Dövlət ümumi təhsil müəssisələrində müəllimlərin 8...
16:21 21.09.2026
0
0
0
NAXÇIVAN :
21 Sentyabr 2026, Bazar ertəsi
SMM mütəxəssisi trendlə yanaşı, tarixi də bilməlidir
Sosial media marketinqi müasir biznesin və rəqəmsal dünyanın ən dinamik, eyni zamanda ən çox müzakirə olunan sahələrindən birinə çevrilib. Bir vaxtlar, sadəcə, səhifə idarəçiliyi kimi baxılan bu peşə, bu gün brendlərin bazardakı mövqeyini müəyyən edən strateji qüvvələrdən biridir. Artıq 6 ildir, SMM üzrə mütəxəssis kimi fəaliyyət göstərən müsahibimiz Fərid Ağazadə ilə bu sahənin mahiyyəti, gənclərin bu peşəyə marağı, qarşılaşdıqları çətinliklər və rəqəmsal dünyanın görünməyən tərəfləri haqqında ətraflı söhbət etdik.
Fərid Ağazadənin fikrincə, müasir dövrdə hərbi terminologiya ilə desək, SMM marketinqin “minaatan batareyasıdır”. O qeyd edir ki, satışı birbaşa həyata keçirən, rəqiblərlə mübarizədə mühüm rol oynayan və marketinq komandasının fəaliyyətini dəstəkləyən əsas qüvvələrdən biri məhz SMM-dir. Onun sözlərinə görə, yeni yaranan peşələr arasında bu sahənin geniş yayılması təsadüfi deyil: “Sosial Media Marketinqi ifadəsinin qısaldılmasından yaranan “SMM” anlayışı daim genişlənən rəqəmsal dünyanın mühüm istiqamətlərindən birini əhatə edir. Bu sahədə fəaliyyət göstərən şəxslər isə SMM menecer və ya SMM mütəxəssisi kimi tanınırlar. Bu sahə son 8 ildir ki, Azərbaycanda korporativ lüğətə daxil olsa da, bir fəaliyyət kimi tarixi daha əvvəllərə dayanır. Səhifə admini, moderator kimi vəzifələr zamanla təkmilləşərək, peşəkarlaşaraq müasir SMM menecerlərinə çevrilib. SMM menecerin əsas işi səhifəni idarə etmək, paylaşımlar hazırlamaq, çəkilişləri təşkil etmək, qrafik dizaynerə və mobiloqrafa tapşırıqlar vermək, eləcə də reklam əməliyyatlarını həyata keçirməkdən ibarətdir. Lakin müasir texnologiya inkişaf etdikcə bu vəzifələrin çərçivəsi də dəyişir. Məsələn, 5 il əvvəl süni intellekt indiki qədər yayılmadığı üçün vizuallıq SMM sahəsində bu dərəcədə geniş yer tutmurdu”, – deyə müsahibimiz bildirir.
SMM-in ən böyük üstünlüyü geniş auditoriyadır
Mütəxəssis qeyd edir ki, sahənin ən mühüm faydalarından biri geniş istehlakçı auditoriyasına malik olmasıdır: “Bir nəfərin paylaşımı yaşından, millətindən, vəzifəsindən və sosial durumundan asılı olmayaraq, hər kəsin qarşısına çıxa bilər. Yəni SMM mütəxəssisi öz yaradıcılığını birbaşa topluma sərgiləyir. Şəxs linç də olunsa, təqdir də edilsə, bu onun iş keyfiyyəti əmsalını yüksəldir. Təəssüf ki, bu coğrafiyada qara PR anlayışı zəif olduğu üçün linç olunmağın rəqəmsal faydasının fərqində olanlar çox azdır. Əslində, linç olunmaq rəqəmsal göstəricilər baxımından təqdir olunmaqdan daha yuxarı rəqəmlərə və yüksək baxış sayılarına səbəb olur”.
