Evliliklərinin 55 illiyi qeyd olunan Həsənovlar ai...
13:21 28.11.2026
0
0
0
NAXÇIVAN :
28 Noyabr 2026, Şənbə
Qidalanma insan sağlamlığının qorunmasında, orqanizmin normal fəaliyyətinin təmin edilməsində və həyat keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır. Bu baxımdan, qida məhsullarının qidalılıq və bioloji dəyərinin öyrənilməsi, eləcə də gündəlik qidalanmada düzgün məhsul seçiminə diqqət yetirilməsi xüsusi əhəmiyyət daşıyır.
Qida məhsullarının qidalılıq və bioloji dəyəri
Qida məhsullarının qidalılıq dəyəri onların kimyəvi tərkibi, enerji vermə qabiliyyəti, orqanizm üçün zəruri qida maddələrinin miqdarı və mənimsənilməsi ilə xarakterizə olunur. Məhsulun tərkibində zülallar, yağlar, karbohidratlar, vitaminlər və mineral maddələr kimi vacib komponentlərin olması onun qidalılıq dəyərinin müəyyən edilməsində mühüm rol oynayır.
Yumurta, ət, balıq, süd və süd məhsulları yüksəkkeyfiyyətli zülallar və digər zəruri qida maddələri ilə zəngin məhsullar sırasındadır. Bu məhsullar orqanizmin normal fəaliyyəti, toxumaların qurulması və bərpası, eləcə də maddələr mübadiləsinin təmin edilməsi üçün vacibdir. Şəkər və nişasta kimi məhsullar isə əsasən, karbohidratlardan ibarətdir və orqanizm üçün enerji mənbəyi rolunu oynayır. Lakin məhsulun qidalılıq dəyərini yalnız onun verdiyi enerji ilə qiymətləndirmək düzgün deyil. Qidanın tərkibindəki vitaminlər, minerallar, liflər və digər bioloji fəal maddələr də nəzərə alınmalıdır.
Qida məhsullarının bioloji dəyəri onların orqanizmi ehtiyac duyduğu əvəzolunmaz amin turşuları, doymamış yağ turşuları, vitaminlər, makro və mikroelementlər kimi maddələrlə təminetmə xüsusiyyəti ilə əlaqədardır. Bu maddələr hüceyrə və toxumaların formalaşmasında, maddələr mübadiləsinin tənzimlənməsində və orqanizmin normal fəaliyyətinin qorunmasında iştirak edir. Ümumiyyətlə, balanslaşdırılmış qidalanma zamanı 56 addan artıq əvəzolunmaz komponentlərin gündəlik qidanın tərkibində olması vacibdir.
Qida məhsulları orqanizmi enerji ilə necə təmin edir?
İnsan orqanizmi gündəlik fəaliyyətini davam etdirmək, bədən temperaturunu qorumaq, hərəkət etmək və həyati funksiyaları yerinə yetirmək üçün enerjiyə ehtiyac duyur. Bu enerji, əsasən, qida vasitəsilə qəbul edilən zülalların, yağların və karbohidratların hesabına təmin olunur.
Orta yaşlı insan (45-59 yaş) gündə 400-500 q karbohidrat, 80-100 q zülal, 80-100 q yağ istehlak etməlidir. Balanslaşdırılmış qidalanmada orqanizmə lazım olan zülal, yağ və karbohidratların miqdarı 1:1:4 nisbətində olmalıdır. Orqanizmə lazım olan gündəlik enerjinin 15%-i zülalların, 30%-i yağların və 50%-dən çoхu karbohidratların payına düşür. Eyni zamanda zülalların yarısını heyvan mənşəli zülal, yağların 45-60%-ni bitki yağları təşkil etməlidir. Karbohidratlar üzrə nişasta 75%, şəkər 20%, pektin maddələri 3%, sellüloza isə 2% təşkil etməlidir.
Qida məhsullarının qidalılıq dəyərini və enerji verməsini müəyyən etmək üçün onun tərkibini bilmək lazımdır. Lakin qida ilə qəbul olunan maddələrin hamısı orqanizmdə tam həzmə getmir. Heyvan mənşəli zülallar 81-93%, bitki mənşəli zülallar isə 60-80% həzm olunur. Südün və ətin yağı orqanizmdə 95%, südün karbohidratları 98%, bitki mənşəli karbohidratlar isə 85-99% həzmə gedir. Real kaloriliyi hesablamaq üçün ayrı-ayrı qida maddələrinin faktiki həzmi nəzərə alınmalıdır. Real kalorilik həmişə nəzəri kalorilikdən azdır.
Hansı qidalar daha faydalıdır?
Sağlam qidalanma yalnız yüksək enerji verən məhsulları seçmək demək deyil. Əsas məqsəd orqanizmi həm enerji, həm də zəruri qida maddələri ilə təmin etməkdir. Bu baxımdan, gündəlik rasionda müxtəlif qida qruplarına yer verilməsi tövsiyə olunur.
