NAXÇIVAN :

23 Yanvar 2026, Cümə

Ev tikmək, yoxsa almaq daha sərfəlidir?

...

Son illərdə ölkəmizdə ev sahibi olmaq istəyənlərin sayı gündən-günə artmaqdadır. Kimisi uzun illər ərzində yığdığı vəsaiti hazır ev almağa sərf edir, kimisi isə lazım olan tikinti materiallarını özü alaraq xəyallarındakı evi inşa etməyə çalışır. Bəs görəsən, bugünkü bazar şəraitində ev tikmək daha sərfəlidir, yoxsa hazır ev almaq?

Bu sual ətrafında təcrübəli əmlak agenti, makler Rəsul Talıbovla söhbət etdik. 11 illik təcrübəyə sahib olan müsahibimiz söhbətində bu məsələnin göründüyündən daha mürəkkəb olduğunu bildirdi.

– Sizcə, bugünkü bazar şəraitində ev tikmək, yoxsa hazır ev almaq daha sərfəlidir?

– Tikinti sahəsində çalışan şəxslər üçün ev tikmək, hazır ev almağa nisbətən daha sərfəlidir və ümumilikdə, ucuz başa gəlir. Lakin fərqli sahədə çalışan biri üçün bu proses həm daha əziyyətli, həm də daha çox xərc tələb edir. Belə hallarda insanlar, adətən, tikinti şirkətlərinə üz tuturlar. Əgər torpaq sahəsi bazar qiymətinə uyğun alınıbsa, ev tikdirmək, hazır ev almaqla müqayisədə, təxminən, 15-20 faiz daha ucuz başa gələ bilər.

Tikinti sahəsində təcrübəsi olmayan bir şəxs ev tikdirmək istəyirsə, mütləq şəkildə etibarlı və peşəkar podratçı şirkətə müraciət etməlidir. Tikinti şərtləri barədə razılığa gəldikdən sonra müvafiq müqavilə bağlanmalı, həmin müqavilədə isə evin tikintisində istifadə olunacaq bütün materiallar konkret şəkildə göstərilməlidir.

– Sıfırdan ev tikməyə başlayan müştərilər mütləqdir ki, hansısa problemlərlə üzləşirlər…

– Bəli, sıfırdan ev tikməyə başlayan müştərilərin sonradan bir sıra çətinliklərlə qarşılaşması reallıqdır. Bu çətinliklərin əsas səbəbləri arasında büdcənin düzgün planlaşdırılmaması, etibarsız usta və podratçılarla işləmək, sənədləşmə və icazə məsələlərindəki problemlər, vaxt itkisi və yorğunluq xüsusi yer tutur. Eyni zamanda tikinti prosesi uzandıqca psixoloji yorğunluq artır və nəticədə, motivasiya azalır.

Məhz bu kimi səbəblərdən yarımçıq qalan tikililərə tez-tez rast gəlinir. Bu da bir daha onu göstərir ki, tikinti işlərinə başlamazdan əvvəl hər bir detal diqqətlə düşünülməli, etibarlı mütəxəssislərlə işlənilməlidir.

– Hazır ev alanlar üçün hansı üstünlüklər var? Onlara nə tövsiyə edirsiniz?

– Hazır ev alarkən əsas üstünlük ondan ibarətdir ki, tikinti müddətini gözləməyə ehtiyac qalmır və alıcı evə dərhal köçə bilir. Bu isə xüsusilə təcili mənzil ehtiyacı olan insanlar üçün ən gözəl imkandır. Eyni zamanda hazır evdə alıcı evin planını, ölçüsünü, işıqlandırmasını, ətraf mühiti və qonşuluğu əvvəlcədən görərək qərar verir. Bu da gözləntilərlə reallıq arasında fərqin yaranmasının qarşısını alır.Bundan əlavə, hazır evlərə banklar tərəfindən ipoteka krediti daha asan və sürətli şəkildə ayrılır, çünki həmin daşınmaz əmlak artıq tam şəkildə qiymətləndirilə bilir.Alıcılara əsas tövsiyəm odur ki, evi almamışdan əvvəl mütəxəssislə birlikdə texniki baxış keçirsinlər. Su, elektrik, istilik sistemi, sızmalar, rütubət kimi məqamlara xüsusi diqqət yetirsinlər. Eləcə də evin real bazar dəyərini öyrənmək vacibdir. Əgər qiymət şişirdilibsə, mütləq şəkildə satıcı ilə danışıqlar aparmaqdan çəkinməsinlər.

