Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyət...
14:07 12.08.2026
0
0
0
NAXÇIVAN :
12 Avqust 2026, Çərşənbə
Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST Agentliyinin Naxçıvan Regional DOST Mərkəzinin açılışı baş tutub. Müasir standartlara uyğun inşa olunan mərkəz Naxçıvanda vətəndaşlara sosial xidmətlərin daha operativ və rahat şəkildə göstərilməsini təmin edəcək.
Açılış mərasimindən sonra DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov mərkəzin yaradılmasının əhəmiyyəti, fəaliyyət istiqamətləri və vətəndaşlara təqdim olunacaq xidmətlər barədə fikirlərini jurnalistlərlə bölüşüb.
Müasir standartlara cavab verən mərkəzdə vətəndaşlara əmək, məşğulluq və sosial müdafiə sahələrini əhatə edən çoxsaylı xidmətlər təqdim olunacaq.
Fərid Məmmədov bildirib ki, DOST Agentliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı əsasında yaradılıb. Onun sözlərinə görə, agentliyin fəaliyyət istiqamətləri əmək və əhalinin sosial müdafiəsi sahəsində göstərilən xidmətləri əhatə edir: “Bunlar, əsasən, pensiya, müavinətlər, təqaüdlər, əmək münasibətləri, məşğulluq məsələləri və digər istiqamətləri əhatə edir. Agentlik Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılıb. Hazırda agentlik 15 istiqamət üzrə 164 xidmət göstərir”.
DOST Agentliyinin fəaliyyətinin miqyası barədə danışan sədr qeyd edib ki, ötən müddət ərzində milyonlarla vətəndaş agentliyin xidmətlərindən yararlanıb. Hazırda agentliyin 7 mərkəzi, 4 qəbul şöbəsi, 2 xidmət məntəqəsi və 1 “Smart DOST” xidmət məntəqəsi fəaliyyət göstərir: “Ümumilikdə, agentlik ötən dövr ərzində 4 milyon 700 mindən çox vətəndaşa xidmət göstərib. Eyni zamanda agentliyin nəzdində fəaliyyət göstərən “142” Çağrı Mərkəzi əhaliyə müxtəlif istiqamətlər üzrə xidmət göstərir. Bu günə qədər 9 milyondan çox vətəndaşımız Çağrı Mərkəzinin xidmətlərindən yararlanıb. Xidmətlərimiz mərkəzlərimizdə, təxminən, 11 dəqiqə ərzində göstərilir. Yəni vətəndaş mərkəzə daxil olduğu andan mərkəzi tərk edənədək gözləmə və xidmət müddəti birlikdə orta hesabla 11 dəqiqə təşkil edir”.
Fərid Məmmədov Naxçıvan Regional DOST Mərkəzinin yaradılmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, mərkəz Azərbaycan Prezidentinin Naxçıvana səfəri zamanı verdiyi tapşırıq əsasında yaradılıb: “Bu gün Naxçıvanda Regional DOST Mərkəzinin fəaliyyətinə başlayırıq. Bu mərkəz cənab Prezidentin 10 may 2021-ci il tarixli Naxçıvan Muxtar Respublikasına səfəri və səfər zamanı verdiyi tapşırıq əsasında yaradılıb. Mərkəzin ümumi sahəsi, təxminən, 3500 kvadratmetrdir. Mərkəz gün ərzində orta hesabla 500-600 vətəndaşa xidmət göstərəcək. Burada yüzdən çox əməkdaş fəaliyyət göstərəcək. Eyni zamanda 50-yə yaxın könüllü “Könüllü DOST” proqramı çərçivəsində müxtəlif subproqramlar üzrə vətəndaşlara dəstək göstərəcək”.
Mərkəzin texniki və funksional imkanlarından söz açan DOST Agentliyinin İdarə Heyətinin sədri burada sosial xidmətlərin müxtəlif istiqamətlərinin bir məkanda cəmləşdirildiyini diqqətə çatdırıb: “Mərkəz müasir konstruktivlik üslubunda dizayn olunub. Mərkəzin bütün mühəndis sistemləri kifayət qədər müasir və yüksək səviyyədə layihələndirilib. Mərkəzdə, eyni zamanda Tibbi-Sosial Ekspertiza Komissiyası və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin otağı da fəaliyyət göstərəcək. Burada 15 istiqamət üzrə 164 xidmət göstəriləcək. Bu xidmətlər həm sosial müdafiə, həm məşğulluq, həm də əmək münasibətləri sahələrini əhatə edəcək”.
Fərid Məmmədov yeni mərkəzin Naxçıvanda qeydiyyatda olan vətəndaşlar üçün xidmətlərə çıxışı daha da asanlaşdıracağını bildirib: “Biz DOST Agentliyi olaraq qeydiyyat prinsipi olmadan vətəndaşlarımıza xidmət göstəririk. Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan vətəndaşlarımıza, əsasən, elektron və onlayn formatda, eyni zamanda Çağrı Mərkəzi vasitəsilə xidmətlər göstərilirdi. Artıq bu gündən Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan vətəndaşlarımız həmin xidmətləri burada, Regional DOST Mərkəzində ala biləcəklər. Bu, vətəndaşların xidmətlərə daha rahat və operativ çıxışını təmin edəcək”.
Digər xəbərlər