Sağlam yağlar. Qoz, fındıq, badam, müxtəlif toxumlar, avokado və zeytun yağı doymamış yağ turşularının mənbələridir. Bu məhsullar hüceyrələrin normal fəaliyyətində iştirak edir və yağda həll olan vitaminlərin mənimsənilməsinə kömək edir. Bununla belə yağların enerji dəyəri yüksək olduğundan onların istehlak miqdarı nəzərə alınmalıdır.
Mürəkkəb karbohidratlar. Yulaf, qarabaşaq, qəhvəyi düyü və digər tam taxıl məhsulları enerji ilə yanaşı, lif və müəyyən vitamin-minerallarla da təmin edir. Liflə zəngin qidalar həzm sisteminin normal fəaliyyətinə, toxluq hissinin daha uzun müddət davam etməsinə və balanslaşdırılmış qidalanmaya kömək edir.
Keyfiyyətli zülal mənbələri. Yumurta, balıq, yağsız ət, süd, qatıq, pendir və digər süd məhsulları zülal və müxtəlif vacib qida maddələri ilə zəngindir. Zülallar toxumaların qurulması və bərpası, fermentlərin və bir sıra bioloji fəal maddələrin sintezi üçün vacibdir. Balıq məhsulları, xüsusilə yağlı balıqlar, omeqa-3 yağ turşularının da mənbəyi hesab olunur.
Meyvə və tərəvəzlər. Müxtəlif rəngli meyvə və tərəvəzlər vitaminlər, mineral maddələr, liflər və antioksidant xüsusiyyətlərə malik birləşmələrlə zəngindir. Onların gündəlik rasionda kifayət qədər yer alması sağlam qidalanmanın əsas prinsiplərindəndir.
Təbii şəkər ehtiva edən qidalar. Banan və xurma kimi meyvələr karbohidratlarla təmin edir. Banan kaliumun, xurma isə lif və müəyyən mineral maddələrin mənbəyidir. Bu məhsullar enerji ehtiyacının ödənilməsinə kömək etsə də, onların miqdarı ümumi rasiona uyğun seçilməlidir.
Qeyd etmək lazımdır ki, heç bir qida məhsulu bütün zəruri maddələri orqanizmin ehtiyacına uyğun şəkildə təkbaşına təmin etmir. Buna görə də müxtəlif və balanslaşdırılmış qidalanma daha məqsədəuyğundur.
Düzgün qidalanma və balans prinsipi
Balanslaşdırılmış qidalanma orqanizmin enerji və qida maddələrinə olan tələbatının uyğun şəkildə ödənilməsidir. Bu tələbat insanın yaşından, cinsindən, fiziki aktivliyindən və ümumi sağlamlıq vəziyyətindən asılı olaraq dəyişir. Buna görə də bütün insanlar üçün eyni miqdarda zülal, yağ və karbohidrat qəbulunu universal norma kimi qəbul etmək düzgün deyil.
Gündəlik rasionda zülallar, yağlar və karbohidratlarla yanaşı, vitaminlər, mineral maddələr və kifayət qədər su da olmalıdır. Şəkər və duzun həddindən artıq istehlakından çəkinmək, liflə zəngin qidalara üstünlük vermək və qidalanmada müxtəlifliyi qorumaq sağlam həyat tərzinin vacib şərtlərindəndir.
Qida məhsullarının dadı və ətri də qidalanma prosesində əhəmiyyət daşıyır. Ədviyyələr və müəyyən qida əlavələri məhsulların dad və aroma xüsusiyyətlərini yaxşılaşdıra bilər. Lakin bu maddələrin istifadəsi məhsulun təhlükəsizliyinə və müəyyən edilmiş normativ tələblərə uyğun olmalıdır. Dad və ətir xüsusiyyətlərinin yaxşı olması məhsulun avtomatik olaraq daha faydalı və ya təhlükəsiz olması demək deyil.
Sağlam həyat tərzinin əsasını balanslaşdırılmış qidalanma, fiziki aktivlik, kifayət qədər yuxu və şəxsi gigiyena təşkil edir. Düzgün qidalanma orqanizmin enerji ehtiyacını ödəməklə yanaşı, toxumaların yenilənməsinə, normal maddələr mübadiləsinə və sağlamlığın qorunmasına dəstək verir.
Nəticə etibarilə, qida məhsulu seçərkən yalnız onun kalori miqdarına deyil, tərkibindəki zülalların, yağların, karbohidratların, vitaminlərin, mineral maddələrin və liflərin miqdarına, eləcə də təhlükəsizlik göstəricilərinə diqqət yetirmək lazımdır. Müxtəlif və balanslaşdırılmış qidalanma, təhlükəsiz qida seçimi və düzgün qida davranışları sağlamlığın qorunmasının mühüm şərtlərindəndir.
Ceyhun ƏLİYEV
“Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu” publik hüquqi şəxsin
Elmi araşdırmalar və risk analizi sektorunun böyük mütəxəssisi
Digər xəbərlər