NAXÇIVAN :

18 May 2025, Bazar

Eksponatların yaddaşı

...

Muzeylərin inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

Ümummilli Lider Heydər Əliyevin xidmətlərini xatırlayarkən onun Azərbaycanın mədəniyyətinə, incəsənətinə, tarixi-mədəni irsinin öyrənilməsinə və təbliğinə göstərdiyi diqqət və qayğını xüsusi qeyd etməliyik. Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci mərhələsində – ötən əsrin 70-80-ci illərində mədəniyyətin və incəsənətin bütün sahələri kimi, milli-mədəni sərvətlərimizin qorunub saxlanıldığı və təbliğ olunduğu muzeylərimiz də inkişaf etmiş, onların şəbəkəsi genişlənmiş, maddi-texniki bazası  möhkəmləndirilmişdir.

Xalqımızın böyük oğlu Heydər Əliyev birinci dəfə Azərbaycana rəhbər seçildiyi zaman Naxçıvanda cəmi iki muzey var idi. Onlardan biri 1924-cü ildə yaradılmış Naxçıvan Dövlət Tarix Muzeyi, digəri isə 1967-ci ildə təşkil edilən Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyi idi. Məhz Ulu Öndərin respublikaya rəhbərliyinin ilk ilində “Respublikada muzey işinin yaxşılaşdırılması haqqında” qəbul edilən qərar Azərbaycanın bütün muzeyləri kimi, Naxçıvandakı muzeylərin də gələcək inkişafında böyük rol oynamışdır. Muzey işinə qayğı və diqqət dahi rəhbərin fəaliyyətində daim xüsusi yer tutmuşdur. Məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1970-ci ilin yanvarında qəbul edilən muzey işinə dair qərardan sonra Azərbaycanın bir çox yerlərində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da müxtəlif profilli muzeylər yaradılmışdır. Ümummilli Lider Heydər Əliyevin qayğısı ilə Ordubad rayonunda 1972-ci ildə görkəm­li ədib M.S.Ordubadinin, 1975-ci ildə isə akademik Yusif Məmmədəliyevin ev-muzeylərinin təşkil edilməsi dediklərimizə əyani sübutdur.

Dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1980-ci ildə muzey işinə dair yeni bir qərarın qəbulu respublikada muzeylər şəbəkəsinin inkişafına, bu işə rəhbərliyin təkmilləşdirilməsinə geniş imkanlar yaratmış və bölgələrdə tarix-diyarşünaslıq muzeylərinin açılmasına stimul olmuşdur. Həmin  qərardan sonra 1980-1982-ci illərdə respublikanın rayonlarında 30-a qədər, o cümlədən Naxçıvan Muxtar Respublikasının Şərur, Babək, Ordubad, Culfa və Şahbuz rayonlarında tarix-diyarşünaslıq muzeyləri, Naxçıvan şəhərində isə Hüseyn Cavidin və Cəmşid Naxçıvanskinin ev-muzeyləri yaradılmışdır.

Muzey yaradılması sahəsində ötən əsrin 70-ci illərindən başlayaraq Ulu Öndərin təşəbbüsü ilə həyata keçirilən tədbirlər ölkəmiz öz müstəqilliyini əldə etdikdən sonra da davam etdirilmişdir. Milli-mədəni sərvətlərimizin qorunub gələcək nəsillərə çatdırılması sahəsində muzeylərin rolunu yüksək qiymətləndirən və yeni muzeylərin yaradılmasının təşəbbüskarı olan dahi şəxsiyyət Heydər Əliyev deyirdi: “Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr əsasında tərbiyə etmək üçün muzeylər lazımdır”. Ulu Öndərin bütün dövrlərdə öz aktuallığını qoruyub saxlayan bu tövsiyələri həm Bakıda, həm də bölgələrdə uğurla həyata keçirilmişdir. Naxçıvan Dövlət Xalça Muzeyinin, Naxçıvan şəhərində C.Məmmədquluzadənin ev-muzeyinin, Heydər Əliyev Muzeyinin, Xatirə Muzeyinin, Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyinin, Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyinin, Əcəmi Seyrəngahında Açıq Səma Altında Muzeyin, Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyinin, Kəngərli rayonunun Şahtaxtı kəndində Şahtaxtinskilər Muzeyinin, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin fəaliyyətə başlaması dediklərimizə bariz nümunədir.  Artıq Naxçıvan Muxtar Respublikasında geniş muzeylər şəbəkəsi mövcuddur. Muxtar respublikada  müxtəlif profilli muzeylər yaradılmış, mövcud muzeylərin yerləşdikləri binalarda əsaslı yenidənqurma işləri aparılmış, onların maddi-texniki bazası möhkəmləndirilmişdir.

Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə dəfələrlə Naxçıvanda olmuş, muxtar respublikanın sosial-mədəni obyektlərini, xüsusən də   tarixi irsi özündə saxlayan muzeyləri ziyarət etmişdir. 1999-cu ildə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 75 illik yubileyində iştirak edərkən görkəmli yazıçı və dramaturq Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki ev-muzeyinin açılış mərasimində iştirak etmişdir. Ulu Öndəri­miz, həmçinin Heydər Əliyev Muzeyində, Naxçıvan Dövlət Xalça Muzeyində, görkəmli ədib Hüseyn Cavidin məqbərəsində və ev-muzeyində də olmuş, 2002-ci ilin iyun ayında Naxçıvana səfəri zamanı Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyinin açılışında iştirak etmişdir.