– Torpaq sahəsi olan biri üçün ev tikmək həqiqətən sərfəlidirmi?

– Torpaq sahəsi olan biri üçün ev tikmək bəzi hallarda, doğrudan da, sərfəlidir. Lakin bu hər kəs üçün keçərli və avtomatik olaraq doğru seçim demək deyil. Burada əsas məsələ şəraitin uyğun olub-olmamasıdır. Əgər torpaq çıxarışlıdırsa, qaz, su, işıq və kanalizasiya kimi infrastrukturlar hazırdırsa və tikintiyə rəsmi icazə almaq mümkündürsə, bu zaman ev tikmək, həqiqətən də, sərfəli ola bilər.

Eyni zamanda şəxsin tikinti prosesinə birbaşa nəzarət imkanı və ya etibar etdiyi podratçısı varsa, büdcəsini düzgün planlaya və maliyyəni idarə edə bilirsə, bu da böyük üstünlükdür. Bundan əlavə, əgər vaxt baxımından təcili mənzil ehtiyacı yoxdursa və alıcı prosesə səbir və diqqətlə yanaşmağa hazırdırsa, bu zaman tikinti daha məqsədəuyğun sayılır.

Əks halda, yəni vaxt, təcrübə, nəzarət və sənədləşmə baxımından çətinliklər varsa, hazır ev almaq daha praktik, rahat və risksiz seçim ola bilər.

– Əmlak bazarında daha çox hansı növ müştəri üstünlük təşkil edir – ev tikmək istəyənlər, yoxsa hazır ev axtaranlar?

– Hazırda əmlak bazarında daha çox hazır ev axtaranlar üstünlük təşkil edir. Bunun əsas səbəbləri arasında vaxt amili, tikinti üçün standartlara cavab verən torpaq sahəsi tapmağın çətinliyi, tikinti ilə bağlı stress və risklərdən qaçmaq istəyi, eləcə də hazır evlərə ipoteka və digər kredit imkanlarının daha əlçatan olması dayanır.

Ev tikmək istəyənlər də var, lakin onların sayı nisbətən azdır. Bu qrupa, əsasən, tikinti sahəsində çalışanlar, şəxsi torpaq sahəsi olanlar və etibar edə biləcəyi podratçı ilə işləmək imkanına malik şəxslər daxildir. Bu insanlar üçün ev tikmək daha məntiqli və sərfəli hesab olunur.

– Tikilən evlə hazır ev arasında keyfiyyət baxımından nə kimi fərqlər olur?

– Əgər tikilən evin keyfiyyətinə birbaşa nəzarət edilirsə, nəticə daha etibarlı və istənilən səviyyədə olur. Çünki istifadə edilən materiallar, işin gedişi və ümumi standartlar sahibin nəzarəti altında olur. Hazır evlərdə isə sürət və rahatlıq baxımından üstünlüklər olsa da, keyfiyyət məsələsində müəyyən risklər mövcuddur. Alıcı hər detalı bilmədiyi üçün bəzi gizli qüsurlar sonradan üzə çıxa bilər. Bu səbəbdən hazır ev alarkən texniki baxış və ekspertiza mütləqdir.

– Gələcəkdə bu sahədə hansı tendensiyaları gözləyirsiniz? Hazır evə maraq artacaq, yoxsa tikinti seçiləcək?

– Mənim fikrimcə, gələcəkdə əmlak bazarında həm hazır evlərə, həm də tikintiyə maraq olacaq. Sadəcə, bu maraq müəyyən dövrlərdə iqtisadi şəraitə uyğun olaraq dəyişəcək. Yaxın gələcəkdə hazır evlərə olan tələbatın artacağı gözlənilir. Bunun əsas səbəbi sürət, rahatlıq və maliyyə mexanizmlərinin (ipoteka, kredit və sair) hazır evlərə daha uyğun olmasıdır.Orta və uzunmüddətli dövrdə isə, yəni 3-10 il ərzində insanların yenidən ev tikdirməyə marağı tədricən arta bilər. Bu da daha fərdi və istəyə uyğun layihələrin həyata keçirilməsinə olan ehtiyacla bağlıdır. Eyni zamanda texnologiyanın inkişafı ilə daha sürətli, səmərəli və dayanıqlı tikinti üsullarının meydana çıxacağı gözlənilir. Bu da gələcəkdə tikintini yenidən trend halına gətirə bilər.

Müsahibə üçün sağ olun.                  

Elnurə CƏFƏROVA

Nəşr edilib : 03.08.2025 11:35