NAXÇIVAN :

28 Noyabr 2026, Şənbə

Evliliklərinin 55 illiyi qeyd olunan Həsənovlar ailəsi ilə görüş keçirilib

...

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Culfa rayonunun Əbrəqunus kəndində yaşayan, evliliklərinin 55 illiyini qeyd edən Həsənovlar ailəsi ilə görüş keçirilib.
“Ailələrimizi tanıyaq” layihəsi çərçivəsində baş tutan görüşdə komitənin “Ailə könüllüləri” də iştirak ediblər.
“Şərq qapısı” xəbər verir ki, tədbirdə Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşı Elçin Məmmədəliyev belə uzunömürlü və nümunəvi ailələrlə keçirilən görüşlərin əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Könül Babayeva layihənin mahiyyətindən bəhs edərək qeyd edib ki, yeniyetmə və gənclərin iştirakı ilə ailə dəyərlərinin qorunması və gələcək nəsillərə ötürülməsi, xüsusilə də uzunömürlü və nümunəvi ailələrin həyat və evlilik təcrübəsindən yararlanmaq mühüm əhəmiyyət daşıyır.
Könül Babayeva Həsənovlar ailəsini 55 illik xoşbəxt evlilik yubileyi münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və övladları, nəvələri ilə birlikdə daha neçə xoşbəxt illər keçirməyi arzulayıb. O, belə ailələrin qarşılıqlı hörmət, sevgi, sədaqət və anlayış üzərində qurulan münasibətlərinin gənc nəsil üçün gözəl örnək olduğunu vurğulayıb.
Görüş zamanı Həsənovlar ailəsinin 55 illik birgə həyat yolu, ailə ənənələri və həyat təcrübəsi dinlənilib, ailə üzvləri ilə səmimi söhbət aparılıb.
Ailənin başçısı Səftər Həsənov və həyat yoldaşı Sərfinaz Həsənova onlara göstərilən diqqət və qayğıya görə dövlətə minnətdarlıqlarını bildiriblər.
Ailənin övladı Zaur Həsənov da görüşün təşkilinə və ailələrinə göstərilən diqqətə görə komitə nümayəndələrinə təşəkkürünü ifadə edib.
Qeyd edək ki, Səftər Həsənov 1946-cı ildə Culfa rayonunun Əbrəqunus kəndində, həyat yoldaşı Sərfinaz Həsənova isə 1953-cü ildə Culfa rayonunun Bənəniyar kəndində anadan olub. Səftər Həsənov uzun illər həkim kimi fəaliyyət göstərərək insanların sağlamlığının qorunmasına, onların müalicəsinə və cəmiyyətin sağlamlığına töhfə verib. Hazırda ailənin 3 övladı, 8 nəvəsi və 2 nəticəsi var.
Görüşün sonunda komitə tərəfindən Həsənovlar ailəsinə hədiyyə və gül buketi təqdim olunub.

Nəşr edilib : 28.11.2026 13:21