Yeni muzeylər yaratmaq, onların maddi-texniki bazasının möhkəmləndirilməsinə və iş şəraitinin yaxşılaşdırılmasına hərtərəfli qayğı göstərmək ənənəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” ölkə Prezidentinin Sərəncamı muzeylərə dövlət qayğısının bariz nümunəsidir.

Tariximizin və milli dəyərlərimizin qorunub saxlandığı muzeylərə diqqət və qayğı sahəsində əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan ənənələrin davam etdirilməsi, bütün sahələrdə olduğu kimi, muzeylərə qayğı sahəsində də dahi şəxsiyyət Heydər Əliyev ideyalarına sadiqlik nümunəsidir.

Bu gün sirr deyil ki, qədim Naxçıvan tarixi və təbiət abidələri, çoxsaylı mədəniyyət müəssisələri, eləcə də muzeylərlə zəngindir. Bu, bir tərəfdən, xalqımızın qədim tarixə, zəngin mədəniyyətə malik olması ilə bağlıdırsa, digər tərəfdən, bu, tarixi, mədəniyyəti yaratmış böyük şəxsiyyətlərə məxsusluğu ilə əlaqədardır. Təbii ki, muzeylər həm də istənilən şəhər, bölgə haqqında ilkin və ən dolğun mənbələr rolunu oynayır. Elə Qoca Şərqin qapısı sayılan Naxçıvanın paytaxt şəhəri də, yuxarıda qeyd etdiyimiz kimi, müxtəlif profilli muzeyləri ilə tanınır. Belə muzeylərdən biri də şəhərin qərb hissəsində – Əcəmi seyrəngahında yerləşən “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksidir.

Muzey kompleksində nümayiş olunan eksponatların əksəriyyəti Azərbaycanın, o cümlədən Naxçıvanın qədim və orta əsrlər, xanlıqlar dövrü tarixlərinin öyrənilməsi üçün əsas mənbələrdir. Kompleksə daxil olan muzeylər həm mədəniyyət ocaqları, həm də tarixi abidələr kimi dünya mədəniyyəti tarixi üçün olduqca əhəmiyyətli hesab olunur və fondların zənginləşdirilməsi diqqət mərkəzində saxlanılır. Fəaliyyəti dövründə muzeyi hər il 150-200 mindən artıq müxtəlif kateqoriyalı tamaşaçı ziyarət edir. Burada elmi konfranslar, distant və açıq dərslər, eksponat təqdimatları keçirilir. Həmçinin muzeyin ərazisində müxtəlif dövlət tədbirləri, bayram və şənliklər təşkil olunur.

Ərazinin yaşıllıqlarla əhatə olunması, burada istirahət üçün hərtərəfli şərait yaradılması bu kompleksin böyük əhəmiyyət daşıdığının göstəricisidir. Muxtar respublikaya gələn turistlərin, əcnəbilərin, demək olar ki, hamısı bu muzeyin ərazisini ziyarət edir, möhtəşəm kompleks barədə təəssüratlarını bildirirlər. May ayının 3-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və ailə üzvləri Naxçıvana səfəri çərçivəsində bizim muzeyi də ziyarət etmişlər.

Ölkəmizin digər bölgələrindən, həmçinin xarici ölkələrin müxtəlif turizm şirkətləri tərəfindən göndərilən qrupların səyahət planında da bu mədəniyyət müəssisəsinin adı hər zaman ön yerdə olur. Bir sözlə, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksini mədəni istirahət baxımından ideal məkan sayanlar öz qənaətlərində yanılmırlar.

Muzey kompleksinin yerləşdiyi ərazi həm də öz aurası ilə seçilir. Bütövlükdə, Azərbaycanın dövlətçilik tarixinin izlərini yaşadan abidələr sanki əvvəldən düşünülərək bu ərazidə yerləşdirilib: Atabəylərin yadigarı Möminə xatın türbəsi, Naxçıvan xanlarının iqamətgahı Xan sarayı, müstəqil Azərbaycan dövlətinin banisi – Ümummilli Lider Heydər Əliyevin möhtəşəm abidəsi, ümumilikdə, Əcəmi seyrəngahını hər birimiz üçün dəyərli edir.

“Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin kollektivi dövlətimizin maddi-mədəni irsə böyük qayğısından bəhrələnərək gələcəyimiz olan gənclərimizə qəhrəmanlıqlarla dolu keçmişimizi, zəngin dövlətçilik tariximizi, milli-mənəvi dəyərlərimizi, xalqımızın minilliklərdən süzülüb gələn mədəni irsini təbliğ etmək istiqamətində səy və bacarığını bundan sonra da əsirgəməyəcək.

Zülfiyyə ƏLİYEVA

“Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və

Açıq Səma Altında Muzey Kompleksinin baş fond mühafizi, elmi işçi

Nəşr edilib : 18.05.2025 12:00