Böyük Britaniyanın Ticarət üzrə elçisi Lord Alderd...
20:22 14.12.2025
0
0
0
NAXÇIVAN :
14 Dekabr 2025, Bazar
Bir şəhidin dilindən
Bu mənəm, qəhrəman Babəkin adını daşıyan şəhərdə, Hacıyevlərin ailəsində dünyaya gələn oğul. Anam Fatma xanımın gözünün ilki, atam Bayram kişinin ilk oğul payı. İlk sözü ana, Azərbaycan, Vətən olan, azadlıq sevər Babəkin qəhrəman davamçılarından olmaq istəyən Şükür.
Mən dünyaya gələndə yurdumuz azad idi, “Azərbaycanlıyam” kəlməsini öyrətdilər bizə məktəbə ilk qədəm atanda. Müstəqil Vətənin övladı olaraq böyüsəm də, xalqımız yenicə müstəqillik qazananda azadlığın sevincini yaşamağa macal tapmamış mənfur düşmən cənnət Qarabağı işğal etmişdi. Mən böyüyüb hərbçi olmaq istəyirdim, o torpaqları azad etmək üçün. Arzuma çatdım, Ulu Öndərin adını daşıyan hərbi liseyi bitirib, Ali Hərbi İnstituta daxil oldum. Elə böyük həvəslə gözləyirdim ki, irəli atılıb düşmənə qalib gəlməyi. Başım üstə dalğalanan müqəddəs bayrağı Şuşaya, Suqovuşana sancmaq üçün tələsirdim. Sanki Tanrı da duydu qəlbimdəki arzunu. Yenicə leytenant rütbəsini çiynimə taxmışdım ki, haqq savaşı başladı. Vətəni bütövləşdirmək kimi şanlı vəzifə bizə verildi. Anamdan, atamdan halallıq istəyib döyüşlərə qatılanda “Babək kimi ol”, “Azadlıq, sülh carçısı ol”, – dedilər. Və həmin gün gəldi. Haqqımızı haqq elan etdi Tanrı həmin gün. Ürəyimizdə düşmənə nifrət hissi, Qarabağ yanğısı ilə döyüşə atıldıq. Şəhid yoldaşlarımızı çiynimizdə daşıyıb zəfərə can atdıq. Suqovuşana bayrağımızı sancıb qələbə ilə müjdələdik xalqımızı. Zəfər elə yaraşdı ki, hüsnünə Vətənimin düşmən gülləsinə tuş gələndə uf demədən yumdum gözlərimi. Qarış-qarış azad edəndə torpağı bəy köynəyini kəfənlə əvəz etməyə hazır idim çünki. Və etdim də.
Mən, Şükür Hacıyev Vətəni canından çox sevən, toy xonçası məzarını bəzəyən, hər gün anasının yolunu gözləyən cənnət sakini. Məzar daşı gözyaşı ilə silinən, gənc zabit, 21 yaşında şəhidlik şərbəti içən oğul. Çiçək olub Vətən torpağında açan, azan olub azad Şuşanın məscidlərinin minarələrindən səslənən Şükür. Laçında, Xocalıda gülüş səsləri eşidilən körpələrə bütöv Vətən ərməğan edən üç min şəhiddən biri.
İllər keçəcək, hər il yaşım da dəyişəcək, məzarım üstə dayanan insanların siması da, sayı da dəyişəcək. İndi məzar başında dayanıb “Vətən” şeiri söyləyən, sinə daşımı bəzəyən “Kəlbəcərin azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “Vətən uğrunda” medallarına, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə tamaşa edib qəhrəmanlıq tarixini daşlara həkk etdiyimiz kəlmələrdən öyrənən bu körpələr də böyüyüb gənc olacaq. Bütöv Vətənin xoşbəxt gəncləri. Yarım qalan xəyallarımızın davamçıları.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər