NAXÇIVAN :

15 Yanvar 2026, Cümə axşamı

Ən yüksək rütbəyə çatan qəhrəman

...

Qədim Naxçıvanın igidlər yurdu Kəngərlidəyik. Qəhrəmanovların ocağına üz tutmuşuq. Qıvraq qəsəbəsi böyük yer olsa da, ünvanı heç kimdən soruşmadan gedirik. Çünki qələbə bayraqları yol göstərir bizə. Həyətə çatırıq, Niyaməddin atanı iş başında görürük. Oğlu Elməddinə öz həyətyanı sahələrində ayrıca otaq inşa edib, muzey yaradıb onun həyətini sahmana salır. 
Vətən bizim həm namusumuz, qeyrətimiz, həm də var oluşumuzdur deyir qürurlu ata: “Oğlum hərbçi olmaq istəyini mənə deyəndə Qarabağın işğalı, Xocalı faciəsi, evindən didərgin düşmüş insanlar gəldi ağlıma. Çünki yaxşı bilirdim ki, erməni kimi düşməni olan ölkənin hərbçisinin çiyinlərində necə ağır bir yük var. Hərbçi olmaq istəyən gənc cəsarətlidir, amma müharibə şəraitində olan bir dövlətin zabiti olmaq istəyən gənc isə artıq şəhadət şərbətini içməyə hazır olan gəncdir. Onun bu istəyi ilə razılaşanda sevincini görmək məni qürurlandırdı. Onunla fəxr edirəm, çünki başımızı uca etdi, bizə qələbə gətirdi”. 
Ata ilə söhbətimizə qoşulur Təranə ana, bizi oğlunun otağına dəvət edir. İçəri giririk. Otağın hər tərəfindən bizə “baxır” Elməddin. Ucaboylu, sərvqamətli, gülərüzlü, yaraşıqlı bir oğul. Anasının doya-doya qucaqlaya bilmədiyi, nişan xonçaları məzarına düzülən Vətəni yarından, anasından, canından çox sevən igid. Sevib-seçdiyi hərbi formalarına, son dəfə ayağına geyindiyi çəkmələrə baxıram.  Çəkmələr təmizdir, bircə altında palçıq qalıb. 
“Həmin gün bu çəkmələr var imiş ayağında, yumağa qıymadım. Axı Qarabağ torpağıdır, illərlə həsrət qaldığımız torpaq. Balalarımızın qanı axan torpaqdı o”, – deyir qəhrəmanın anası. “Uşaq vaxtlarından həvəsli idi. Zabit olmaq istəyirdi, qəsəbədə yerləşən hərbi hissəyə gedib-gələn hərbçilərə baxır, “Mən də zabit olmaq istəyirəm”, – deyirdi. Hər dəfə “Çox çətindi bu sənət, ağırdı, ay bala, başqa sənət seç”, – desəm də faydası olmurdu. Anayam axı, ürəyim dözmədi, dedim, qoy balam arzusuna çatsın. Naxçıvan şəhərindəki hərbi liseyə qəbul oldu, sonra Bakıya uzandı yollarımız. Təhsilini bitirib evə gələndə özünə təzə hərbi forma almışdı. Əyninə geyinib paqonlarını çiyninə taxıb, çölə çıxdı. Balamın uca boyuna, yaraşıqlı simasına elə gözəl yaraşırdı ki, hərbi forma. Qucaqlayıb, “Ay Elməddin, necə yaraşıqlı olmusan, gün o gün olsun, general olasan. Niyyət edirəm general olanda sənin hərbi formanı özüm alacam” dedim. O isə məni lap möhkəm sinəsinə sıxıb, ay ana, generaldan da böyük rütbə var, sən dua elə mən ona çatım. Amin dedim oğlumun arzusuna. Mən o an haradan bilərdim ki, balam özünə şəhidlik arzulayırmış. 
Təranə ana deyir: “Elməddin xidməti vəzifəsini 2018-ci ildən Ağdamda yerinə yetirdi. Vətən müharibəsi başlayan günlərdə də orada idi. İmkan olanda zəng vurardı, danışardı. Hər dəfə “Narahat olmayın, vəziyyət yaxşıdır, düşmənin nəfəsi kəsilir artıq”, – deyərdi. Oktyabrın 6-sı dan yeri ağarandan sanki ürəyimə od düşmüşdü, yanırdı. Demə, hiss edirmişəm balamın son nəfəsini. O ən böyük arzusuna çatıb, ən yüksək rütbəni qazandı. Özü gələndən sonra çiynində gəzdirməyə macal tapmadığı baş leytenant rütbəsi,   3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə” medalları gəldi.  Onun arzusu yerinə yetdi, mənim isə onun üçün qurduğum xəyallar soyuq bir daş oldu. Bircə təsəllim var, onun ayağının dəydiyi yerdə güllər bitir artıq”. 
Qəhrəman yetişdirən ana-ata ilə sağollaşır, Naxçıvan şəhərinə uzanan magistral yol ilə şəhərə qayıdırıq. Kəngərli rayon Bayraq Meydanında bizi “yola salan”qürurla dalğalanan bayrağımıza baxıram və öz-özümə deyirəm: “İndi o daha böyük bir qürurla dalğalanır. Çünki o qalib ordunun Müzəffər Ali Baş Komandanın əlləri ilə Qarabağda göylərə yüksəldi. O, igid oğullara bəy köynəyi oldu”. 

Ramiyə ƏKBƏROVA 
 

Nəşr edilib : 14.10.2025 16:54