NAXÇIVAN :

30 Oktyabr 2026, Cümə

Ələkbər Qasımov: "Cavidin yaradıcılığı olmasaydı, milli dramaturgiyamız və teatrımız böyük bir boşluqla üzləşərdi"

...

“Hüseyn Cavidin anadan olmasının 144-cü ildönümünün Naxçıvan Dövlət Milli Dram Teatrının binasında qeyd edilməsi əlamətdar hadisədir. Uzun müddətdən sonra ilk dəfə belə bir tədbirin Cavidin ev-muzeyindən kənarda, teatrın salonunda, paytaxtdan gələn qonaqların iştirakı ilə keçirilməsi xüsusi əhəmiyyət daşıyır”. Bu sözləri “Şərq qapısı”na müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov deyib.
Müsahibimiz tədbirdə səmimi çıxışların olduğunu qeyd edərək özünün də Hüseyn Cavid və teatr mövzusunda çıxış etdiyini bildirib. O, dahi dramaturqun həm Naxçıvan teatrının, həm də bütövlükdə, Azərbaycan teatrının inkişafına verdiyi töhfələrdən danışıb. Qeyd edib ki, Hüseyn Cavidin yaradıcılığı olmasaydı, milli dramaturgiyamız və teatrımız böyük bir boşluqla üzləşərdi. Bu gün onun bəşəri dəyərləri əks etdirən əsərlərinin teatrların repertuarında yer alması sənətkarın ölməzliyinin göstəricisidir.
Ələkbər Qasımov Hüseyn Cavidin dünya dramaturqları sırasında layiqli yer tutduğunu, gələcəkdə əsərlərinin müxtəlif dillərə tərcümə edilərək dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırılacağına inandığını bildirib. O hətta Şekspirin İngiltərədə tutduğu mövqeyə bənzər bir yanaşmanın Cavidə münasibətdə də formalaşa biləcəyini vurğulayıb.
Müsahibimiz gənclərin Hüseyn Cavidin irsinə, dramaturgiyasına və poeziyasına böyük maraq göstərməsinin, onun əsərlərini dərindən öyrənməsinin vacibliyini qeyd edib. Bildirib ki, Cavidin hər bir əsəri müasir gənclik üçün örnək və çağırışdır.
Sonda Ələkbər Qasımov Hüseyn Cavidin adının və irsinin əbədi yaşayacağına əminliyini ifadə edərək dahi sənətkarın ruhuna rəhmət diləyib.

Zəhra VƏLİYEVA

Nəşr edilib : 23.10.2026 13:09