Səlahiyyətli nümayəndə Culfa rayonunda vətəndaşlar...
14:57 28.11.2026
0
0
0
NAXÇIVAN :
28 Noyabr 2026, Şənbə
Aqrar sahədə istehsalın genişləndirilməsi, məhsul çeşidinin artırılması və təsərrüfatların inkişafı istiqamətində atılan addımlar kənd təsərrüfatı ilə məşğul olan sahibkarların fəaliyyətində də özünü göstərir. Ənənəvi əkinçiliklə yanaşı, yeni istehsal sahələrinə yönəlmək, mövcud imkanlardan daha səmərəli istifadə etmək və il ərzində məhsul əldə etmək məqsədilə istixana təsərrüfatlarının yaradılması da bu baxımdan diqqət çəkir.
Şərur rayon Dərəkənd sakini Muraz Məmmədzadə uzun illərdir, bağçılıq və tərəvəzçiliklə məşğul olur. Təsərrüfatında müxtəlif kənd təsərrüfatı məhsullarının yetişdirilməsi ilə yanaşı, bu il fəaliyyətini genişləndirmək üçün istixana tikintisinə başlayıb. Muraz Məmmədzadənin sözlərinə görə, böyük bir ərazini əhatə edən istixana sahibkarın gələcək istehsal planlarında yeni mərhələ olacaq: “Uzun illərdir ki, təsərrüfatımızda daha çox kartof, soğan əkininə üstünlük verilsə də, məhsuldar şaftalı bağımız da var. Fəaliyyətimizi daha da inkişaf etdirmək və ilboyu məhsul istehsalına nail olmaq üçün bu il təsərrüfatımızı genişləndirmək qərarına gəldik. Bu məqsədlə 5500 kvadratmetr ərazidə müasir tələblərə cavab verən yeni istixana qururuq. Hazırda işlər sürətlə davam edir və yaxın 15 gün ərzində tikinti-quraşdırma işlərini tam başa çatdırmağı planlaşdırırıq”.
Yeni istixananın istifadəyə verilməsi təsərrüfatda ilboyu tərəvəz istehsalının təşkilini nəzərdə tutub. Sahibkarın istixana şəraitində ildə iki dəfə məhsul götürmək planı da istehsalın davamlılığını təmin etmək məqsədi daşıyır.
Gələcək əkin planlarından söz açan təsərrüfatçı qeyd edib: “İstixananı istifadəyə verdikdən sonra ilk olaraq pomidor yetişdirməyi planlaşdırırıq. Bu sahədə fəaliyyətimizə yeni başlayırıq, ona görə də ilk ilimiz olacaq. Məqsədimiz istixanada mövsümə uyğun əkin aparmaqdır. Yazda pomidor, payızda isə xiyar əkərək il ərzində iki dəfə məhsul götürməyi nəzərdə tuturuq. Gələcəkdə bu istiqamətdə təcrübəmizi artıraraq istehsalı daha da genişləndirmək istəyirik”.
Təsərrüfatın əsas istiqaməti isə hazırda kartofçuluqdur. Geniş əkin sahələrində yetişdirilən kartof məhsulu mövsüm ərzində toplanaraq saxlanılır, satış üçün uyğun vaxt gözlənilir. Sahibkarın sözlərinə görə, ötən illə müqayisədə əkin sahəsində müəyyən dəyişiklik olsa da, kartof istehsalı təsərrüfatın başlıca fəaliyyət sahəsi olaraq qalır: “Kartofçuluqda uzunmüddətli təcrübəmiz var. Hazırda 30 hektar ərazidə kartof əkini ilə məşğuluq. Ötən il isə təxminən, 35 hektar sahədə aqrotexniki qaydalara uyğun şəkildə kartof əkini aparılıb. Düzgün qulluq və vaxtında aparılan becərmə işlərinin nəticəsində 1200 tona yaxın yüksəkkeyfiyyətli məhsul əldə etmişik. Hazırda yığılan məhsul keyfiyyətini itirməməsi üçün müasir soyuducu anbarda saxlanılır və daxili bazarın tələbatına uyğun olaraq yaxın vaxtlarda mərhələli şəkildə satışa çıxarılacaq”.
Əkinçilikdə məhsulun yetişdirilməsi ilə yanaşı, onun düzgün saxlanılması və bazara çıxarılması da təsərrüfat fəaliyyətinin mühüm mərhələlərindən biridir. Ötən mövsüm əldə olunan kartofun soyuducu anbarda saxlanılması məhsulun satışının mərhələli şəkildə həyata keçirilməsinə imkan verir. Təsərrüfatda yeni istixananın qurulması isə gələcəkdə istehsalın müxtəlif istiqamətlər üzrə inkişaf etdirilməsi niyyətini ortaya qoyur.
Dərəkənddə həyata keçirilən bu təşəbbüs ənənəvi əkinçilik təcrübəsinin yeni istehsal sahələri ilə tamamlanması, təsərrüfat imkanlarının genişləndirilməsi və kənd təsərrüfatında fərqli yanaşmaların tətbiqinə yönəlib. Yeni istixananın istifadəyə verilməsi ilə sahibkarın pomidor və xiyar yetişdirilməsi üzrə ilk təcrübəsi də başlayacaq. Bu isə təsərrüfatın gələcək fəaliyyətində yeni mərhələnin əsasını qoyacaq.
Elnurə CƏFƏROVA
Digər xəbərlər