NAXÇIVAN :

16 Sentyabr 2026, Çərşənbə

Fidan Hüseynova: Elmə olan sevgim məni Pensilvaniya Universitetinə apardı

...

Naxçıvan Dövlət Universiteti bu il dalbadal gələn xoş xəbərlər, xaricdə təhsil almaq hüququ qazanan və beynəlxalq layihələrdə yer alan tələbələrinin uğurları ilə tez-tez gündəmə gəlir. Bu uğurlu gənclərin sırasına Biologiya ixtisası üzrə təhsil alan Fidan Hüseynova da qoşulub. O, sərhədləri aşaraq beynəlxalq səviyyədə fərdi mentorluq əsasında elmi-tədqiqat aparmaq imkanı əldə edib.

Fidan Lumiere Tədqiqat və İnklüzivlik Fondu tərəfindən keçirilən Fərdi Tədqiqat Proqramına seçilərək 3390 ABŞ dolları dəyərində 100 faizlik tam təqaüdə layiq görülüb: “Bu uğur, əslində, təsadüfən deyil, illərdir, elmə olan sevgimin, gecə-gündüz çəkdiyim zəhmətin və bitmək bilməyən araşdırmalarımın bəhrəsidir. Tələbəlik illərimdən elmi məqalələr yazmaq, müxtəlif konfranslarda çıxış etmək mənim üçün, sadəcə, bir tapşırıq deyil, həyat tərzinə çevrilmişdi. Hətta fəaliyyətimin nəticəsi olaraq məqalələrimdən biri beynəlxalq Scopus indeksli jurnalda işıq üzü gördü. Naxçıvan Dövlət Universitetində qazandığım nəzəri bilikləri Hacettepe Universitetində keçdiyim praktiki laboratoriya dərsləri ilə zənginləşdirməyim isə bir tədqiqatçı kimi möhkəm təməl atmağıma böyük kömək etdi”.

Proqram çərçivəsində Fidan öz fərdi elmi layihəsini dünyaca məşhur Pensilvaniya Universitetində Dr. Elizabeth Hellerin laboratoriyasının istiqamətləri üzrə işləyəcək. Bu yolda ona həmin laboratoriyanın tədqiqatçısı Kiara Liz Rodriguez mentorluq edəcək. Fidanın araşdırmasının ana xəttini isə genetika, gen tənzimlənməsi, epigenetika, immunologiya və xəstəliklərin molekulyar mexanizmləri təşkil edir: “Bu sahəyə bu qədər dərin maraq göstərməyimin əsas səbəbi onun insan həyatı üçün daşıdığı həyati roldur. Çünki kiçik bir genetik dəyişikliyin belə bir insanın bütün yaşamını və sağlamlığını kökündən necə dəyişə bildiyini görmək insanda böyük bir maraq və məsuliyyət hissi yaradır. Müasir tibbdə bir çox genetik xəstəliklərin müalicəsi hələ ki, qalıcı deyil; mövcud üsullar daha çox simptomları nəzarətdə saxlamağa və ya xəstəliyin gedişatını zəiflətməyə yönəlib. Amma inanıram ki, gen mühəndisliyi və gen terapiyası inkişaf etdikcə xəstəliyin, sadəcə, əlamətləri ilə mübarizə aparmaq əvəzinə, birbaşa onun genetik mənbəyinə müdaxilə edib qalıcı müalicə yolları tapmaq mümkün olacaq”.

ABŞ-dəki bu fərdi proqram Fidana beynəlxalq elmi mühiti yaxından görmək, düzgün tədqiqat sualları vermək, məlumatları dərindən təhlil etmək və yazmaq bacarığını artırmaq imkanı yaradır. Gələcəkdə doktorantura təhsili almaq və müstəqil alim kimi yeni kəşflərə imza atmaq istəyən Fidan, topladığı bu dəyərli təcrübəni, sadəcə, özü üçün saxlamamaq, doğma universitetinə qayıdaraq gənc tələbələrlə bölüşmək və Azərbaycan elminə fayda vermək arzusundadır.

         Elnurə CƏFƏROVA

Nəşr edilib : 16.09.2026 17:22