilə bağlı tərəddüdlərini aradan qaldırdı. Ulu Öndər güclü, müstəqil Azərbaycan dövləti yaratmaqla yanaşı, onu özündən sonra inamla idarə edə biləcək lideri, rəhbəri də yetişdirmişdir. 2003-cü ilin oktyabrında Ümummilli Liderimizin “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, - deyə özünün layiqli davamçısı kimi təqdim etdiyi cənab İlham Əliyev ötən 22 ilə yaxın müddətdə Heydər Əliyev strategiyasını uğurla davam etdirmiş, bu strategiyanı yeni dövrün ruhuna uyğun zənginləşdirərək XXI əsrin mükəmməl dövlətçilik fəlsəfəsinə çevirmişdir.

Heydər Əliyev yolundan kənarda inkişafın və müstəqil dövlət quruculuğunun mümkün olmadığını bəyan edən Azərbaycan Prezidenti cənab İlham Əliyev demişdir: “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün, Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyev siyasəti davam etdirilməlidir... Mən bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.

Öz qərarlarını verə bilən, milli və dövlət maraqlarını qoruyan, xarici siyasətini milli maraqlarının əsasında formalaşdıran dövlət qurmaq mövcud olduğumuz regionda asan məsələ deyil. Çox qısa zamanda həm dövləti, həm ordunu, həm də cəmiyyəti formalaşdırmaq və Qarabağ kimi çətin və taleyüklü məsələni birdəfəlik həll etmək tarixi missiyadır. Bu missiyanın əsasını Ulu Öndər Heydər Əliyev qoymuşdursa, onu ləyaqətlə məhz Prezident cənab İlham Əliyev tamamlaya bilmişdir. 

Həm müstəqillik dövrünün, həm də xalqımızın çoxəsrlik, zəngin və şərəfli dövlətçilik tarixinin ən parlaq səhifələrindən biri də Azərbaycanın ərazi bütövlüyünün, tarixi ədalətin bərpasına nail olunmasıdır. Bu, müstəsna siyasi hadisə və dövlətçilik tariximizdə bənzəri olmayan Zəfər salnaməsi Ümummilli Lider Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin böyük siyasətinin real nəticəsidir.

Ulu Öndər Heydər Əliyev xalqa və Vətənə sonsuz sevgisi, dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafının uzunömürlülüyünü təmin edən mükəmməl irs, siyasi məktəb miras qoyub. Bu gün heç kimin şübhə etmədiyi reallıq bundan ibarətdir ki, dahi Heydər Əliyev faktoru təkcə XX əsr Azərbaycanının deyil, XXI əsr Azərbaycanının da gerçək simasını və inkişaf perspektivlərini müəyyənləşdirir.

Müstəqil Azərbaycanın simasını müəyyənləşdirmiş bu qüdrətli şəxsiyyət xalqımızın tarixində və taleyində silinməz izlər qoyub. Mənalı və şərəfli ömrünü Azərbaycan dövlətinə, xalqına xidmətə həsr etməklə əbədiyaşarlıq rəmzinə çevrilən Ulu Öndər “Dünyanın ən böyük azərbaycanlısı” olaraq həmişə qədirbilən xalqımızın güvənc yeri olacaqdır.

Məmməd MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 11.12.2025 10:00