NAXÇIVAN :

16 Sentyabr 2026, Çərşənbə

Enerji Dialoqu Platforması çərçivəsində Etilen-Polietilen Zavoduna media-tur təşkil olunub

...

20 Sentyabr – Neftçilər Günü ərəfəsində SOCAR-ın Enerji Dialoqu Platforması çərçivəsində Etilen-Polietilen Zavoduna media-tur təşkil olunub.
"Şərq qapısı" xəbər verir ki, otuzdan çox media qurumundan nümayəndənin iştirak etdiyi media turda əvvəlcə zavodun fəaliyyəti, istehsal gücü, ötən illər ərzində burada həyata keçirilmiş modernizasiya layihələri barədə iştirakçılara ətraflı məlumat verilib.
Bildirilib ki, SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin (İB) 2026-cı ildə istehsal gücündən istifadə göstəricisinin 85 faizdən çox olacağı gözlənilir. Müəssisə 2025-ci ildə istehsal gücündən 86 faiz istifadə edib.
“Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen Zavodu ölkəmizin neft-kimya sənayesində böyük paya sahibdir. Etilen-Polietilen zavodunda ildə 187 min ton propilen, 190 min ton etilen və 120 min ton polietilen istehsal olunur. Zavodun yüksəktəzyiqli polietilen istehsalı üzrə Polimir-120 qurğusunun illik istehsal gücü 120 min ton təşkil edir. Burada LDPE (aşağısıxlıqlı polietilen) istehsal edilir.
Zavodun tərkibində müasir texnologiyalı “EP-300” istehsalatı, “Polimir-120” istehsalatları və BEEİ (buxar və elektrik enerjisi istehsalatı) ilə yanaşı, 2013-cü ildən yeni Azot-oksigen və Su Soyutma qurğuları istifadəyə verilib. “EP-300“ qurğusunda xammal kimi H.Əliyev adına NEZ-dən qəbul edilən ilkin emal benzini ilə yanaşı, texniki butan (LPG), quru qaz fraksiyası (C1-C2) və texniki propan (PPF) fraksiyası da alınır ki, onların emalı nəticəsində əsas məhsullardan əlavə digər aralıq məhsullar da istehsal edilir. Əlavə məhsullar isə BBF (butilen-butadien fraksiyası), maye piroliz qətranı, ağır qətran, hidrogen, metan-hidrogen, etan, propan fraksiyalarıdır. Zavodun tərkibində həm də texniki və mütləqləşdirilmiş izopropil spirti sahələri fəaliyyət göstərir. 1966-cı ildə istismara verilən bu qurğunun layihə gücü illik 25 000 tondur. Ümumiyyətlə, zavodda istehsal olunan məhsullar həm daxili tələbata, həm "SOCAR Polymer" MMC və "Azneft" İB-ə, həm də satışa verilir.
SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin Proses üzrə direktoru Samir Səlimli qeyd edib ki, Etilen-Polietilen zavodunda 2026-cı ildə əsaslı təmir işlərinin aparılması nəzərdə tutulmayıb və müəssisə tam normal rejimdə fəaliyyət göstərib. O bildirib ki, növbəti əsaslı təmirin 2027-ci ilin ikinci rübündə keçirilməsi planlaşdırılır.
“Müəssisədə 2016-2021-ci illərdə genişmiqyaslı modernizasiya və yenidənqurma işləri həyata keçirilib. Hazırda müəssisə normal fəaliyyət göstərir. Modernizasiya və yenidənqurma layihəsindən sonra müəssisənin əsaslı təmir məqsədilə dayandırılması ildə bir dəfədən iki ildə bir dəfəyə keçirilib. Növbəti hədəf bu müddətin üç və dörd ilə qədər artırılmasıdır”,- deyə o qeyd edib.
Onun sözlərinə görə, hal-hazırda avtomatika və idarəetmə sistemlərinin yenilənməsini əhatə edən növbəti modernizasiya layihəsi aktiv fazadadır: “Layihənin mühəndislik mərhələsi 95 faiz tamamlanıb və növbəti ildən sahə işlərinə start veriləcək. Müəssisədə müxtəlif məhsullar üzrə istehsal gücü 50, 90, 120 və 187 min ton təşkil edir. Müəssisənin məhsullarının satışında ixracın payı təxminən 90 faiz təşkil edir. Daxili bazarın tələbatı təmin edildikdən sonra məhsullar Türkiyə, Estoniya, digər Avropa ölkələri, Çin və başqa istiqamətlərə ixrac olunur. 2016–2021-ci illərdə icra edilən layihə çərçivəsində məhsuldarlıq etilen üzrə 40 faiz, propilen üzrə isə 70 faiz artırılıb və qurğular artıq 5 ildir ki, bu güclə fəaliyyət göstərir”.
Qeyd olunub ki, zavodda Etilen, Polietilen, eləcə də Buxar və Elektrik Enerjisi İstehsalatı (BEEİ) fəaliyyət göstərir. Rekonstruksiya və modernizasiya işlərindən sonra Etilen İstehsalatının illik layihə gücü etilen üzrə 190 min tona, propilen üzrə isə 187 min tona çatdırılıb. 2001-ci ildə istismara verilmiş BEEİ zavodun istehsalat sahələrinin buxar və elektrik enerjisi ilə təmin olunmasına xidmət edir.
Daha sonra media təmsilçiləri zavodun istehsalat sahələri ilə tanış olublar.

Nəşr edilib : 16.09.2026 19:20