Fərid Ağazadə, həmçinin vurğulayır ki, dövrdə gənclərin sosial mediadan istifadə etməsi ilə bu sahənin mütəxəssisi olmaq arasında ciddi fərq var. Onun sözlərinə görə, bu fərqi nəzərə almadan özünü SMM mütəxəssisi adlandırmaq asandır. SMM yazdıqlarınızı da qeyd edir: “Müəyyən dövrlərdə fotomodel, fotoqraf, influnser və ya bloqer olduğunu zənn edən şəxslər indi də özlərinə rahatlıqla SMM deyə bilirlər. Lakin fərq bundadır ki, fotomodel kimi təsadüfən 3 uğurlu foto çəkdirmək mümkün olsa da, peşəkar SMM kimi paylaşım hazırlamaq və reklam tənzimləmək heç bir halda təsadüfən baş verə bilməz. Peşəkar SMM həm yaradıcı, həm də produktiv olmalıdır. Sürətlə problem həll edə bilməli, yeni ideyalar verməlidir. Lazım gələndə montajçı, qrafik-dizayner, kopirayter, targetoloq, mobiloqraf və məzmun yaradıcısına çevrilməyi bacarmalıdır. Özünü SMM adlandırmaq asandır, amma SMM meydanında baş verən problemləri həll etmək kifayət qədər çətindir. Çünki SMM-in rəqibi özünün görmədiyi platforma rəhbərləridir. Edilən paylaşımlar platforma filtrindən keçəndə SMM birbaşa məsuliyyət daşıyır. Eyni zamanda SMM-in dünyagörüşü yüksək olmalıdır ki, trendləri düzgün anlaya bilsin, tarixi və siyasi səhvlər etməsin. Məzmun yarada bilmək üçün ən azından tarix, mədəniyyət, idman, kino və ədəbiyyat biliklərinə sahib olmaq vacibdir”.
Gənclər üçün nəyi cəlbedicidir?
Fərid Ağazadə deyir ki, gənclərin bu sahəni seçməsi üçün kifayət qədər əsaslı səbəblər var. Onun sözlərinə görə, gənclərin bir çoxu onsuz da internetə müəyyən məbləğ ödəyir və burada vaxt keçirirlər. Ən azından özlərinə peşə seçərək pul qazanmaq imkanı əldə edirlər. Remote, yəni uzaqdan işləyərək özləri üçün “daşınan ofis” şəraiti yarada bilərlər. Sıxıcı ofis mühiti yerinə kofeşoplar da saatlıq ofislər, hətta təbiət qoynunda işləyərək sərbəst qrafik qurmaq mümkündür. Bu sahədə təkmilləşərək başqa sahələrə keçid etmək də rahatdır. 5 il əvvəl təkcə ümumi SMM sahəsi olduğu halda, zamanla bu sənət parçalanaraq mobiloqraf, targetoloq, kopirayter, storymaker kimi peşələrə ayrılıb və vakansiyalarda öz yerini tutub.
Sahənin problemləri də az deyil
Fərid Ağazadəyə görə, sahənin ciddi mənfi tərəfləri də var: “Bəzi sahibkarlar indiki dövrdə təcrübəsiz gəncləri istismar edərək 5 nəfərin yerinə yetirdiyi iş öhdəliklərini tək bir şəxsdən tələb edirlər və lazımi əməkhaqqı təmin olunmur. Bu bəla ilə qarşılaşmamaq üçün SMM mütəxəssisləri peşəkar mentor dəstəyi alaraq iş bazarına çıxmalıdırlar. Çünki sahibkar da, gənclər də bu sahə ilə yeni tanış olur. Hər iki tərəfin hüququnu qoruyan mütəxəssis və mentorlardan məsləhət almaq olduqca vacibdir”.
Rəqəmsal dövrün tələbləri sürətlə dəyişsə də, peşəkarlıq və düzgün strategiya hər zaman öz dəyərini qoruyur. Məsələ burasındadır ki, SMM, sadəcə, sosial şəbəkədə şəkil paylaşmaqdan ibarət deyil. O, dərin bilik, məsuliyyət və davamlı özünüinkişaf tələb edən müasir bir peşə sahəsidir.
Elnurə CƏFƏROVA
Digər xəbərlər